Xəbər lenti

Azərbaycan kəşfiyyatı və əks-kəşfiyyatı: 1918-1920-ci illərdə - III YAZI
Ölkə08:52 02.06.2014

Azərbaycan kəşfiyyatı və əks-kəşfiyyatı: 1918-1920-ci illərdə - III YAZI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
                                                                                                                                                                                
                                                                                                                                                                                             
Elşad QOCA

Əvvəli burada:

Azərbaycan kəşfiyyatı və əks-kəşfiyyatı: 1918-1920-ci illərdə - II YAZI
http://qaynar.info/xeber-azrbaycan-kfiyyat-v-ks-kfiyyat-1918-1920-ci-illrd-t32530.html

Azərbaycan kəşfiyyatı və əks-kəşfiyyatı: 1918-1920-ci illərdə - I YAZI
http://qaynar.info/xeber-azrbaycan-kfiyyat-v-ks-kfiyyat-1918-1920-ci-illrd-t31461.html                                                       
əvvəli ötən saylarda

11 noyabr 1919-cu ildə Xarici işlər naziri BMR-in rəisinə məktub göndərmişdir. Məktubda göstərilir ki, 6 noyabrda XİN-ə Cənubi Rusiya Silahlı Qüvvələrinin Baş komandanlığının Bakıdakı nümayəndəliyi 3 noyabrda Bakıda əks-kəşfiyyat (Əksinqilabla Mübarizə Təşkilatı nəzərdə tutulur) tərəfindən «Metropol» mehmanxanasında rus ordusunun keçmiş polkovniki Baxtamovun həbs edilməsi ilə əlaqədar müraciət olunmuşdur. Polkovnik Baxtamovun həbsi, səbəbləri barədə cavab vermək xahiş edilir. Sənədlərin üzərində qoyulmuş dərkənarlardan aydın olur ki, XİN-ə müvafiq cavab göndərilmişdir. Baxtamovun 18 noyabrda BMR-in rəisinə yazdığı ərizədə onun inzibati qaydada üç aylıq həbs cəzasına məruz qalması bildirilir. Polkovnik Baxtamov və qvardiya poruçiki Kalmı-kov (o da ƏMT tərəfindən həbs edilmişdi) da səhhətlərinin pisləşdiyi üçün komissiya yaradılıb, müalicə edilmələrini xahiş edirlər. Noyabrın 30-da ƏMT-nın rəisi Nağı bəy Şeyxzamanov hər iki ərizəni baxılmaq üçün BMR-un rəisinə göndərmişdir.

Yuxarıdakı fikrin davamı kimi ƏMT agentlərinin tərtib etdikləri bir protokolu da göstərmək olar. 28 yanvar 1920-ci ildə ƏMT-nın agenti Allahverdi Sultanov belə bir protokol imzalamışdır. «Bakı Möhkəmləndirilmiş Rayonunun general-qubernatorunun əmri ilə Petrovskdan «Varvara» paraxodu ilə Bakıya gələn neft firmasının direktoru dağ mühəndisi Şamil Mirzəyeviç Saturov həbs edilmişdir. Agentura yolu ilə müəyyən edilmişdir ki, Saturov Kislovodskda olarkən general Denikinlə yaxınlıq etmişdir. Ona görə də agentlər Seyfulla Əzimzadə və Aleksandr Şengeliya tərəfindən onun evində axtarış aparılmış, lakin heç bir şey tapılmamışdır. ƏMT-ın agentura müdiri A.V.Sultanov».

Bundan başqa, Saturovun 3 səhifədən ibarət izahatı alınmış, protokola əlavə edilərək ƏMT-nın rəisinə təqdim edilmişdir. ƏMT əməkdaşları A.Şengeliya və S.Əzimzadənin onun evindəki axtarış barədə protokolları da sənədlərin arasında saxlanılır. «27 yanvar 1920-ci il. ƏMT-nın rəisinin göstərişinə əsaslanan yerli pristavın tapşırığı ilə həmin təşkilatın nümyəndəsi Şengeliya və Əzimzadə, ilə birlikdə M.Arutyunyantsın şahidliyi ilə Saturovun Staroy Poliseyski və Merkuri küçələrinin kəsişdiyi yerdə ev 13/4-dəki mənzilində axtarış aparılmış, lakin heç bir şey aşkar edilməmişdir. Sahə nəzarətçisi Kuriverov, ƏMT-nın agentləri Şengeliya və Əzimzadə, şahid Arutyunyants». Protokolun sonunda Saturovdan axtarış zamanı heç bir qanun pozuntusuna yol verilmədiyi barədə imza atmışdır.

