
Bir neçə gün öncə ANS ÇM radiosunda səsləndirilən erməni mahnıları qalmaqala səbəb olmuşdu. Demək olar ki, əksəriyyət bu addımın çox ciddi yanlış olduğunu bildirmişdi.
Bunun Azərbaycan xalqı üçün həssas mövzusu olduğundan şəhərdə sadə vətəndaşlar arasında sorğu apardıq.
Vətəndaşlara bununla bağlı iki sual ünvanladıq: Azərbaycanın televiziya və radiolarında erməni mahnısının səsləndirilməsinə münasibətiniz necədir? Erməni mahnısı bilirsinizmi?
Vasif Həsənli Azərbaycan televiziyasında, radiosunda erməni mahnısının verilməsini normal qəbul etmədiyini dedi: “ANS ÇM-in “Top-20”-də erməni musiqisi verməyini normal qarşılamıram. Birincisi ona görə ki, Çingiz Mustafayevə görə ANS ÇM-in platformasında patriotik mahnılara daha çox üstünlük verilməlidir. İkincisi də ortada Qarabağ mövzusu olduğundan erməni mahnısı verib də, “biz Qafqaz xalqlarıyıq, sülh içində yaşamalıyıq” deyilməsini ən azından normal qarşılamıram. Bunu qarabağlılara hörmətsizlik kimi saymaq olar. Özü də Çingiz Mustafayevin qardaşının idarə etdiyi bir teleradio şirkətində bu halın yaşanması heç də doğru deyil”.
Müsahibimiz “heç erməni mahnısı bilirsinizmi” sualına isə “yox, heç bir erməni mahnısı bilmirəm” deyə cavab verib.
Digər gənc Vüqar Həsənli belə bir şeyin yolverilməz olduğunu dedi: “ Bu, əslində səhvdir. Erməni mahnısı Azərbaycanda niyə verilməlidir ki? Yəqin ki, Azərbaycan mahnısı olsa, daha yaxşı olar. Erməni mahnısı da bilmirəm, nəyə lazımdır ki, bilmək? Azərbaycanlıyıqsa, Azərbaycan mahnılarını bilməliyik”.
Gənc Kamil İlyasov ümumiyyətlə, ermənilərlə bağlı məlumatın verilməsini normal qarşıladığını bildirdi: “Biz Ermənistanla müharibə şəraitində yaşayan bir ölkədəyik, onlarla döyüş şəraitindəyik. Amma onlar haqqında məlumat verilməsi, onların adətlərinin öyrənilməsi yaxşıdır. Amma televiziyalarda, radiolarda erməni mahnılarının verilməsinu, təbliğ edilməsini düzgün hesab etmirəm. ”
Avtoyumada çalışan Taleh Qədimovun isə sualımıza reaksiyası belə oldu: “Erməni mahnısının televiziyada, radioda verilməsinə çox pis baxıram ”. Onun erməni mahnısı bilməsinə gəldikdəsə, sualımıza maraqlı cavab verdi: “Erməni mahnısı? Niyə bilmirəm ki, bilirəm”.
Qarabağ müharibəsini xatırlayan, həmin dövrdə yaşayan insanların da münasibətini öyrəndik. Onlar ANS ÇM-in bu addımını, ümumiyyətlə ermənilərlə bağlı istənilən məlumatın Azərbaycanda getməsini, təbliğini qətiyyətlə pislədilər.
Telman Ağaşirinov ermənilərin həmişə Azərbaycan mahnılarını özəlləşdirdiyini dedi: “Çox pis baxıram. Azərbaycandırsa, Azərbaycan mahnılarına daha çox üstünlük verilməlidir. Erməni mahnısı bilmirik, heç bunun arzusunda da olmamışıq. İndi eşidirik ki, ermənilər Azərbaycan mahnılarını dəyişib, özününkləşdirirlər. Bu halda bizimkilər gərək belə etməyəydilər”.
Digər vətəndaş Səftər Həbibullayev: “Mənə elə gəlir ki, yox, normal deyil. Erməni mahnısını heç eşitməmişəm, bilmirəm, maraqlı da gəlmir”.
