Xəbər lenti

Azər Bağırov “Neftçi”nin transferiylə bağlı: “Bu, qarpız almağa bənzəyir...”
İdman11:17 08.02.2022

Azər Bağırov “Neftçi”nin transferiylə bağlı: “Bu, qarpız almağa bənzəyir...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Premyer Liqasında ilin ilk turuna start verildi. Təbii ki, oyunlar arasında ən diqqətçəkəni dünən "Neftçi” – "Qarabağ” derbisi oldu. Cari mövsümün bütün görüşlərində "Neftçi”ni məğlub etməyi bacaran "Qarabağ” liderliyini möhkəmlətdisə, flaqman çempionluğa namizədlikdən bir addım da geri düşdü. Həm klubarın qış hazırlığı, həm də kubok və Premyer Liqanın 15-ci turunda keçirilmiş oyunlardan sonra komandaların durumu ilə bağlı mütəxəssis fikri öyrəndik. 
Azərbaycanın tanınmış mütəxəssislərindən olan, PRO kateqoriyalı məşqçi Azər Bağırov həm oyunlarla, həm də komandaların durumu ilə bağlı düşüncələrini Qaynarinfo-ya bölüşdü. Bağırov əvvəlcə "Neftçi” – "Qarabağ” matçına toxundu:
"Çox maraqlı keçdi. "Qarabağ”ın oyun tərzi demək olar, eyni qalıb. Sadəcə, ifaçılarda dəyişiklik var. Ümumilikdə "Qarabağ” ilk hissədə meydançada dominantlıq etdi. İkinci hissənin sonlarına yaxın "Neftçi” üstünlüyü ələ almşdı. Amma lazımi qolu əldə edə bilmədilər. "Neftçi”dəki dəyişikliklərlə bağlı problemlər var. "Qarabağ”da böyük dəyişikliklər edilməyib. Ona görə də stabilliyi qoruyub saxlaya biliblər. "Neftçi”də isə mərkəz xətdə bir neçə futbolçu komandadan uzaqlaşdı və əvəzinə yeniləri gəldi. Onların uyğunlaşmasına vaxt lazımdır. Fasilədən sonra ilk oyunda "Qarabağ”la qarşılaşması da, fikrimcə, çətinliklər yaratdı. Məğlub oldular, amma mənə elə gəlir hələ çempionluq mübarizəsindən qopmayıblar. Qarşıda "Qarabağ”ın çətin oyunları var. Konfrans Liqasında çıxış edəcəklər. Məncə, "Neftçi” bu fürsətdən yararlana bilər. Öz aralarında hələ bir oyun qalıb. Digər tərəfdən, "Qarabağ” iki oyunda xal itirsə, demək olar, vəziyyət eyniləşəcək. Hərçənd "Qarabağ”dan Premyer Liqada zəif oyun gözləmirəm. Hər şey ola bilər. "Marsel”lə görüş komandadan çox güc aparacaq. Zədəlilər də ola bilər. "Neftçi” öz yoluna davam etməlidir. Komandaya gətirilən oyunçular da aşağı-yuxarı potensiallıdır”.
Mütəxəssis digər klublarımızın durumu ilə bağlı düşüncələrini də bölüşdü:
"Zirə” hələ ki, qələbələr qazanmaqda davam edir. Kubokda yaxşı təsir bağışladılar. Baxmayaraq ki, "Səbail”ə qarşı oynayırdılar. Top buraxmırlarsa, bu, komandada daxili əhval-ruhiyyənin yaxşı olmasının gösəricisidir. "Keşlə” ilə oyunda çoxlu təhlükəli vəziyyətlər yaratmalarına baxmayaraq, yalnız bir qolla kifayətləndilər. "Zirə” qış hazırlığına hamıdan tez başlamışdı. Türkiyəyə daha tez yollandılar. Çempionat və kuboku nəzərə alsaq, hələ ki, ən yaxşı göstəricilər "Zirə” və "Qəbələ”dədir. Yalnız "Qəbələ”də ehtiyat oyunçuların az olması, məncə, uzunmüddətli yarışda çətinliklər yaradacaq. Fikrimcə, "Qəbələ” Premyer Liqa və kubok arasında seçim etməli olacaq”.
Fasilə dönəmində klublarımız müxtəlif transferlər həyata keçirdi. Maraqlıdır, bunardan hansı daha çox diqqət çəkdi:
"Neftçi”yə Eddi İsrafilovun, Azər Salahlının, Azər Əliyevin transferləri daha səs-küylü oldu. Nəinki, "Zirə”, mənə görə heç "Qarabağ”ın da transferləri böyük ölçüdə bir şey deyildi. İnanıram ki, "Neftçi”nin yeni transferləri özlərini doğruldacaq. Eddi, Azər Salahlı millimizin üzvüdür. Yeni gələn Azər də rus futbolunun yetirməsidir. Emin Mahmudovdan dolayı bilirik ki, rus məktəbinin yetirmələrinə burada uyğunlaşma üçün böyük vaxt lazım deyil”.
İsrafilovun "Neftçi”yə transferi birmənalı qarşılanmadı. Bəs Bağırovun düşüncələri necədir:
"Tam razıyam sizinlə. Mən də bu transferi yaxşı qarşılamayan şəxslərdən biriyəm. Bu, subyektiv fikrimdir. Bir futbolçu kimi Eddi "Neftçi”yə lazım olacaqmı? Onun meydandakı işindən görünür ki, aqressiyası və digər yaxşı komponentləri var. Amma həmişə dediyim bir söz var. Tarnsfer məsələsi qarpıza oxşayır. Qarpızı alırsan, amma içində nə olduğunu bilmirsən. Yalnız kəsəndən sonra öyrənirsən. Məncə, Eddiyə vaxt lazım olacaq. O, özünü göstərib daha yaxşı ola bilər. Düzdür, bura gəlməsini çoxları yaxşı qarşılamadı. Onun hər hansı uğursuz çıxışı belə düşünənlərin "vulkanını püskürdə” bilər. Bu da futbolçuya mənfi təsir edər. İstərdim ki, yaxşı oyunları ilə yadda qalsın və azarkeşlər tərəfindən sevilsin”.
Səbuhi Həsənov