Xəbər lenti

Azərbaycan kəşfiyyatı və əks-kəşfiyyatı: 1918-1920-ci illərdə - 2-ci YAZI
Ölkə17:29 27.05.2014

Azərbaycan kəşfiyyatı və əks-kəşfiyyatı: 1918-1920-ci illərdə - 2-ci YAZI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ELŞAD QOCA 

Əvvəli burada

Baş Qərargaha Ermənistandan verilən  bir çox informasiyalar «Şahzadə Məmməd» imzası ilə verilmişdir. Təbii ki, bu hansısa bir kəşfiyyatçının dəyişdirilmiş, daha dəqiq desək, kodlaşdırılmış adı idi. Və heç şübhəsiz ki, bu tipli informasiyalar Baş Qərargahın fəaliyyəti və qərarların qəbul edilməsı üçün olduqca vacib idi. Baş Qərargah da öz növbəsində bu məlumatları tanışlıq üçün XİN-ə göndərirdi. Görünür, bu tipli informasiyalar diplomatların baş verən hadisələrlə bağlı məlumatlandırılması məqsədilə göndərilirdi. 

«Bakıya. Qarsda səfərbərlik elan edilməyib. Ermənilərin əhval-ruhiyyəsi aşağıdır. Er-mənilərin dava etməyə həvəsləri yoxdur. Müsəlmanlar özlərini əla hiss edirlər. Türklərlə əlaqə vardır. Üsyan yoxdur. Şəhərə müsəlmanları buraxmırlar. № 119. Şahzadə Məmməd». 

7 dekabr 1919-cu ildə Baş Qərargaha göndərilmiş məxfi raport sonradan, Baş Qərargah tərəfindən XİN-ə də göndərilmişdir: «Mənim tərəfimdən İrəvana ezam edilmiş şəxs noybrın 30-da Gəncəyə qayıtmışdır. Onun dediklərinə görə, erməni qoşunları və on¬ların yerləşdiyi yer haqqında məlumat toplamaq çətindir, çünki ermənilərlə hərbi mövzuda söhbətlər elə o dəqiqə şübhə oyadır... Ermənilərin 6-cı piyada alayı vardır. 7-cinin olması barədə məlumat yoxdur. Alayların qərargahı: 3-cü Kamarlyüda (?), 4-cü Eçmiadzində, 5-ci alay isə təzəcə İrəvana gəlib və Zəngəzura tərəfə yola düşür. 6-cı alay İqdırdadır. Bütün alaylar rota və batalyonlar üzrə yerləşdirilib. İrəvanda kavaler alayı yoxdur. Ancaq ayrı-ayrı eskadronlar vardır... Komanda heyətinin çoxu ermənilərdir, ruslar azdır...Hazırda Zən¬gə¬zura tərəf güclü hərəkət vardır. Zirehli maşınları yoxdur. Bir zirehli qatar vardır, ikincisi Vedibasarda müsəlmanlar tərəfindən yandırılmışdır...Aleksandropol tərəfdən daimi hərbi sursatlar gətirilir...Bu məlumatları təqdim edərək məruzə edirəm ki, sadə tatarlar bizi maraqlandıran məsələlərə az diqqət yetirirlər. Buna görə də İrəvana yarımsavadlı şəxsin dalınca adam göndərmişəm. O, daim ermənilərin əhatəsindədir və bizi maraqlandıran məsələlərlə tanışdır. Çağrılan şəxs öz fəaliyyətinə görə, erməni hissələrinə yaxındır. Şahzadə Məmməd». 

17 fevral 1920-ci il. Məxfi. Baş Qərargahın Baş İdarəsinin kəşfiyyat bölməsinin 2 saylı agentur məlumatında isə Ermənistanın siyasi-hərbi vəziyyəti barədə məlumat ve¬ri¬lirdi. Özü də bu məlumat Hərbi nazirliyin Baş Qərargahının general-kvartirmeyster idarəsinə daxil olmuş informasiyalar əsasında hazırlanmışdır. 

«Ermənistan. Siyasi vəziyyət. 

Ararat Respublikası hökuməti Zaqafqaziyada köhnə siyasətini davam etdirir. Belə ki, bu ilin 22 yanvarında erməni partizanları daimi ordu ilə birlikdə Makra, Şişqaya, Hacı Qərib (söhbət Azərbaycan kəndlərindən gedir) yandırmışlar. Mal-qara aparılmışdır. Bu kəndin qaçqınları Burcanarlı kəndinə gəlmişlər. Agentur məlumatlarına görə, Zəngəzura erməni hökuməti tərəfindən 1-ci, 4-cü, 5-ci və 6-cı piyada alaylarının, yerlərdə yaradılacaq alayların özəyini təşkil etmək üçün hərəsindən bir rota göndərilmişdir. Həmçinin 3 dağ batareyası, 1 qaubitsa, 2 sahə orudiyası, 60 Lyüis və 12 Maksim pulemyotları göndərilmişdir. Zəngəzurda silahlı birləşmələrə Dro rəhbərlik edir. Köməkçisi isə Kazarovdur

Qoşunun təşkili. Könüllü drujinaların rəisləri və təşkilatçıları rus ordusunun köhnə əskərləridir (xumbapet adlanır). Onlara Artaş rəhbərlik edir. Bundan başqa, Dəli Qazar Di¬licanda atları yığır və yeni dəstələr yaradır. Daimi orduda 800-dən 2500-ə qədər süngülər vardır. Atların çatışmazlığı ucbatından kavalerlər azdır. 

Dislokasiya. 1-ci və 5-ci piyada alayları Qarsda, 4-cü alay Sarıqamışda, 2-ci alay Kamakirdə, 3-cü alay isə Kamarlüdədir (?). 

Geyim təminatı. Amerika ehtiyat geyimləri. Məhdudlaşdırılmış qaydada. 

Yemək. Axır vaxtlar yeməyin keyfiyyətinin pisləşməsi müşahidə edilir.

Nizam-intizam. Çox zəifdir.

Fərarilik. Lap çoxdur. 

