Xəbər lenti

İdman 12:12 01.04.2024

Avstraliyada trans futbolçular çempion oldu, qalmaqal yarandı

Sidneydə keçirilən qadın futbol turnirində transseksual oyunçulardan ibarət komandanın qalib gəlməsi idman dünyasında gender və ədalətli oyun müzakirələrini yenidən gündəmə gətirib.

Qaynarinfo-nun məlumatına görə, transgender idmançıların bir çox sahədə qadınlarla eyni kateqoriyada yarışması, zaman-zaman mübahisələrə səbəb olur. Bu dəfə də futbol yarışlarının birində baş verənlər müzakirələri yenidən alovlandırıb.

Avstraliyada qadınlar arasında keçirilən futbol matçında beş oyunçusu transseksual olan komandanın qalib gəlməsi qalmaqal yaradıb. Hətta həmin oyunçulardan birinin rəqibin ayağını iki yerdən sındırdığı bildirilib.

"Flying Bats” dördhəftəlik "Beril Akroyd Kuboku”nda keçirdikləri bütün oyunlarda qalib gəlib. Hətta transseksual oyunçularından biri komandasının 10:0 qələbə qazandığı matçda ikiqat het-trik edib. Sidneydəki turnirin finalında isə "Flying Bats” rəqibinə 4:0 hesabı ilə qalib gələrək 1000 dollar qazanıb. 

Təşkilatçılar əvvəlcədən rəqib komandalara "Yarasalar”la oynamaqdan imtinanın intizam tədbirləri ilə nəticələnəcəyi və hətta "ayrı-seçkilik aktı" kimi qiymətləndirilə biləcəyi barədə xəbərdarlıq edilmişdi. Turnirdə iştirak edən klublardan birinin rəsmisi Avstraliyanın "Daily Telegraph” qəzetinə açıqlamasında, "Qızlarımız əylənmək üçün buradadırlar və qadınların yarışında oynamağı gözləyirlər. Onlar qarışıq yarışma üçün qeydiyyatdan keçməyiblər” - deyib. Onlar həmçinin bu futbolçulardan bəzilərinin 30 yaşında olduğu və 15 yaşlı qızlara qarşı oynadıqlarını iddia edib. Bəzi valideynlər narahatlıq keçirdikləri üçün qızlarına oynamağa icazə verməyiblər. 

Avstraliya parlamentinin üzvü Con Ruddik şəxsi "X” profilində məsələyə toxunub və açıqlamasında "Bu, təkcə ədalətli oyun məsələsi deyil. Bu həm də qadın futbolçuların fiziki təhlükəsizliyi məsələsidir. Bir neçə il əvvəl "Flying Bats"ın oyunçularından biri matçda bizim futbolçunun ayağını sındırmışdı. O, daha futbol oynamır. Bunun qarşısını almaq olardı, çünki çəkisi heç 60 kilo da olmayan oyunçum 90 kiloqram olan oyunçuya qarşı oynamalı idi” - ifadələrindən istifadə edib. Ruddik, həmçinin, ona "Yarasalar”a qarşı oynamaq istəmədiklərini söyləyən 24 oyunçunu itirməsindən də şikayətlənib.

Transgender mövzularında kampaniyalar aparan "Binary Australia”dan olan Kirrali Smit isə ölkənin idman liderlərini, o cümlədən "Football NSW”nin regional qurumunu qorxaqlıqda günahlandırıb. Dünyanın ən böyük LGBTQIA+ qeyri-binar və qadın futbol klubu olması ilə öyünən "Flying Bats”ın prezidenti Yen Peden "Daily Mail Australia”ya açıqlamasında, "Bir klub olaraq inklüzivliyi qətiyyətlə müdafiə, təhlükəsiz, hörmətli, ədalətli oyunu, LGBTQİA+ oyunçuları, rəsmiləri, həmçinin azarkeşləri dəstəkləyən icmanı və idmanda iştirakın, xüsusən də təcrid olunmuş şəxslər üçün gətirdiyi əhəmiyyətli fiziki, sosial, psixoloji sağlamlıq faydalarını təbliğ edir. LGBTQIA+ icmasının üzvləri ilə fəxr edirik. Biz  bütün oyunçularımızı eyni dərəcədə qiymətləndirən klubuq”.
 
Səbuhi Həsənov
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->