Xəbər lenti

Axund və çox sayda dindar cərimələndi (FOTOLAR)
Ölkə09:53 30.08.2020

Axund və çox sayda dindar cərimələndi (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ceyranbatanda Aşura mərasimi keçirmək istəyənlər xüsusi karantin rejimini pozublar. 
DİN-nin Mətbuat Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, Abşeron rayonu Ceyranbatan qəsəbəsi ərazisində bir qrup şəxsin "Aşura” mərasiminin keçirilməsi ilə əlaqədar məscidin qarşısına toplaşdıqları müəyyən olunub.
Həmin şəxslər ümumilikdə 29 nəfər, həmçinin Ceyranbatan məscidinin axundu Kazım Əyyubov ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılaraq Polis İdarəsinə gətiriliblər.
Polis Bölməsində onlarla izahedici söhbətlər aparılıb. Xüsusi karantin rejimi qaydalarını pozaraq sosial məsafəni gözləmədiklərinə görə 29 nəfər barəsində inzibati protokollar tərtib olunaraq hər biri cərimə olunub.
Qeyd edək ki,saxlanılan şəxslər arasında mülki öhdəliklərini yerinə yetirmədiyi üçün axtarışda olan Abşeron rayon sakini Novruz Aslanov da olub.
Xüsusi karantin rejiminin tələblərini pozaraq Qubaya gizli yollarla "Aşura” mərasiminə dəstək məqsədi ilə Masallı və Lənkəran rayonlarından gələn dindarlar da polis tərəfindən saxlanılıblar.
Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman karantin qaydalarını pozaraq Qubada yerləşən Zərdabi və Hacı Cəfər məscidlərində "Aşura” məclisi keçirmək üçün dəstək olmağa gələn iki şəxsi aşkar ediblər.
Onların Masallı rayon sakini Samir Hüseynli və Lənkəran rayon sakini Arif Hüseynov olduqları məlum olub. 
Qaydalarını pozan A.Hüseynov və S.Hüseynli barəsində qanunauyğun tədbirlər görülüb və onlar 10 sutka inzibati həbs ediliblər.
Lerikdə də "Aşura" mərasimi keçirmək istəyənlər saxlanılıb. Rayonun Cəngəmiran kəndi ərazisində bir qrup şəxsin "Aşura” mərasimini keçirmək üçün məscidin qarşısına toplaşmaq istədikləri müəyyən olunub. Onlar ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılaraq Lerik Rayon Polis şöbəsinə gətiriliblər.
Polis şöbəsində onlarla izahedici söhbətlər aparılıb. Xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 5 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq cərimə olunublar. Bir nəfər barəsində toplanmış materiallar isə baxılması üçün Rayon Məhkəməsinə göndərilib
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları isə xidmət aparan zaman dini məclislərin keçirilməməsi ilə əlaqədar edilən xəbərdarlıqlara baxmayaraq bir qrup şəxsin şəhər ərazisində yerləşən parkların birində "Aşura" mərasimini keçirməyə cəhd etməsini aşkarlayıblar.
Şöbə əməkdaşları tərəfindən mərasimin keçirilməsinin qarşısı alınıb və orada olan 19 nəfər Polis Şöbəsinə gətirilib. Karantin qaydalarını pozan həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.
Bakının Binəqədi, Xəzər və Nərimanov rayonlarında da mərasimlərin keçirilməsinin qarşısı alınıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlər, o cümlədən dini ayinlərin keçirilməsi və ictimai və digər yerlərdə şəxslərin 5-10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib, məscidlərin fəaliyyəti dayandırılıb.
Bundan əlavə Daxili İşlər Nazirliyi tərəfindən vətəndaşlara cari ilin avqust ayının 21-dən başlayan Məhərrəm ayı, o cümlədən "Aşura" günü ilə əlaqədar məscidlərdə, ziyarətgahlarda və digər ibadət yerlərində, eləcə də ayrı-ayrı evlərdə toplaşaraq mərasimlərin keçirilməsi yolverilməz olduğu və bu məhdudiyyətlərin yalnız əhalinin sağlamlığını qorumaq məqsədi daşıdığı bildirilib.
Buna baxmayaraq  mövcud  qaydaları kobud şəkildə pozan vətəndaşlara rast gəlinib.
Belə ki, avqustun 30-da Binəqədi rayonu ərazisində bir qrup şəxsin "Aşura” mərasiminin keçirilməsi ilə əlaqədar müxtəlif ünvanlarda toplaşdıqları müəyyən edilib, onlar ərazidə xidmət aparan Binəqədi RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölmələrinə gətiriliblər. Onlarla izahedici söhbətlər aparılıb. Xüsusi karantin rejimi qaydalarını pozaraq sosial məsafəni gözləmədiklərinə görə 9 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati protokol tərtib olunaraq hər biri 200 manat məbləğində cərimə olunub.
Həmin gün eyni hadisəyə Xəzər və Nərimanov rayonlarında da rast gəlinib. Rayonlar ərazisində bir qrup şəxsin "Aşura” mərasiminin keçirilməsi ilə əlaqədar toplaşdıqları müəyyən olunduğundan onlar ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılaraq ərazi üzrə polis bölmələrinə gətiriliblər.
Onlarla izahedici söhbətlər aparılıb. Xüsusi karantin rejimi qaydalarını pozaraq sosial məsafəni gözləmədiklərinə görə ümumilikdə 22 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati protokollar tərtib olunub.