(Yazı "Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusu üzrə hazırlanıb)
Azərbaycanda qədim tarixə malik olan sahibkarlıq fəaliyyəti böyük inkişaf yolu keçib. Ölkənin təbii sərvətləri həm xarici iş adamlarının ölkəyə gəlməsinə, həm də yerli sahibkarlığın inkişafına əvəzsiz şərait yaradıb.
Azərbaycanın ən qiymətli sərvətlərdən olan neft ölkəsi olduğunu bütün dünya bilir. Məhz bu səbəbdən də xarici iş adamlarının Azərbaycana marağı getdikcə artır, xarici sərmayənin ölkəyə axını davam edir. Ayrı-ayrı ölkələrdən gələn sahibkarlar müxtəlif sahələrə sərmayə qoymaqla sahibkarlığın inkişafına zəmin yaradırlar.
Azərbaycanda aqrar sahənin inkişafı da sürətlənib, iri fermer təsərrüfatları yaranıb. Aqrar sahədə üzüm istehsalı da mühüm yer tutur. Məhz yeyinti sənayesinin əsas sahələrindən olan şərabçılıq, spirt və konyak istehsalı geniş vüsət alıb. Azərbaycanın sahibkarlıq tarixində ipəkçiliyin inkişafı da mühüm yer tutur.
Bəs, işğaldan azad olunmuş rayonlarda azad sahibkarlığı necə inkişaf etdirmək olar? Xarici şirkətlərin diqqətini həmin bölgəyə çəkmək üçün hansı addımlar atılmalıdır?
Milli Məclisin deputatı Vüqar Bayramov Qaynarinfo-ya açıqlamasında bildirib ki, işğaldan azad olunan ərazilərə investorların cəlb edilməsi bu gün iqtisadi siyasətin əsas prioritet məsələlərindən biridir:
"Praktik olaraq 2023-cü ildə qüvvəyə minən yeni Vergi Məcəlləsinə edilən dəyişikliklərdə işğaldan azad olunmuş ərazilərimizə sərmayənin cəlb edilməsi əsas hədəflərdən biri oldu. Bu baxımdan da işğaldan azad olunan ərazilərimizdə fəaliyyət göstərən sahibkarlarlar üçün geniş müqyaslı güzəştlər tətbiq edilib. Məsələn, bu güzəştlərə gəlirin mənfəət, əmlak, torpaq vergisindən azad olunması kimi istiqamətlər daxildir. Bu da eyni zamanda nəticədə həmin ərazilərimizə investisiyanın cəlb edilməsinə təşviq edir. Ona görə də təşviq paketi artıq yanvarın 1-dən qüvvədədir. Bu da təbii ki, təşviq paketi vasitəsi ilə daha çox investisiyanın işğaldan azad olunan ərazilərimizə cəlb edilməsinə imkan yaradacaq”.
Vüqar Bayramov hesab edir ki, yalnız yerli deyil, eyni zamanda xarici investisiyanın həmin ərazilərə cəlb edilməsi prioritetdir:
"Hazırda xarici investisiyanın Azərbaycana cəlb edilməsi istiqamətində də işlər görülür. Nəzərə alsaq ki, Qarabağ və Şərqi Zəngəzura investisiya qoymaq istəyən və bu məqsədlə müraciət edən şirkətlərin də sayı çoxdur. Xüsusən də yalnız qardaş Türkiyə, eyni zamanda Avropa ölkələrindən işğaldan azad olunmuş ərazilərdə investisiya qoyuluşunda iştirak etmək istəyən şirkətlərin sayı çoxalır”.
Deputatın fikirincə, bərpa və yenidənqurma mərhələsindən sonra praktik olaraq Qarabağ və Şərqi Zəngəzurda daha çox yerli və xarici investisiya hesabına iqtisadiyyatın formalaşması və reinteqarsiyasını müşahidə edəcəyik:
"Ona görə də həm iqtisadiyyatın formalaşması, həm də Azərbaycan iqtisadiyyatının reinteqrasıya prosesinin sürətlənməsi üçün də yeni təşviq paketi mühim rol oynayacaq. Bu da imkan verəcək ki, daha qısa müddətdə Qarabağ və Şərqi Zəngəzurun bərpa və yenidənqurması mümkin olsun”.
Bahar Rüstəmli
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
Şərhlər