Cəbrayıl köçkünü Şirməmməd Ağayev torpağı işğal altında olduğuna görə bu mövzunun onun üçün ən yaralı yeri olduğunu dedi: “Birincisi, ermənilər bizim düşmənimizdir, torpaqlarımızı işğal ediblər. 100 ildən artıqdır ki, bizimlə vuruşur. Belə bir dövlətlə, belə bir xalqla, belə bir millətlə yaxınlıq etmək, mənim üçün çox pisdir. Əgər ortada ədavət varsa, bir yolluq ədavət də olmalıdır. Ermənilər uzun müddət bizimlə müharibə aparıblar, torpaqlarımızı əlimizdən alıblar, qız-gəlinlərimizi əlimizdən alıblar, bizim şəxsiyyətimizə toxunublar, bizim oğlan-qızlarımızın hamısını şikəst ediblər, Bundan əlavə, dədə-baba torpaqlarımız onların əlindədir. Mən özüm Cəbrayıl köçkünüyəm. Atam, anam yadıma düşəndə qəhərlənirəm, mən o torpağa qayıtmaq, atamın, anamın qəbrini ziyarət etmək istəyirəm. Mən o torpaqda dünyaya gəlmişəm, öz torpağıma, yerimə-yurduma getməliyəm. Bu dəqiqə mən bunun həsrətini çəkirəm. Ermənilər bu yeri, yurdu mənim əlimdən alıb. Vətən nədir? Vətən insanın doğulduğu yerdən başlamalıdır. Təbii ki, Azərbaycanın hər yeri bizim vətənimizdir, amma insanın birinci vətəni onun doğulduğu yerdir. Mən hələ 21-ci ildir ki, ağıma su almıram, mənə öz torpağımın suyu, havası lazımdır. Bunu Allah bizə verib. Təəssüflər olsun ki, ermənilər bunu bizim əlimizdən alıb. Heç məni erməni mahnısı maraqlandırmır, niyə də maraqlandırmalıdır ki... “Erməni” ifadəsi dilimə belə gətirə bilmirəm, gətirmək də istəmirəm”.
Qulu Soltanlı isə düşünür ki, erməni mahnıları Azərbaycanda təbliğ olunur: “Mənim buna münasibətim çox pisdir. Bizim yaxşı Azərbaycan musiqimiz var. Bizə düşmən olan ermənilərin musiqisi niyə Azərbaycanda təbliğ olunmalıdır? Erməni mahnısı bilmirəm, özüm şimal zonasındanam. Ona görə də mənim ermənilərlə də heç bir əlaqəm olmayıb, əvvəldən də bu xalqa heç hörmətim də olmayıb. Xəbis, ikiüzlü, satqın, öz mənafelərini güdən millətdir”.
Özünü təqdim etmək istəməyən ağsaqqal isə suallarımızı belə cavablandırdı: “Mən bunun əleyhinəyəm. Erməni mahnısı da bilmirəm, Allah eləməsin. Bizim o qədər gözəl mahnılarımız var ki, nəyə lazımdır, onların mahnısını bilmək”.
Etibar Qurbanov ANS-in erməni mahnısını verməkdə əsas məqsədini dedi: “Düzdür, erməni mahnısını verməyi əlaqələndirirlər ki, guya dünyaya çatdırmaq istəyirlər ki, bizim xalq geri qalan, ermənilərin dediyi kimi vəhşi xalq deyil. Məqsəd bu idi. Bizimkilər də bunu birmənalı qarşılamadı. İnsanlar düşünürlər ki, bir halda ki, ermənilər bizim camaatın başına bu qədər faciələr törədibdir, onların nəinki mahnısını təbliğ etmək, hətta onlarla heç yaxınlıq etmək belə düzgün deyil”.
Şəhərdə apardığımız sorğu ilə bağlı sonda qəzetimizin gənc jurnalisti Cavanşir Abbaslı da öz fikirlərini bildirdi: “Erməni mahnısının Azərbaycanın özəl bir televiziyasında verilməsi yolverilməz haldır. Çünki Kəlbəcər, Şuşa kimi rayonlarımızın işğal olunmuş ərəfələrində erməni mahnısının verilməsi ən azından Azərbaycan xalqına ən böyük təhqirdir”.
musavat.com