
Bir neçə gündür ki, Bakıdan İstanbula uçuşlar təxirə salınır. Bu isə hər il olduğu kimi Antalyada qış təlim-məşq toplanışı keçmək istəyən futbol klublarımızın planlarına təsir etməyə bilməz.
Məsələn, "Qəbələ" klubu dünən 2 dəfə Türk Hava Yollarına (THY) məxsus təyyarə ilə İstanbula uçmağa cəhd etsə də, reys təxirə salınıb. Axırda "Qəbələ" sabah birbaşa Bakı - Antalya reysindən yararlanmaq məcburiyyətində qalıb.
Bu gün isə "İnter" və "Sumqayıt" klubları İstanbula uçmaq istəsə də, hava limanından təyyarənin uçmayacağı bildirilib. Səbəb kimi isə İstanbuldakı hava şəraiti göstərilib. Əslində isə deyildiyi kimi, hazırda Türkiyədəki hava durumu təyyarə reyslərinin uçmasını əngəlləmir. Çünki elə olsaydı, AZAL-a məxsus təyyarələr də İstanbula uçuşları həyata keçirə bilməzdi.
Qaynarinfo.Az-ın AZAL-dan əldə etdiyi məlumata görə, bu şirkətin təyyarələri gün ərzində vaxtlı-vaxtında İstanbula uçuşlarını yerinə yetirə bilir. Sadəcə səbəb burasındadır ki, klublarımız AZAL-dan yox, THY-dən istifadə etməyi məqbul bilirlər. Nəticədə də belə problemlə üzləşirlər.
Əslində THY-nin Bakıdan təyyarə uçuşlarının baş tutmamasının da əsl səbəbi İstanbula bir neçə gün əvvəl yağmış güclü qara gedib çıxır. Məlum olduğu kimi, THY dünyanın ən çox ölkəsinə reysi olan aviaşirkətdir. Lakin artıq hava limanının eniş nöqtəsi qardan təmizlənib. Yəni uçuş üçün heç bir problem qalmayıb.
Sadəcə, bu şirkət bir neçə gün əvvəl yağmış güclü qara görə təxirə salınmış uzaq səfərlərini ləğv etdirmək və buna görə çoxlu məbləğdə kompensasiya ödəmək istəmir. Bu üzdən də bütün təyyarələr Braziliya, Yaponiya, ABŞ kimi uzaq ölkələrə yönəldilib ki, təki kompensasiya ödənilməsin. Ancaq Azərbaycan, Qazaxıstan, Gürcüstan kimi ölkələrdən İstanbula uçmaq istəyən vətəndaşlara isə ya başqa reyslər təklif olunur (bununla vaxt udurlar - red.), ya da çox kiçik məbləğdə kompensasiya ödənilir.
Qeyd edək ki, "Neftçi"nin çilili hücumçusu İqnasio Errera da komandasının düşərgəsinə məhz bu səbəblərdən 4 gün gec - bazar günü axşam qoşulmalı olub.
Qaynarinfo.Az