Ony da deyim ki, ƏMT erməni casuslarına qarşı da çox ciddi münarizə aparırdı. Əməliyyat işlərindən biri olduqca maraqlıdır. Bu əməliyyat həm də ƏMT əməkdaşlarının öz peşələrinə olan münasibətini də açıqlayır. 1 fevral 1920-ci ildə ƏMT-nın agentləri A.Sultanov və A.Əliyev Bakı-1 stansiyasında erməni millətindən olan Solomon Balasanyantsın tutulması və onun cibindən çıxmış məktub və vəsiqənin rəisə təqdim edilməsi barədə protokol tərtib etmişlər. Protokoldan məlum olur ki, Solomonun 23 yaşı var, dülgərdir. Bakıda, Balaxanı şossesi 5-də yaşayır. Ondan izahat alınmış və ƏMT rəisinə təqdim edilmişdir. Məsələ vacib və mürəkkəb olduğundan BMR-in rəisi general-mayor Tlexasa 34 saylı məktub göndərilmışdir. «Solomon Balasanyantsdan götürülmüş diplomatik missiyanın üzvü Arşak Sarkisov tərəfindən verilmiş məktubu, polkovnik Zdanovski tərəfindən 21 noyabr 1919-cu ildə verilmiş 1 saylı vəsiqəni Sizin ünvanınıza yollayırıq. S.Balasanyants həbsxanada saxlanılır. Əksinqilabla Mübarizə Təşkilatının rəisi». Məktubu ƏMT-ının rəis müavini M.Səfikürdski imzalamışdır.

BMR də öz növbəsində Daxili işlər nazirini məlumatlandırmışdır. «14 fevral 1920-ci il. Məxfi və təcili. № 717. Daxili işlər nazirinə raport: Solomon Balasanyantsın işinə dair yazışmaları Sizə göndərir və Ermənistanın Bakıdakı diplomatik missiyasının üzvü Arşak Sarkisovun göstərilən işlə əlaqəsi olduğu üçün onun respublikadan çıxarılması üçün XİN-ə məktub göndərmənizi xahiş edirəm. General-mayor Tlexas».

Məktubların mahiyyəti xüsusi əhəmiyyət kəsb etdiyindən olduğu kimi təqdim edirik:  «Əzizim Levon, əvvəla səni salamlayıram, sonra isə ciddi iş haqqında danışmaq istəyirəm. Bu məktubu təqdim edən, xırda xalqların yaşaması üçün həqiqi mübarizə aparan az adamlardan biridir. O Andranikin qəhrəmanlarından biridir. Onun Petrovsk və sonra isə Şimali Qafqaza gəlişi hərbi tapşırığa bənzəyən işin icrası ilə bağlıdır. Bu işin nəticəsi bizim gələcək yaşayışımız üçün zəmin yarada bilər. O general Denikinin qərargahına, ya da o şöbəyə, təşkilata, idarəyə gələcək ki, orada ermənilərə yaxşı münasibət bəslənilir. Əsas məsələ ondan ibarətdir ki, bu yaxınlarda göndərilməyə hazır olan erməni əskərlərinin, həmçinin döyüş sursatları və silahların Ermənistana göndərilməsi üçün icazə alacaqdır. Başa düşürsən ki, onun gəlişinin məqsədi adi deyildir. Ona görə də mənim xahişim və sənin vəzifən ondan ibarətdir ki, ona böyük və geniş yardım göstərin. Bunu da sən tutduğun vəzifəyə görə eləyə bilərsən. Mən ümidvaram ki, mənim xahişimin sözsüz icra olunması gələnə sənin yardımından asılıdır. Məktubu təqdim edən o yerlərdən gəlib ki, harada axır vaxtlar tatar qoşunları ilə toqquşmalar olurdu. Orada axırıncılar böyük itkilər vermişlər. Əgər bunları daha ətraflı öyrənmək istəyirsənsə, mənim tərəfimdən göndərilmiş adamdan soruş və o sənə ətraflı danışar. Beləliklə Levon, mənim xahişimi yerinə yetir və ümidvaram ki, biz səninlə bu yaxınlarda görüşəcəyik. Əgər mənim və sizinkilər haqqında nəsə bilmək istəyirsənsə, bildirirəm ki, mən sağ-salamatam və sənə də onu ürəkdən arzu edirəm. Mən bizim diplomatik missiyasında xidmət edirəm. Nerses və Tatyana Nikitiçna sağ-salamatdırlar, pis yaşamırlar, deyəsən dava-dalaşsız yaşayırlar. Armenak Qazarbekova bildir ki, o mənim göndərdiyim adamların birinə kömək etməli idi. Eləyib, ya da eləməyib? Bu haqda mən ona yazmışam və cavabını gözləyirəm. Görünür ki, yaddan çıxarıb və cavab verməyib. Əgər siz ikinizdə mənim xahişimi yerinə yetirməsəniz, Bakıya gələndə mənimlə görüşməyin. Məndən bir də salam. Bakı haqqında sizə bildirirəm ki, həyat burada olduqca çətinləşib və yaşamaq qeyri-mümkündür. Xəbər gözləyirik, tələsin. Sənin Arşak Sarkisov 22.11 1919-cu il».

