Ölkə 16:55 29.07.2022

Azərbaycan elminə böyük itki üz verib

Azərbaycan elminə böyük itki üz vermişdir.

Qaynarinfo-nun verdiyi xəbətə görə, AMEA Polimer Materialları İnstitutunun alimi, kimya elmləri doktoru Oqtay Abdıyev dünyasını  dəyişmişdir. 

Oqtay Bahadur  oğlu  Abdıyev 1939-cu ildə Tovuz rayonunun Köhnəqala kəndində ziyalı ailəsində anadan olmuşdur. O, 1965-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini "Üzvi kimya” ixtisası üzrə bitirmişdir. 1967-1971-ci illərdə AMEA Polimer Materialları İnstitutunda qiyabi aspirant olmaqla yanaşı mühəndis vəzifəsində çalışmışdır. Həmin institutda 1971-1980-ci illərdə kiçik elmi işçi, 1980-2004-cü illərdə isə böyük elmi işçi vəzifəsində çalışmışdır. 2004-cü ildən 2022-ci ilədək aparıcı elmi işçi, laboratoriya rəhbəri və bir çox elmi vəzifələrdə çalışmışdır. 

Oqtay Abdıyev Azərbaycan Neft Kimya Prosesləri İnstitutunda 1975-ci ildə "Üzvi kimya” ixtisası üzrə "Epoksisulfidlərin sintezi və bir sıra çevrilmələri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək elmlər namizədi elmi adı almışdır. 2016-cı ildə "Makromolekullar kimyası” və  "Üzvi kimya " ixtisasları üzrə "Karbonil funksiyalı yeni rasemik, optiki fəal (birgə) polimerlərin və narbornen törəmələrinin sintezi və xassələri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək kimya elmləri doktoru elmi adını almışdır. 
Alim  funksional tərkibli monomerlərin sintezi, polimerləşməsi və birgəpolimerləşməsi sahəsində tədqiqatlar aparmış və bir çox nəaliyyətlər əldə etmişdir. Elm və təcrübi məsələlərin həll edilməsi sahəsində, gənc tədqiqatçılara hər cür elmi bacarıqların əldə olunması baxımından köməklik sahəsində çox fəal iştirak etmişdir. Elmi işlərin yerinə yetirilməsi, tədqiqat işlərinin aparılması sferasında yüksək qabiliyyətli mütəxəssis olmuşdur.

Kimya elmləri doktoru Oqtay  Abdıyev  10-u müəlliflik şəhadətnaməsi olmaqla 110 elmi əsərin müəllifidir. Onların 46-sı tezis, 54-ü məqalə, 10-u isə müəlliflik şəhadətnaməsidir. Onun elmi məqalələrindən 11- i xarici ölkə jurnallarında dərc olunmuşdur. 

Oqtay Abdıyev 1967-ci ildən AMEA Polimer Materialları İnstitutunda elmi fəaliyyətlə məşğul olmuşdur. Doymamış funksional tərkibli yeni monomerlərin əlverişli sintez  metodu ilə işlənib hazırlanması, fəza quruluşlarının təyini, polimerləşmələrinin tədqiqi sahəsində tədqiqat işlərini həyata keçirmişdir. Onun elmi kəşfləri sayəsində sopolimerlərin kinetikası öyrənilmiş, sopolimerlərin mikrostrukturları alınan kəmiyyətlərdən istifadə etməklə hesablanmışdır. Kəmiyyətlər arasında meydana çıxan bir sıra asılılıqları monomerlərdəki əvəzedicilərin elektron xarakteristikalarından, molekullardakı yerlərindən və reaksiyalıarın şəraitindən asılı olma xüsusiyyətləri aşkar edilmişdir. Nəticədə yeni optiki aktiv və rasemik sopolimerlər alınmış, zərbəyədavamlı linzalar, işığa, elektron şüalarının təsirinə qarşı həssaslığa malik imkanları olan rasemik tərkibli dərman maddələrini enantiomerlərə ayırmaq qabiliyyətli absorbentlər əldə edilmişdir. Oqtay Abdıyevin digər kəşfləri əsasında karbonil tərkibli dienofillərin kondensasiyası aparılmış, alınan adduktların fəza quruluşu öyrənilmişdir.

Mərhumun ailəsinə dərin hüznlə baş sağlığı verir, doğmalarına səbr diləyirik.