Epidemiya. Qoşunlar arasında epidemiya halları vardır. Erivandakı qazarmalarda gündə 40-60 əskər tifdən ölür. 

Aeroplan. Parisdən üç aeroplan göndəriləcəyi gözlənilir. Nubar paşa onların alınması üçün pul toplayır. 

Qoşunların sayı. Erməni qoşunlarının ümumi sayı milis-könüllülərlə birlikdə 12 mindən çox deyildir.

Hərbi məktəblər. Erivanda Baş Qərargahın zabitlər hazırlayan məktəbi açılmışdır. 

Məlumat yolları. Məlumatlar Erivandan Zəngəzura şosse yolu ilə Göyçə gölünə qə¬dər, sonra yenə də şosse ilə Yenibəyazidə, sonra kənd yolları ilə Keşişkəndədək (araba ilə də getmək olar), Keşişkənddən Gorusa kələ-kütür yoldur, ancaq artıq iki mühəndis tərəfindən düzəldilir. 

Teleqraf xətləri. Erivan və Yenibəyazit arasında teleqraf xətti vardır. Yenibəyazit və Gorus arasında çəkilir. 

Səfərbərlik. Axırıncı, tam yoxlanılmamış məlumata görə, Ermənistanda səfərbərlik elan edilmişdir. Baş Qərargahın general-kvartirmeysteri Karqaleteli, Baş adyutant ştabs-rotmistr Takanayev». 

1 noyabr 1919-cu ildə agent Mullayevin Şimali Qafqaza xidməti ezamiyyəti ilə əlaqədar onun 5 səhifəlik geniş və ətraflı yazılmış məlumat-arayışı da mühüm əhəmiyyət kəsb edir.

Göründüyü kimi, Azərbaycan kəşfiyyatçıları Tiflisdən, Ermənistandan, Şimali Qafqazdan, cəbhə və qaynar bölgələrdən məlumat verirdilər. Xüsusən də müstəqil Azərbaycanın ilk kəşfiyyatçısı polkovnik Məmməd bəy Əliyevin, şahzadə Məmmədin və digərlərinin fəaliyyəti diqqəti daha çox cəlb edir. 

5 noyabr 1919-cu ildə Hərbi nazir general-leytenant S.Mehmandarov, Baş Qərargahın rəisi general-leytenant M. Sulkeviç və Baş Qərargahın general-kvartirmeyster idarəsinin rəisi polkovnik rütbəli şəxs Xarici İşlər Nazirliyinə məktub göndərmişlər. Bəri başdan onu deyim ki, haqqında yazılan iş olduqca prinsipal məsələdir. Bu iş Azərbaycan xüsusi xidmət orqanları ilə Hərbi nazirliyin necə də əlbir və faydalı əməkdaşlığının olduğunu əyani şəkildə göstərir: «Bizim hökumət Ermənistanın Bakıda diplomatik missiyasında hərbi attaşe vəzifəsinin təsis edilməsi təklifini rədd etdi. Ancaq əldə edilmiş məlumatlara görə, bu missiyanın üzvlərinin çoxu zabitlərdən ibarətdir, onlardan birini isə «missiya qərargahının rəisi» adlandırırlar. Bunları deməklə, Ermənistan Xarici işlər nazirliyinin bu cür hərəkətinə qarşı hansı qərar qəbul edilməsi barədə məlumat verməyinizi xahiş edirəm». 

Ermənistanın Bakıda diplomatik missiyasının üzvlərinin əksəriyyətinin hərbçilərdən təşkil edilməsini Azərbaycan xüsusi xidmət orqanlarının, xüsusən də kəşfiyyat və əks-kəşfiyyatın səyi nəticəsində öyrənilmişdi. Bu da beynəlxalq normalara zidd olduğundan Azərbaycan hökuməti Ermənistanın Bakıdakı diplomatik missiyasında hərbi attaşe vəzifəsinin təsis edilməsinə icazə vermirdi. Hərbi nazirliyin Baş Qərargahı da bu barədə Azərbaycan xarici siyasət idarəsinin rəhbərlərindən məlumat istəyirdi. 

Hərbi nazirlikdən Xarici işlər nazirinə göndərilmiş digər daha bir məktub isə iki nazirlik arasında əməkdaşlığın üfüqlərini daha aydınlığı ilə göstərir. 

«8 noyabr 1919-cu il. № 5719. «Tam məxfi». Xarici İşlər Nazirinə. Mümkün düşmənlər (ermənilər, könüllülər və digərləri) həmçinin müxtəlif siyasi cərəyanlar haqqında (bolşeviklər) məlumatların cəmləşməsi üçün bütün alınmış məlumatların Baş Qərargaha ötürülməsinə imtina etməməyinizi xahiş edirəm. Bu zaman qeyd edirəm ki, Baş Qərargahı ən çox maraqlandıran məsələlər bizimlə həmsərhəd olan dövlətlərin qoşunlarının cəmləşməsi, yer dəyişməsi, sayı, komanda heyəti, təchizatı, qidalanması, əhval-ruhiyyəsi, sanitar vəziyyəti və s. Baş Qərargahı maraqlandıran məsələlərdəndir. Baş Qərargah öz növbəsində onun ixtiyarında olan və XİN-nin səlahiyyət çərçivəsinə aid olan məlumatları göndərəcəkdir ki, qarşılıqlı informasiya əsasında bizim qonşulara aid olan məsələləri daha dəqiq işıqlandırsın. O da sözsüz ki, ictimai dövlət mənası baxımından son dərəcə vacibdir. Məlumatları ayda bir-iki dəfə, fövqəladə olanları isə dərhal göndərmək lazımdır». 

Göründüyü kimi, dövlətin təhlükəsizliyi naminə gənç ölkənin diplomatları ilə kəşfiyyatçıları bütün yaranmış imkanlardan istifadə etməyə çalışırdılar. Məlumat bolluğu dövlət əhəmiyyətli qərarların qəbul edilməsində əhəmiyyətli rol oynayır. Bunu hər iki qurumun nümayəndələri yaxşı başa düşürdülər.

