
Azərbaycan milli komandası futzal üzrə Avropa çempionatında çıxışını başa vurmalı olub.
Qaynar.info xəbər verir ki, Serbiyanın Belqrad şəhərində təşkil olunmuş turnirin 1/4 final mərhələsində millimiz Rusiya yığması ilə qarşılaşıb.
“Belqrad Arena”da keçirilmiş oyun rusiyalı futzalçıların 6:2 hesablı qələbəsi ilə başa çatıb. Millimizdən qolları Auqusto (7:53, 28:04), Rusiyadan isə Sergey Abramov (6:24, 25:40), Romulo (14:59) və Eder Lima (24:57, 38:33, 39:31) fərqlənib.
Qarşılaşma ilə bağlı yığmamızın ispan baş məşqçisi də fikirlərini bildirib: “İlk növbədə, Rusiya millisini qələbə qazanması və növbəti mərhələyə yüksəlməsi münasibətilə təbrik edirəm. Bu fikrimi növbəti dəfə səsləndirirəm ki, məğlub olmusansa, çox danışmaq münasib deyil. Əlbəttə, uduzmaq istəmirdik. Müəyyən epizodlarda qol vurmaq şanslarımız da oldu, lakin yararlana bilmədik. Rəqib isə təcrübəsi hesabına qələbə qazana bildi. Hesabın böyük olması isə son 2 dəqiqədə daha çox risk etməyimizlə bağlı idi”.
Qeyd edək ki, yığmamız bunadək Rusiya ilə 5 görüşdə qarşılaşmış və bu matçların 1-də heç-heçə etmiş, digərlərində isə uduzmuşduq. Bu matçdan sonra Rusiya ilə top fərqimiz daha da biabırçı duruma düşüb: 8-32.
Qaynar.info








