“Neftçi” rumıniyalı futbolçu Ketelin Sıre ilə müqaviləyə xitam verib. Qaynarinfo.Az xəbər verir ki, bu hər iki tərəfin qarşılıqlı razılaşması əsasında baş tutub.
Klubun icraçı direktoru Orxan Hüseynzadə bununla bağlı açıqlama verib: “Biz Katalin Tira ilə müqaviləyə qarşılıqlı razılıq əsasında təzminat ödəmədən xitam verdik. Sabah ona aylıq məvacib ödəniləcək və tərəflərin bir-birinə heç bir borcu qalmayacaq”.
Qeyd edək ki, oktyabrın 25-də "Qarabağ"la oyun zamanı "Neftçi" klubunun azarkeşlərindən biri meydana daxil olub. O, "Neftçi"nin futbolçusu Rəhman Hacıyevə narazılığını bildirib. Bundan sonra Ketelin Sıre azakeşə hücum edərək ona zərbə vurub. Futbolçu bu hərəkətinə görə 5 oyunluq cəzalandırılıb.
Bu arada "Neftçi”nin məşqçilər korpusu əsas komandanın 5 üzvünün əvəzedici heyətə göndərilməsi haqqında qərar qəbul edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, xorvat qapıçı Krşevan Santini, müdafiəçilər - braziliyalı Jairo, makedoniyalı Vançe Şıkov, xorvat Dario Melnyak və braziliyalı hücumçu Denilson əvəzedici heyətə göndərilib. Buna səbəb bu futbolçuların son oyunlarda uğursuz çıxış etməsidir.