Onu da qeyd etmək lazımdır ki, həmin illər bolşeviklərin yaratdığl problem digərlərindən o qədər də fərqlənmirdi. Buna görə kəşfiyyatçılar Hərbi nazirlik və ölkə rəhbərliyini həm də ölkənin daxilində baş verən proseslərdən agah edirdilər. Kəşfiyyatçılar əmə¬liyyat şəraitinə nəzarət etməyə çalışır, gərginlik yaşanan yerlərdən məlumat toplayaraq mərkəzə ötürməyə çalışırdılar. 7 iyul 1919-cu ildə Lənkəranda antidövlət qüvvələrinin sayı və silahları haqqında Baş Qərargahın Baş İdarəsinin kəşfiyyat-əməliyyat bölməsinin baş adyutantı, soyadı qeyd edilməyən rotmistrin məlumatında oxuyuruq: «Mənim Cavad bölgəsində topladığım məlumatlara görə (tam inamlı şəxslər və qəza administrasiyası vəzifəlilərinin sorğusu əsasında) bolşeviklərin zəbt etdikləri Lənkəran qəzasında vəziyyət bu cürdür: 1) Arasında çoxlu cəbhəçilərin (rus və ermənilər) olduğu bolşeviklərin Lənkərandakı qüvvələri 1200-dən 1500 nəfərə qədərdir. Bolşeviklərin Lənkəranda cəmi 4 topu var. Təlimatçı-zabitlərin orada kifayət qədər olmasına baxmayaraq, onların hərbi təşkilatı çox zəifdir. 2) Muğanda iki dəstə var: a) bir neçə zabiti olan bolşevik, b) bolşeviklərə qarşı olan ikinci dəstə zəifdir. Bu dəstələrdəki adamların sayı məlum deyil; hər iki dəstə 12 topa malikdir ki, onlardan da çoxu sıradan çıxıb. Bolşeviklərə qarşı olan dəstə Könüllülər ordusuna rəğbət bəsləyir və bu yaxınlarda Denikinə Lənkəran və Muğanın işğal edilməsi xahişi ilə nümayəndə göndərilib. Denikin yaxın gələcəkdə dəstə göndərəcəyini vəd edib. 3) Salyandan bizim qoşunumuz hücuma keçərkən yol üstündə yerləşən müsəlman kəndindəki əhali bizim qoşunlarımıza birləşməyi səbrsizliklə gözləyirlər. Bu kəndlər yaxşı silahlanıblar, lakin mütəşəkkil deyillər, hücum olduğu zaman onları təşkilatlandıracaq zabitlərin ezam edilməsini xahiş edirlər. Prişib kəndi – bütövlüklə bolşeviklərindir. Orada 1000 nəfər silahlı, 4 top var, Privolnoye kəndinin bolşeviklərə rəğbətinin olmaması, hələ demək olmaz ki, Azərbaycana sadiqdir. Yerli administrasiya zənn edir ki, bizim qoşunlarımız hücuma keçdiyi vaxt onların dəfələrlə bəyan etdikləri kimi qoşunlarımızla birləşəcəklər. 4) Mühüm yüksəkliklər: Prenbel və Biləsuvar. Biləsuvarda 3 top var. Bolşeviklərin bazası Sarada bir neçə hidroplan var». 

 Arxiv materialları arasında rast gəldiyimiz məlumatların əksəriyyəti olduqca savadlı tərtib edilmişdir. Belə ki, məlumatlar olduqca yığcam və təhlili xarakter daşıyır. 19 sentyabr 1919-cu ildə Baş Qərargahın Baş İdarəsinin əməliyyat-kəşfiyyat bölməsinə 1-ci piyada Cavanşir alayının praporşiki Qaraşarovun Cənubi Qarabağ və Zəngəzurda vəziyyət barədə verdiyi raportları göstərilən tipli raport-arayışlardandır. 

Onu da deyək ki, 2 mart 1920-ci ildə Hərbi nazir Səməd bəy Mehmandarovun məxfii əmri əsasında nazirliyin müvafiq qurumlarında struktur dəyişikliyi aparılmış Baş qərargah və Baş Qərargahın Baş İdarəsinin birləşdirilməsi nəticəsində Azərbaycan Ordusunun Qərargahı yaradılmışdır. Yeni yaradılmış Azərbaycan Ordusu Qərargahının ştat strukturunda kəşfiyyat-əməliyyat bölməsi saxlanılmış polkovnik İrza bəy Hacıbəylinski Qərargahın general-kvartirmeyster idarəsinin kəşfiyyat-əməliyyat bölməsinin rəisi təyin edilmişdir. Baş Qərargahın general-kvartirmeyster idarəsinin kəşfiyyatçılarının fəaliyyəti AXC-nin işğalının son günlərinədək davam etmişdir.

Yuxarıda qeyd etdiyimiz kimi Azərbaycan Xalq Cümhuriyyətinin ilk aylarında ölkədə kəşfiyyat və əks-kəşfiyyat təminatı ilə Hərbi nazirliyin müvafiq qurumları, daha dəqiq desək, general-kvartirmeyster idarəsinin əks-kəşfiyyat və kəşfiyyat bölməsi məşğul olmuşdur. Əldə edilmiş materiallardan da görünür ki, Azərbaycan ilk xüsusi xidmət orqanlarının əməkdaşları həm kəşfiyyatçılar, həm də əks-kəşfiyyatçılar gənc respublikanın təh¬lü¬kəsizliyi üçün əllərindən gələni əsigəməmişlər. 

Həmin illər Azərbaycanda, xüsusən də Bakıda vəziyyət gərgin idi. Denikinin Könüllülər ordusunun 1919-cu ilin mayında Petrovsk və Dərbəndi tutmaları vəziyyəti daha da kəskinləşdirirdi.Onların məqsədi aydın idi, Azərbaycan və Gürcüstana tərəf irəliləyirdilər. Azərbaycan hökuməti təcili tədbirlər görməyə başladı. Ölkənin başı üzərini almış təhlükə artıq çox yaxında idi. İyunun 9-da Azərbaycan hökuməti parlamentin tap¬şırığı əsasında dövlətin müdafiəsi ilə əhatəli və dərindən məşğul olacaq xüsusi bir qurumun - Dövlət Müdafiə Komitəsinin (DMK) yaradılması barədə qərar qəbul etdi. AXC-nin Nazirlər Şurasının sədri, Hərbi, Xarici, Yollar və Ədliyyə nazirləri DMK-nın üzvü təyin edildilər. İyunun 11-də DMK Azərbaycanın bütün ərazisində hərbi vəziyyət elan etdi. 

