Ölkə 15:18 19.04.2023

AY Partiya gəncliyindən maraqlı aksiya: "Türk milli kimliyini şüurlara həkk edək"

Azərbaycan Yüksəliş Partiyasının Gənclər Təşkilatı Azərbaycan Cümhuriyyətinin yaranmasının 105-ci ildönümündə maraqlı bir aksiyaya start verib.
 
"Qaynarinfo" xəbər verir ki, təşkilat aksiyanı partiyanın milli və ideoloji fəaliyyətinin tərkib hissəsi olaraq ictimaiyyətə elan edib. 

Partiyanın Gənclər Təşkilatının sədri Nəzrin Şahsuvarlının bu barədə müraciətində deyilir: 

"Milli kimlik nədir? Milli kimlik: ailədir, damarımdakı qandır, mənəm, adımdır, soyadımdır.

Cümhuriyyətimizin quruluşunun 105-ci ildönümündə "AY Partiya gəncliyi: Millətimizin adı türk, dili türk!” şüarını qəlblərə daşımaqla ölkəmizdə milliyyətçi şüurun yox edilməsinə qarşı aparılan oyunlara qarşı çıxıb, türk milli kimliyini şüurlara həkk edib, millət-dövlət birliyini həyata keçirməliyik. 100 il öncə milli düşüncəni qəbul etməyən bizim bəşəriyyətçilərin (oxu kosmopolit) sayəsində Rusiya bolşevikləri 27 aprel işğalını gerçəkləşdirdi.

Tək yolumuz milli dəyərləri ayaqlar altına almaq istəyənlərin önündə durmaqdır. 

Biz də AY Partiya gəncləri olaraq, önəmli bir aksiya başladırıq. Təşkilatımızın üzvləri başda olmaqla, bunun bütün gənclərimizdə təsiredici rolunun olacağını düşünürük. Düşünürük ki, ilk olaraq, rus mənşəli "ov-a”, "yev-a” soyad sonluqlarından imtina edərək, mesaj verməliyik. 

Gəlin, üzərimizdə olan bütün xarici təsirlərdən qurtulaq, milliləşək , güclənək, yüksələk, dəyişək!"