Siyasət 10:38 03.07.2022

Azay Quliyevə ATƏT-də yenidən vəzifə verildi

İyulun 2-də Böyük Britaniyanın Birmingem şəhərində keçirilən ATƏT PA-nın 29-cu İllik Sessiyası çərçivəsində İpək Yolu Qrupunun 7-ci iclası keçirilib.

Qaynarinfo xəbər verir ki,  Azərbaycan nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti və İpək Yolu Qrupunun sədri Azay Quliyevin məruzəsi dinlənilib. Məruzədə ötən dövr ərzində qrupun çərçivəsində həyata keçirilmiş görüş və konfransların qısa xülasəsi verilib.

Toplantının davamında İpək Yolu Qrupunun sədri və 2 sədr müavinin seçkiləri keçirilib. İclas iştirakçıları Azay Quliyevi yenidən Qrupun sədri vəzifəsinə namizəd göstəriblər. Təklif səsə qoyularaq Azay Quliyev növbəti dəfə Qrupun Sədri seçilib. Qrupun sədr müavinləri vəzfilərinə isə İtaliya nümayəndə heyətinin rəhbəri Paulo Qrimoldi və Qazaxıstan nümayəndə heyətinin üzvü Aygül Kuspan seçilib.

Xatırladaq ki, qrupa 27 ölkə - İsveçrə, Fransa, Rumıniya, Ukrayna, İspaniya, Yunanıstan, Türkiyə, Qazaxıstan, İtaliya, Özbəkistan, Qırğızıstan, Macarıstan, Gürcüstan, Tacikistan, Polşa, Monqolustan, Xorvatiya, Albaniya, Serbiya, Bosniya və Herseqovina, Bolqarıstan, Avstriya, Moldova, Belorus, Şimali Makedoniya və Azərbaycan nümayəndə heyətləri daxildir.