"Azərbaycan Hava Yolları" QSC (AZAL) sərnişin təcrübəsinin təkmilləşdirilməsi istiqamətində yeni bir həlli istifadəyə verib.
Qaynarinfo AZAL-a istinadən xəbər verir ki, artıq aviaşirkətə məxsus təyyarələrin göyərtələrində ABB POS terminalları vasitəsilə əlavə xidmətlərə görə ödəniş etmək mümkündür.
Bu həll sayəsində sərnişinlər uçuş zamanı təqdim olunan əlavə xidmətlərin ödənişini bank kartı ilə sürətli və təhlükəsiz şəkildə həyata keçirəcəklər.
Yeni xidmət çərçivəsində sərnişinlər mövcudluqdan asılı olaraq, uçuş zamanı ekonom sinifdə daha rahat oturacaq seçimi, həmçinin biznes və ya premium ekonom xidmət sinfinə keçid üçün ödənişi birbaşa təyyarənin göyərtəsində edə bilərlər. Beləliklə, əlavə xidmətlərdən yararlanmaq və onların ödənişi prosesi çevik və əlçatan olur.
Yeni həll AZAL-ın sərnişin təcrübəsinin davamlı təkmilləşdirilməsi və rəqəmsal transformasiyanın inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin növbəti mərhələsidir. Aviaşirkət səyahətin müxtəlif mərhələlərində rəqəmsal həllərin tətbiqini genişləndirərək sərnişinlər üçün xidmətlərin əlçatanlığını artırmağa və geniş seçim imkanları yaratmağa davam edir.
Şərhlər