Siyasət 16:05 25.11.2022

AY Partiya rəsmiləri İraq türkmənlərinin Türkiyədəki nümayəndələri ilə görüşdü (FOTO)

Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) rəhbərliyinin Türkiyə səfərində növbəti görüşü İraq Türkmən Cəbhəsi və Kərkük Kültür Dərnəyində olub.  

Qaynarinfo xəbər verir ki, təşkilatın Türkiyə təmsilçisi Kutluhan Yayçılı ilə görüşən heyət üzvləri bölgədə gedən proseslərə diqqət çəkiblər. Kutluhan Yayçılı İraq türklərinin səsinin dünyaya çatdırılması üçün fəaliyyət göstərdiklərini dilə gətirib, Türkiyə və Azərbaycan kimi digər türk dövlətlərinin də bu sahədə aktivlik göstərməsinə ehtiyac olduğunu vurğulayıb.

Başqanlıq Heyətinin üzvləri Aqil Dadaşzadə, Vasif İsmayıl, Rəşad Bakuvi, Aynur Qəzənfərqızı və Gülşən Hacıyeva daha sonra Dərnəyin Başqanı, jurnalist-yazar Şəmsəddin Kuzəçi ilə görüşüblər. 

Görüşdə Kərkük türklərinin hazırkı durumu, problemləri, üzləşdikləri basqılar, təşkilatlanmaları barədə danışılıb, Türk Dünyası birliyinə daxil olan ölkələrin əlaqələrindən söhbət açılıb. 

Həmçinin AY Partiyanın Kərkük və dünyanın müxtəlif yerlərində yaşayan türklərin hüquqlarının müdafiəsi istiqamətində gördüyü işlərdən bəhs edilib. 

Hər iki təşkilat rəhbərinə AY Partiya Başqanı Anar Əsədlinin hədiyyəsi təqdim olunub.