
Bu gün "İnter" klubunun rəsmi saytı (inter.az) 3-cü dəfə yeni dizaynda ictimaiyyətə təqdim olunub. Budəfəki saytın yığılması və dizaynının müəllifi Maqsud Aydayevlə Emin Muradlıdır.
Qaynar.info xəbər verir ki, bu tədbirə media nümayəndələri və AZAL klubunun vitse-prezidenti Fikrət Hüseynov dəvət olunmuşdu.
Mətbuat nümayəndələrinin dəvət olunması anlaşılandır. Çünki saytdan daha çox azarkeşlərlə yanaşı, jurnalistlər yararlanmalı olacaq. Klub saytının təqdimatına digər klubun nümayəndəsinin dəvət olunması isə bir qədər qəribə idi.
"İnter"in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov bu haqda bunları dedi: "Klubumuzun prezidenti Rəşad Qasımov şəxsən Fikrət müəllimi bu təqdimata dəvət etmişdi. Yaddan çıxarmayaq ki, o həm də Klublar Komitəsinin sədridir. AFFA və PFL-ə də belə dəvət edilmişdi. Amma onlardan heç kim gəlmədi".
Qeyd edək ki, saytın rəsmi açılışını başında işçi dəbilqəsi ilə təqdimata gələn futbolçular - Ruslan Əmircanov, İlkin Qırtımov və Fuad Bayramov ediblər. Onlar simvolik qırmızı düyməni basmaqla yenilənmiş saytın açılışını elan ediblər.
Qaynar.info