Ölkədə vəziyyətin, xüsusən də kənar müdaxilənin olduğu bir vaxtda təbii ki, güclü və müstəqil xüsusi xidmət orqanına ehtiyac vardı. Ölkədə əks-kəşfiyyat işinin təmin edilməsi olduqca vacib idi. Məhz belə bir vaxtda sırf əks-kəşfiyyat fəaliyyəti ilə məşğul olacaq qurum - Əksinqilabla Mübarizə Təşkilatı (ƏMT) yaradıldı. 

Bütün təşkilatlar kimi ƏMT-da böyük səlahiyyətlərə malik DMK qarşısında məsul olmaqla yanaşı, onun tapşırıqlarını yerinə yetirir, ən vacib informasiyalarla DMK-nı mə¬lumatlandırmağa çalışırdı. DMK ƏMT-nın rəisi vəzifəsinə «Müsavat» partiyası, AXC parlamentinin və aqrar komissiyasının üzvü Məmmədbağır bəy Şeyxzamanovu, rəis müavini isə «Hümmət» partiyasının üzvü Mirfəttah Musəvi təyin edilmişdi. Onun öldürülməsindən sonra isə bu vəzifəni Mahmud bəy Səfikürdski yerinə yetirməyə başladı. Yeri gəlmişkən, bir məsələni qeyd etmək istəyirəm ki, ƏMT-ya əməkdaşların qəbulunda partiya prinsipi əsas götürülürdü. Belə ki, ƏMT-nın əməkdaşlarının üçdə ikisi «Müsavat», üçdə biri isə «Hümmət» partiyasından olmalı idi. Eyni zamanda, təşkilatın rəhbəri «Mü¬savat» dan, müavini isə «Hümmət»dən təyin edilməsi nəzərdə tutulmuşdu. Azərbaycan KP(b)MK-nın gizli qərarına əsasən ƏMT-ya 17 nəfər daxil olmuşdu. ƏMT-da hümmətçi bolşevikləri tək rəqəmlə, müsavatçıları isə cüt rəqəmlə nömrələyirdilər. Təəssüflər olsun ki, böyük ümidlərlə yaradılmış yeni orqan belə bir vəziyyətdə fəaliyyət göstərirdi.   Bolşevik ƏMT-çılar gizli olaraq öz partiyalarının tapşırıqlarını yerinə yetirir, faktiki olaraq ölkənin əleyhinə işləyirdilər. Azərbaycanı Sovet Rusiyasız təsəvvür etməyən bolşeviklərin müstəqil ölkənin xüsusi xidmət və təhlükəsizlik orqanlarında çalışmalarına nə ad vermək olardı? Təbii ki, bu tipli xidmətlərdə partiya prinsipləri ilə işləmək ölkənin maraqlarına zidd idi. Elə buna görə də təşkilatın fəaliyyətində ortaya tez-tez problemlər çıxırdı. Bəzən bir təşkilatln nümayəndələri əqidələrinə görə üzbəüz gəlməyə məçbur olurdular. Bolşevik ƏMT-çılardan söz düş¬müşkən, yazıçı Manaf Süleymanovun «Eşitdiklərim, gördüklərim, bildiklərim» kitabına söykənərək bir məsələni oxucuların diqqətinə təqdim edirəm. Bunu qocaman kapitan Əlibala Rəcəbov danışıb....Bir dəfə yoldaşlarımızdan biri - Baba Süleyman oğlu Həştərxandan güclü pul gətirəndə ingilislər hiss edirlər. Baba görür ki, ələ keçsə güllələyəcəklər, tez özünü hərbi limana çatdırır. Körpüyə qalxanda əlisilahlı jandarm zabiti onun qabağını kəsir. O, tez cibindən pul bağlamasını çıxarıb ona deyir ki, əskərləri çağır, dəmir qutuları küçəyə daşısınlar. Pulu görən kimi zabitin gözləri kəlləsinə çıxır. Tez Baba deyən kimi hərəkət edir. Hətta fayton çağırır, Babanı oturdur, özü isə ayaqlıqda durub onu aradan çıxarır. Səhərisi günü Babanı əks-kəşfiyyat idarəsinə (ƏMT-ya) çağırırlar. On gün orada saxlayırlar. Onun Bakıya nə gətirdiyi ilə maraqlanırlar. Həmin vaxtlar Mirfəttah Musəvi əks-kəşfiyyatda (yəni ƏMT-da) rəis müavini vəzifəsində çalışırmış. İşi birtəhər ört-basdır edir. Və Babanı azad edirlər. Yəqin ki, bu məsələni niyə xatırladığımı oxucular da başa düşdülər. Bu idi Azərbaycan bolşeviklərinin müstəqil Azərbaycan Xalq Cümhuriyyətinə köməyi.  

ƏMT Naberejnaya küçəsində, «Lion» mehmanxanasında yerləşirdi. Ümumiyyətlə, ƏMT-nın fəaliyyət göstərdiyi 11 iyun 1919-cu ildən 6 mart 1920-ci ilədək təşkilatda təxminən yüzdən çox əməkdaş işləmişdir. Onların arasında, azərbaycanlılarla yanaşı, türklər, ruslar, ukraynalılar, gürcülər və s. millətin nümayəndələri də işləyirdilər.

