Xəbər lenti

AZAL-ın futbolçusunun 2 pasportu var - Hansı düz, hansı səhvdir?
İdman12:25 21.12.2016

AZAL-ın futbolçusunun 2 pasportu var - Hansı düz, hansı səhvdir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

AZAL futbol klubu "Xəzər Lənkəran"ın sabiq oyunçusu Sadio Tunkaranın adını Peşəkar Futbol Liqasına (PFL) daxil edə bilib.

Qaynarinfo.Az xəbər verir ki, malili futbolçu ilə hələ dekabrın 1-də "6 ay + 1 il" sistemi üzrə müqavilə bağlansa da, onun çempionatın iştirak ərizəsinə salınması məhz indi baş tutub. Gecikməyə səbəb onun sənədlərinin gec gəlməsi ilə bağlı idi.

Yeri gəlmişkən, Tunkara ilə bağlı maraqlı bir fakt öyrənmişik. Afrikalı futbolçunun 2 pasportu var. Onun birində futbolçunun doğulma tarixi kimi 1992-ci ilin aprelin 27-si göstərilir. Digər pasportda isə 1991-ci ilin aprelin 27-si. Yəni 1 il fərq. Hansının düzgün olduğunu bilmirik. Ancaq əldə etdiyimiz məlumata görə, Malidə pasport verən qurum onun doğulma tarixində səhvə yol verib. Məhz bu üzdən Tunkara sonradan digər pasportu alıb.

Ötən mövsümün ilk yarısını "Xəzər Lənkəran"da keçirən Sadionun 2015/16 mövsümü üçün hansı pasportunun əsas kimi götürülərək PFL-ə təqdim olunmasını bilmək üçün qurumun saytına baxmaq istədik. Lakin PFL-in saytında ötən mövsümün arxivi göstərilmədiyindən, qurumun mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyevlə əlaqə saxladıq. O isə arxivin mətbuata göndərilməsinə dair icazənin olmadığını bildirdi. 

AZAL isə PFL-ə futbolçunun 1991-ci il pasportunu göndərib. Yəni, hazırda futbolçunun yaşı PFL-in iştirak ərizəsində 25-dir, 24 yox. Ancaq xarici internet resurslarına baş çəkdikdə, bu tarixin 1992-ci il olduğu görünür.

Qeyd edək ki, sağ cinah yarımmüdafiəçisi olan Sadio Tunkara "Xəzər Lənkəran"a türk məşqçi Cüneyt Biçər tərəfindən gətirilib. O, 2012-2015-ci illərdə bu klubda çıxış edib. Çıxış etdiyi 5 mövsümdə Azərbaycan klubu ilə 126 matça çıxıb və 17 qola imza atıb. O, AZAL-a qədər bu il qısa müddət Kiprin "Enosis" komandasında da oynayıb və cəmi 5 matça çıxmaq imkanı qazanıb.

Qaynarinfo.Az