
Məlum olduğu kimi, futzal üzrə yığmamız ilk dəfə Kolumbiyada keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.
Qaynar.info xəbər verir ki, sentyabrın 10-dan oktyabrın 1-dək Kolumbiyanın Kali, Medelyin və Bukaramanqa şəhərlərində keçiriləcək mundiala vəsiqə qazananlardan artıq bəziləri bəllidir.
Cənubi Amerikadan meydan sahibi Kolumbiya, son çempion Braziliya, həmçinin Argentina, Paraqvay, Asiyadan Özbəkistan, İran, Tailand, Avstraliya, Vyetnam və Okeaniyadan Solomon adaları vəsiqə qazanıb. Dünən isə Avropa zonasında keçirilən 6 oyunla bu komandalar vəsiqə qazanıb:
Azərbaycan - Hollandiya 4:4 (ilk oyun - 5:1)
Qazaxıstan - Polşa 7:0 (1:1)
Rusiya - Belarus 2:2 (4:1)
Ukrayna - Slovakiya 5:1 (6:0)
Portuqaliya - Serbiya 2:1 (2:1)
İspaniya - Sloveniya 5:1 (0:1)
Sonuncu Avropa yığması bu gün müəyyənləşəcək. İlk oyunda 3:0 qələbə qazanmış İtaliya yığması Bakı vaxtı ilə saat 22:30-da Macarıstanla görüşəcək. Digər 6 komandadan 3-ü Afrika, 4-ü isə Şimali/Mərkəzi Amerika və Karib hövzəsi təmsilçiləri olacaq. Püşkatma mərasimi Kolumbiyanın 2-ci böyük şəhəri olan Medelyində baş tutacaq. Bu, mayın 19-da olacaq.
Qaynar.info