Bakı şəhər rayon bölmələrinə Məmmədtağı Dadaşov, Seyfulla Əzimzadə, Məmməd Hacızadə, Qasım İsmayılov, Aleksandr Şengeliya, Qəmbər Tahirov, Əbdüləziz Tağıyev, İs¬lam Əliyev rəhbərlik edirdilər. Təşkilatın senzura işinə Lavrenti Beriya, agentura  iş¬lə¬rinə isə Aleksandr Qoberidze, sonra A.V.Sultanov cavabdeh idilər. Üç baş agent vəzifəsi vardı. Bu vəzifələrdə Mirzağa Nəsirov, Ağali Mahmudov və Ağali Zeynalabdinzadə ça¬lı¬şırdılar.

Təşkilatın Lənkəranda da nümayəndəsi fəaliyyət göstərirdi. Bu vəzifəni Yusuf bəy Bayraməlibəyov yerinə yetirirdi.

Onu da deyək ki, ƏMT öz fəaliyyətini 22 maddədən ibarət olan «Azərbaycan Respublikası əks-kəşfiyyat xidməti vəzifəlilərinin hüquq və vəzifələri haqqında» Əsas¬na¬mə¬yə uyğun olaraq qurmuşdu. 

ƏMT-ının ilk rəisi Məmmədbağır Şeyxzamanov təşkilata çox az müddətə rəhbərlik etdi. Belə ki, o, həmin ilin avqust aynın 20-də öz ərizəsinə əsasən tutduğu vəzifəsindən azad edildi. Və AXC parlamentinin aqrar komissiyasında öz fəaliyyətini millət vəkili kimi davam etdirməyə başladı. DMK ölkənin təhlükəsizliyi üçün çox önəmli bir təşkilatın rəh¬bər¬liyini uzun müddətə boş saxlaya bilməzdi. Elə həmin gün DMK ƏMT-nın yeni rəisini, Məm¬mədbağır bəyin qardaşı Nağı bəy Şeyxzamanovu şəxsi heyətə təqdim etdi. 

ƏMT gənc respublikanın təhlükəsizliyini təmin etmək üçün var qüvvəsini sərf etməyə başladı. Onu da deyək ki, ƏMT-nın yaradılması ilə əlaqədar olaraq Hərbi nazirliyin əks-kəşfiyyat bölməsi ləğv olundu. Hərbi nazirlik yalnız kəşfiyyat işi ilə məşğul olmağa başladı. Bir məsələni də qeyd etmək yerinə düşər. 27 iyul 1919-cu ildə Hərbi nazirliyin Baş Qərargahının Baş İdarəsindən ƏMT rəisi M.Şeyxzamanovun adına göndərilmiş 3421 saylı «məxfi» qrifli məktubda aşağıdakılar qeyd olunmuşdu. Fikrimizcə, bu məktub bəzi mətləbləri aydınlaşdırır: «Pol» ləqəbli agentimizdən alınmış məlumatlar əsasında toplanmış bir nömrəli raportu sizə göndərərək xəbər verirəm ki, əks-kəşfiyyat tamamilə sizin ixtiyarınıza keçəndən sonra adı çəkilən agent Sizə göndəriləcək. Əgər lazım bilsəniz, ondan istifadə edərsiniz». 

Beləliklə, ƏMT mürəkkəb bir şəraitdə öz işini qurmağa çalışırdı. «Məxfi. № 303. 7 avqust 1919-cu il. Dövlət Müdafiə Komitəsinə. Son vaxtlar çağırış yaşlı ermənilərin Ba¬kıya güclü axını müşahidə edilir. Əks-kəşfiyyatın müəyyən etdiyinə görə, həmin ermənilər buraya əsasən, Gəncədən və Krasnovodskdan gəlirlər. Bu barədə Sizə məlumat verirəm. ƏMT-nın rəisi».  «1919-cu il, sentyabr. DMK-ya. Bildirirəm ki, 21 sentyabr tarixli telefonoqramınıza əsasən, mənim tərəfimdən erməni kilsəsində qaçqınların iclasında iştirak etmək üçün təşkilatın agenti Qasım İsmayılov oraya göndərilmişdir. Müşahidə əsasında hazırlanmış məruzəni Sizə göndəririk. Əksinqilabla Mübarizə Təşkilatının rəisi Şeyxzamanov». 

ƏMT-nın rəisi Nağı bəy Şeyxzamanov 18 sentyabr 1919-cu il tarixində DMK-nin sədrinə yazdığı növbəti məruzəsində yazırdı ki, Olçinski küçəsi 12-də Könüllülər Ordusunun nümayəndəliyinin yerləşdiyi ərazidə baş vermiş partlayışla bağlı məlumat verirəm. Partlayış barədə məlumat alan kimi hadisə yerinə getdim. Məlum oldu ki, naməlum məkrli adamlar tərəfindən təxribat məqsədilə partlayıcı maddə qoyulmuşdur. Onların şəxsiyyətini müəyyənləşdirmək hələlik müəyyən olmamışdır. Deyilənlər barədə 5-ci məntəqənin pristavı tərəfindən protokol tərtib edilmiş və Bakı qradonaçalnikinə göndərilmişdir. 

Nağı bəyin DMK-ya ünvanlanmış bir məktubu da diqqəti özünə cəlb edir: «20 sentyabr 1919-cu il. DMK-nın sədrinə. Mənə çatan məlumatlara görə, Gəncə həbsxanasında saxlanılan qatı cinayətkar Stepan Lalayev öz həmfikirləri ilə birlikdə həbsxanadan qaçmağa hazırlaşır. Bu məsələnin qarşısı həbsxanada zəif nəzarət ucbatından alına bilməz. Mə¬lumat üçün bildirirəm».

ƏMT-nın və onun rəisi Nağı bəy Şeyxzamanovun bu qabaqlayıcı əməliyyat məlumatı ilə əlaqədar DMK tərəfindən tədbir görülüb-görülmədiyi barədə heç bir sənəd yoxdur. Ancaq bir məsələni bildirmək istəyirəm ki, hər halda, ƏMT qabaqlayıcı məlumat əldə edib Dövlət Müdafiə Komitəsini və onun sədrini vaxtında, operativ xəbərdar edə bilmişdi. 

