Ekonomiks 15:27 22.07.2022

Azərbaycan Bolqarıstanı qaz qıtlığından xilas edəcək - Ekspert

Rusiya qazına marağın azalması fonunda son zamanlar Azərbaycandan əlavə qaz istəyən ölkələrin Bakıya səfərləri intensivləşib. Belə ölkələrdən biri də Bolqarıstandır. Bu ölkənin Baş nazir Kiril Petkov dünən Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə ölkəsinin ehtiyacları üçün qazın əlavə həcmi ilə bağlı məsələləri müzakirə edib. 

Bolqarıstanın qaza olan illik tələbatı 3 milyard kubmetrdir. Onun əsas hissəsinə son zamanlara qədər Rusiyadan alırdı. Lakin cari ilin aprel ayının 27-dən Rusiyanın qaz ixracını dayandırması ilə Bolqarıstan həmin ölkənin qazından məhrum olub. Keçən il Bolqarıstan Azərbaycandan 280 mln. kubmetr qaz idxal edib. Bu ilin birinci yarısında isə Bakıdan cəmi 160 mln. kubmetr alıb. Amma iyuldan TAP-a birləşdirici kəmər İGB-nin istismara verilməsi ilə əlaqədar bu il alınacaq həcm 600 mln. kubmetrə qədər artırılacaq. 

Bolqarıstandan olan mənbələrin məlumatına görə, rəsmi Sofiya Azərbaycandan alınacaq qazın həcmini 2 milyard kubmetrə çatdırmaq arzusundadır. Yəni, öz ehtiyacının 65 faizini məhz Azərbaycanın hesabına ödəməyi düşünürlər.

Bakı Sofiyanın bu arzusunu gerçəkləşdirəcəkmi? 

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən neft-qaz məsələləri üzrə ekspert İlham Şaban bildirir ki, Azərbaycanın Bolqarıstanın həmin istəyini qarşılayacaq:


 
"Hər iki tərəfin bir-birilə münasibətləri hər zaman yüksək səviyyədə olub. İqtisadi əlaqələr isə siyasi münasibətlər səviyyəsindən aşağıdır. Bununla belə, iqtisadi əlaqələrin genişləndirilməsinə istəyin olduğunu da görürük. Bu baxımdan, Bolqarıstanın  Azərbaycandan qaz almaq istəyi və ölkəmizin genişləndirilmiş Cənub Qaz Dəhlizi layihəsində bu ölkəyə qaz həcmini iki dəfəyə qədər artırması prinsipcə mümkündür.

Sofiya Bakıdan gələn il üçün bir milyard kubmetr qaz alacaq. 2  milyard kubmetr qazı isə Cənub Qaz Dəhlizi genişləndiriləndə alacaq. Azərbaycan TAP-ın tikintisi zamanı 2013-cü ildə öhdəlik götürüb ki, kəmərin buraxılış gücünü 10 milyard kubmetr diametrində yox, 20 milyard kubmetr gücünə qədər qaldıracaq. Bu da onu göstərir ki, Bakı Bolqarıstanın istəyini həyata keçirməkdə hər hansı bir çətinlik çəkməyəcək. Azərbaycanın təkcə 350 milyard kubmetrlik qaza malik "Abşeron” yatağı var”.

Rüfət Sultan