Şəkili bağbanın həyətyanı sahəsində qeyri-adi bitki növü var
Şəkili bağbanın həyətyanı sahəsində qeyri-adi bitki növü var. Allahın möcüzəsi kimi qəbul edilən bu bitki azan oxunanda çiçək açır.
Söhbət Şəki şəhər sakini Rəhim Əliyevin həyətində olan və el arasında Azan çiçəyi adlanan bu çiçəkdən gedir. El arasında azan çiçəyi adı ilə tanınan bağ çiçəyi, şam azanı oxunana yaxın tumurcuq halına gəlir. Azan oxunmağa başlayanda isə anbaan açılır. Bu çəçəyin üstü gün ərzində xırda tumurcuqlarla dolu olur. Yalnız axşam saatlarında azan oxunduğu vaxt isə, qönçələr demək olar ki, bir möcüzə kimi açılır.
Həvəskar gülçü rayon sakini Rəhim Əliyev: “Bunlar indi hazırlaşır, bir azdan azan oxunacaq. Eyni üst-üstə düşür vaxtı, bəzi adamlara maraqlı gəlir deyir ki, günorta da yanında azan oxunsa açar? Yox, bu gündə bir dəfə ancaq axşam üstü gündüz gecəyə təhvil verilən vaxtı qaş qaralan vaxtı, o da gəlir azan vaxtı ilə üst-üstə düşür. Bu özü də Allahın bir möcüzəsidir”.
Azan gülü adlanan bu çiçəyin ləçəklərinin qönçədən açılmasını lentə alarkən gözümüz qarşısında anbaan baş verən bu prosesdə deyilənlərin həqiqət olduğunun bir daha şahidi olduq.
Müsahibim deyir ki, şam azanı ilə işa azanı arasında sarı rəngdə olan çiçək, səhər günəşin çıxması ilə qırmızı rəngə boyanır. 1 metr boyundakı bitki axşam azanına qədər insana sadə, yaşılyarpaqlı ot növünü xatırladır, axşam azanı vaxtı isə bitki canlanır və qönçələrdən sarı xoş qoxulu çiçək açılır. Sabah azanı zamanı isə bitkinin çiçəyi solub tökülməyə başlayır, yəni ölür. Bu möcüzəli bitkinin adətən may ayından avqust ayının sonlarına qədər çiçək açdığını və ona xüsusi qulluq etdiyini deyən Rəhim Əliyev onu da bildirdi ki, bəziləri bu bitkini hətta insana bənzədir: Belə ki, insan da doğulduğu zaman qulağına azan sözləri deyilir, öldüyündə isə azanla torpağa tapşırılır.
ANS TV
Şərhlər