Sənədlər arasında Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədrinin blan¬kında DMK-nın sədri Nəsib bəy Usubbəyov ƏMT-nın rəisinə tapşırıq xarakteri daşıyan məktub göndərmişdir: «Məxfi. 24 iyul 1919-cu il. Bakı. DMK özünün 15 iyul tarixli qərarı ilə Sizə ingilis komandanlığı yanında Könüllülər Ordusunun nümayəndəsi polkovnik Lazarevin və onun həmfikirlərinin fəaliyyəti barədə diqqətli, gizli nəzarət aparılmasını məqsədəuyğun hesab edir. Qeydə alınmış məlumatları təcili DMK-ya göndərin». ƏMT əməkdaşları DMK sədrinin tapşırığına əsasən, əməliyyat-müşahidə işi apararaq Könüllü Orduda xidmət edən 134 nəfər zabitin siyahısını hazırlamışdılar. Siyahının üzərində ƏMT rəisinin dərkənarı vardır. Deməli, DMK sədrinin tapşırığının yerinə yetirilməsi istiqamətində konkret ad¬dımlar atılmış və nəticə əldə olunmuşdu. 

Arxiv sənədlərindən o da məlum olur ki, Baş Qərargahın Baş İdarəsinin kəşfiyyat bölməsi ilə Əksinqilabla Mübarizə Təşkilatı sıx əlaqə saxlayır, informasiya mübadiləsi aparmağa və yeri gəldikcə bu informasiyalardan əməli işdə istifadə etməyə çalışırdılar. Kəşfiyyat bölməsindən bildirirdilər: «Mənə etibar edilmiş idarədə əks-kəşfiyyat bölməsinin olmadığını nəzərə alaraq, Sizdən xahiş edirəm ki, hərbi xarakterli bütün məlumatları mənə göndərəsiniz». Yaxud «Əks-kəşfiyyatın rəisinə, Təcili, N 474/ 23 oktyabr 1919-cu il. Xahiş edirəm, yaranmış zərurəti nəzərə alaraq erməni dilini bilən tərcüməçi göndərəsiniz. Baş Qərargah».

ƏMT ilə Baş Qərargahın Baş idarəsi kəşfiyyat bölməsinin əməkdaşlığını sübut edən di¬gər bir sənəd də mövcuddur:  «Məxfi. 29 noyabr 1919-cu il. №5149 r. Əks-kəşfiyyatın rəi¬sinə. Bizim kəşfiyyatın agentinin verdiyi məlumata görə bu günlərdə Petrovskdan Bakıya Denikin tərəfdarı olan Murtuz Əli Gelinski adlı bir nəfər gə¬lib. Adı çə¬kilən şəxsi izləyib, nəticəsini bizə bildirməyinizi xahiş edirəm... Baş Qərargah».

Göründüyü kimi, hərbi kəşfiyyatın Petrovskda müəyyən etdiyi şəxs barədə ölkənin xüsusi xidmət orqanları yubanmadan fəaliyyətə başlamışdılar. 

«13 iyul 1919-cu il. Hərbi nazirliyə. № 165. Sizə iki səhra telefonu göndərirəm və xahiş edirəm ki, alanda iltizam verəsiniz. Xırdalan kəndində 1 yeşik əl qumbarası vardır, mən onu nazirlikdən göndərilmiş mütəxəssisə təhvil verə bilərəm. Xahiş edirəm nəticə barədə məni məlumatlandırın. Əksinqilabla Mübarizə Təşkilatının rəisi M.Şeyxzamanov. Naberejnaya küçəsi, «Lion».

ƏMT respublikanın gömrük orqanları ilə də əlaqə saxlayır, qarşılıqlı əməkdaşlıq şəraitində çalışırdılar. 12 iyul 1919-cu ildə Maliyyə nazirliyinin Bakı gömrük idarəsindən Məmmədbağır Şeyxzamanovun adına göndərilən 2414 saylı məktubda bildirilirdi: «Gömrük bu ilin 7 iyulunda 16-cı pristanda saxlanmış, müxtəlif mallar aparan Bakı sakini Prjesetskinin dindirilməsi üçün agent Süleyman Məmmədovun oraya ezam edilməsini xa¬hiş edir». Sənədin üzərində qeyd var: «göndərildi». 

ƏMT əməkdaşlarının ayrı-ayrı bölgələrə xidməti ezamiyyətləri ilə əlaqədar xeyli ma-teriallar, əmrlər vardır. Bu həm də onu göstərir ki, qurum yalnız Bakı və onun ətrafında fəa¬liyyət göstərmirdi. Eyni zamanda, bölgələrə gedir, mühüm əməliyyat xaraterli tapşırıqlar yerinə yetirməyə çalışırdılar. Həmin sənədlərin bir hissəsi də tanınmış şair Əli Razi Şamçızadəyə aiddir. Ə.R.Şamçızadə 1919-cu ilin sentyabr ayında ƏMT-ya Nağı bəy tərəfindən götürülmüşdü. Əvvəl kargüzar köməkçisi, sonra isə agent kimi faliyyətə başlamışdı. Arxiv sənədləri göstərir ki, Əli Razi Şamçızadə ƏMT orqanlarında təsadüfi əməkdaşlardan olmamışdır. Onun gənc respublikanın müxtəlif bölgələrinə xidməti ezamiyyətləri olmuş və uğurlu əməliyyat tədbirlərində bilavasitə iştirak etmişdir. 7 oktyabr 1919-cu ildə Nağı bəy Şeyxzamanov Ə.Şamçızadənin Salyana ezamiyyəti ilə əlaqədar olaraq xüsusi məktub yazmışdır. Məktubda Salyana mühüm tapşırığın yerinə yetirilməsi ilə əlaqədar ezamiyyətə gedən ƏMT əməkdaşı Ə.Şamçızadəyə yerli orqanlar və təşkilatların rəhbərlərindən kömək göstərmək xahiş olunurdu. 

Digər sənədlərdən o da məlum olur ki, Əli Razi Şamçızadə Salyana gəlmiş, Cavad qəzasının Novo-Vasilyevka kəndində xüsusi əməliyyat tədbirləri həyata keçirmiş və onun da müvafiq nəticələri olmuşdur. Bəs, bu əməliyyat tədbiri nəydi? “ƏMT agenti cənab Ə.Şamçızadəyə gizli və məxfi məlumat. Bomba saxlayanların siyahısını Sizə bildirirəm: 1. İvan Qriqoryeviç Flotov. 2. Aleksandr Qriqoryeviç Flotov. 3. Kuzma Çenin. 4. Mixail Safronoviç Qolyayev. 5. İvan Yermoloviç. 6.Vasili Mamonov. 7. Pavel Mamonov. Cavad qəzasının Novo-Vasilyevka kənd sakini Q.Platonoviç Frolov».

Əli Razi Şamçızadə qeyd edilən kənddə tapşırığı yerinə yetirdikdən sonra əldə etdiyi silah-sursatı Salyan şəhərinin pristavı Hacıyevə təqdim etmişdir. Bu barədə o, pristavdan il-tizamnamə almışdır. Həmin iltizamnamə arxiv materialları arasında saxlanılır. «İltizamnamə. 21 oktyabr 1919-cu il. ƏMT agenti Ə.Şamçızadədən Cavad qəzasının Novo-Va¬silyevka kənd sakinləri Qriqori Flotov və başqaları müsadirə edilmiş 5 üçlüləli tüfəng (№ 38345, 124042, 38853, 523877, 338267), onların patronları 880 ədəd, 3 ədəd berdanka (№ 23117, 12055, 52797), onların patronları 90 ədəd, 1 ədəd ovçu tüfəngi, 1 ədəd şaşka, 7 ədəd süngü, 1 ədəd bomba və 8 ədəd kapsulu qəbul etdim. Salyanın pristavı Hacıyev».

Sənədlərə əsasən demək olar ki, Əksinqilabla Mübarizə Təşkilatının agenti Əli Razi Şamçızadə təmsil etdiyi müəssisənin tapşırıqlarını layiqincə yerinə yetirmişdi.

ƏMT-nın ən fəal və prisipial əməkdaşlarından biri də Məmmədtağı Dadaşov olmuşdur. Onunla bağlı istər MTN, istərsə də Dövlət arxivində xeyli sənədlər qorunub saxlanılır. M.Dadaşov AXC dövründə təşkil edilərək fəaliyyətə başlamış hərbi yunkerlər məktəbini bi-tirmişdir. 25 noyabr 1919-cu ildə Nağı bəy M.Dadaşovu Balaxanı-Sabunçu rayon bölməsinin rəisi təyin etmişdir. Ona verilmiş vəsiqədə göstərilir ki, bu sənəd  Məmmədtağı Teymur oğlu Dadaşova ona görə verilir ki, xidməti vəzifəsinin yerinə yetirilməsi zamanı ona yerli hakimiyyət orqanları tərəfindən qanuni və lazımi kömək göstərilsin. O,  iş¬lədiyi müddət ərzində özünü fəal, sədaqətli əməkdaş kimi göstərmiş, AXC-nın müstəqilliyi və dövlətçiliyinin möhkəmləndirilməsində əlindən gələni əsirgəməmişdir. Xüsusən bolşeviklərə, erməni casuslarına qarşı qətiyyətlə mübarizə aparmışdır. Bu barədə arxiv materialları arasında xeyli sənədlər vardır. 

ƏMT əməkdaşları arasında qadınlar da vardı. Anaida Fatalova, Məryəm Məmmədova, Vera Kuzmina-Şahtaxtinskaya və Taisiya Şepelyova da öhdələrinə düşən vəzifəni yerinə yetirməyə çalışırdılar. Onu da deyim ki, mən yalnız sırf əməliyyat işlərində çalışan qa¬dın¬lar haqqında danışıram. Çünki xüsusi xidmət orqanlarında, özü də məhz əməliyyat işlərində qadınların çalışması xüsusi maraq doğurur. Xüsusən də 1919-20-ci illərdə. Azərbaycanlı Məryəm Məmmədova haqqında təəssüf ki, heç bir materiala rast gəlmədik. Əvvəl ma¬kinaçı, sonra agent vəzifəsində çalışan Vera Kuzminanın isə anası tanınmış Şahtaxtinskilər nəslindəndir. Bu barədə onun istintaq işində (Vera Kuzmina-Şahtaxtinskaya da, Tai¬siya Şepelyova da aprel işğalından sonra bolşeviklər tərəfindən həbs edilmişdilər) məlumat vardır. Taisiya Şepelyova da ƏMT əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlərinə ya¬xından iştirak edirdi. O, əsasən limanda çalışırdı. Bir dəfə dəniz sahilində keçirilmiş əməliyyat zamanı bir qadın həbs edilmiş və onun üstündən son dərəcədə əhəmiyyəti olan məktub tapılmışdı. Bu əməliyyatda Taisiya Şepelyova xüsusi fəallıq göstərmişdi. Bu işə görə onu ƏMT-nın rəhbərliyi mükafatlandırmışdı. Xatırladıram ki, bu fakt T.Şepelyova Azərbayçan SSR Fövqəladə Ko¬missiyaının müstəntiqləri tərəfindən keçirilən sorğu-sual zamanı təsdiqlənmişdi. Belə ki, bu faktı Taisiya Şepelyova etiraf etmişdi. ƏMT nümayəndələri tərəfindən saxlanılmış həmin qadın bolşevik idi. Ona görə də müs¬təntiqlər bu məsələyə xüsusi fikir verirdilər. 

Ölkədə və eləcə də orduda yaranmış yaranmış vəziyyətlə, xüsusən də bloşeviklərin hərbi hissələrdə təbliğatlarının gücləndirilməsi ilə əlaqədar olaraq, 12 oktyabr 1919-cu ildə Hərbi nazir tam artilleriya generalı S.Mehmandarov hərbi əks-kəşfiyyatın təsisi məsələsi ilə bağlı Dövlət Müdafiə Komitəsinə məruzə təqdim etmişdi. Xatırladıram ki, ƏMT-nın bolşeviklərə qarşı mübarizəsi hakimiyyəti qane etmədiyindən, hətta bu qurumun ləğv edilməsi və hərbi əks-kəşfiyyatın yaranması məsələsi gündəmə gəlmişdi. Səməd bəyin məruzənin əhəmiyyət nəzərə alaraq, onu olduğu kimi oxuculara təqdim edirik: «Dövlət Müdafiə Komitəsinin cari il 13 sentyabr tarixli qərarının surətindən görünür ki, bu komitənin üzvü, Yollar nazirinin təklifi ilə qoşunlarda bolşevik təşviqatı ilə mübarizə aparmaq üçün «Əksinilabla mübarizə təşkilatı»nı ləğv etməklə hərbi əks-kəşfiyyat təşkilatı təsis etmək lazımdır. Həmin təklif ilə əlaqədar aşağıdakıları məruzə etməyi vacib sayıram. 

1. Hərbi əks-kəşfiyyatın əsas vəzifəsi bir dövlət çərçivəsində casusluqla mübarizə olduğundan, ümumdövləti vəzifə olan bolşevizm ilə mübarizə isə bir təkcə hərbi idarənin işi deyildir. 

2. Rus ordusu Baş Qərargahının Baş idarəsində və dairə qərargahlarında əks-kəşfiyyatın yaradılması təcrübəsi göstərdi ki, hətta böyük pul ayrıldıqda belə hərbi idarə üçün bu mürəkkəb, incə işi, təcrübəli icraçılar və xəfiyyəliyə dair xüsusi bilikləri tələb edən işi təşkil etmək çox çətindir. Buna görə də əks-kəşfiyyatın Daxili İşlər Nazirliyində cəmləşdirilməsinin təklif edərdim ki, o da özünün mövcud polis aparatını gücləndirərək, təkcə hərbi deyil, həm ümumilikdə dövlət səviyyəsində casusluqla, həm də əhali və qoşunlar arasında bolşeviklərin siyasi təşviqatı ilə mübarizə apara bilər. 

«Əksinqilabla Mübarizə Təşkilatı» əvəzinə Daxili işlər nazirliyi yanında mərkəzi cinayət-axtarış şöbəsi yaratmaq lazımdır ki, o da öz agenturasını dövlətin mühüm məntəqələrinə yeridə bilsin, həmçinin, bu orqan üzərinə axtarışla bağlı ümumi vəzifələr ilə yanaşı, dövlət casusluğu və dövlətə qarşı elementlərlə (bolşeviklər, ermənilər və könüllülərin təşviqatı) mübarizə vəzifələri qoyulsun. Axtarışın və pul vəsaitlərinin Daxili işlər nazirliyinin əlində cəmləşməsi kortəbii cəhdlərin və ondan asılı olmayan «Əksinqilabla Mübarizə Təşkilatı» və ya «Hərbi əks-kəşfiyyat»ın əvəzinə işi dərhal möhkəmləndirəcək və xəzinənin xərclərini azaldacaq. Göstərilən əsaslarla «Cinayət-axtarış şöbəsi haqqında Əsasnamə»nin işlənilməsi üçün dərhal maraqlı nazirliklərin nümayəndələrindən ibarət komissiya təşkil etmək zəruridir: Daxili, Hərbi, Xarici, Ədliyyə və Yollar nazirlikləri və Bakı Möhkəmləndirilmiş rayonunun rəisi.

3. Hərbi idarə öz üzərinə xarici kəşfiyyatı, yəni mümkün düşmənlər haqqında məlumatların toplanmasını götürməlidir. Bu təşkilat adətgərdə olmuş və sırf hərbi məqsədlər gü¬dür, buna görə də onun tərəfindən müstəqil surətdə, daimi xaricdə yaşayan rəsmi hərbi attaşelər və gizli agentlərin simasında dayaq nöqtələrinə malik olaraq həyata keçirilir. Rəhbərlik Baş Qərargahın Baş idarəsinin general-kvartirmeystrinə tapşırıq vermişdir ki, onun ya¬nında artıq kəşfiyyat bölməsi formalaşmışdır. 

Xarici hərbi kəşfiyyatla məşğul olan bu orqanın vasitəsi ilə cinayət-axtarış şöbəsi sahəsi üzrə Daxili işlər nazirliyi və Xarici işlər nazirliyi ilə sonuncunun mənbələrindən alınan məlumatların mübadiləsi üçün əlaqə saxlanılacaqdır. 

4. Həmçinin, eyni zamanda sərhəd keşikçilərinin xeyli məlumat toplamasını nəzərə alaraq, daxil olmuş materialların Hərbi və Xarici işlər nazirliklərinə təqdim edilməsi haq¬qın¬da Maliyyə nazirindən xahiş etmək, Dövlət Müdafiə Komitəsinin təsdiqinə çıxarılmaq üçün adı çəkilmiş 3 nazirliyin nümayəndələrindən ibarət idarələrarası komissiya təlimatın layihəsini işləsinlər». 

26 oktyabr 1919-cu ildə Dövlət Müdafiə Komitəsi yenidən yaranmış vəziyyəti müzakirə edərək, bolşeviklərlə mübarizəni gücləndirmək üçün Bakı Möhkəmləndirilmiş Rayonunun rəisinin səlahiyyətlərini genişləndirmişdir. «Bakı Möhkəmləndirilmiş rayonunun rəisinə bütün yerli orqanlar, o cümlədən keşikçi və axtarış polisləri, həm də Əksinqilabla Mübarizə Təşkilatı tabe olmalıdır. DMK-nin işlər müdiri Q.Qasımbəyov».

Göründüyü kimi Səməd bəyin məruzəsi əsasında xeyli dəyişikliklər edilmişdir. Lakin ƏMT ləğv olunmamış, Bakı Möhkəmləndirilmiş rayonunun (BMR) rəisi general-mayor Tlexasın tabeliyinə verilmişdir. General mayor Tlexas qatı antibolşevik idi. Bundan sonra  ƏMT bol-şeviklərə qarşı daha qətiyyətli mübarizə aparmağa başladı. Eini zamanda, quruma  əməkdaşları partiya prinsiplərinə görə deyil, şəxsi keyfiyyətlərinə görə götürməyə başladılar. 

Davamı var