«21 noyabr 1919-cu il. № 1. Gizli. Petrovsk dəstəsinin qərargahına. Raport. Cənubi Rusiya Silahlı Qüvvələrinin Baş komandanının nümayəndəliyindən polkovnik Palitskinin tapşırığı ilə Bakıdan gedən Solomon Balasanyantsa (21 noyabrda verilmiş, pasport nömrəsi 6745) mənim tərəfimdən vəsiqə verilmişdir. Xahiş edirəm ona lazım olan təqdirdə mümkün köməklik göstərəsiniz. Polkovnik Zdanoviç».

31 yanvar 1920-ci ildə sənədlərdə adı çəkilən Ermənistanın Bakıdakı diplomatik missiyasının informasiya şöbəsinin müdirinin köməkçisi Arşak Sarkisov nümayəndəliyin rəhbərinə 1 saylı raportla müraciət edərək, Azərbaycan əks-kəşfiyyat idarəsinin (əslində Əksinqilabla Mübarizə Təşkilatının) əməkdaşlarının həmin gün axşam saat 8-də onu adı çəkilən idarəyə izahat almaq üçün aparmaq istədiklərini bildirmişdir. Raportdan o da məlum olur ki, Sarkisov getmək istəməmiş, lakin əks-kəşfiyyatın nümayəndələri ona hədə-qorxu gəldikdən sonra getməyə məcbur olmuşdur. Və axırda xahiş edir ki, bu məsələyə aydınlıq gətirilsin.

18 fevral 1920-ci ildə isə Daxili işlər naziri M.Vəkilov Xarici işlər nazirliyinə «məxfi» qrifi ilə 513 saylı məktub yazmışdır. Məktubda göstərilir ki, Bakıda erməni diplomatik missiyasının üzvü Arşak Sarkisov haqqında sənədlər sizə göndərilir və onun respublikadan çıxarılması barədə DİN-i məlumatlandırmağı xahiş edir.

Sənədlər hər şeyi göstərir, ƏMT əməkdaşları bu əməliyyatı yüksək səviyyədə icra etmişdilər.

Əksinqilabla Mübarizə Təşkilatı Xarici işlər nazirliyi ilə də sıx əlaqə saxlayırdı. ƏMT-nın rəhbərliyi XİN vasitəsi ilə onların maraq dairəsində olan materialların əldə olunmasına çalışırdı. Yeri gəldikcə informasiya mübadiləsi aparılırdı.
17 dekabr 1919-cu ildə Tiflisdən Xarici işlər nazirliyinin ünvanına 122 saylı məktub göndərilmişdir. Məktubdan hiss edilir ki, Xarici işlər nazirliyi əks-kəşfiyyat (əslində Əksinqilabla Mübarizə Təşkilatı nəzərdə tutulur) şöbəsinin xahişi ilə Tiflisdən çıxarılaraq Bakıya göndərilmiş şəxslərin siyahısını hazırlamışdır. Və məktubda o da göstərilir ki, «siyahı əks-kəşfiyyatın rəisinə təqdim edilmək üçün göndərilir». Məktubun üzərində siyahının general-qubernatora və əks-kəşfiyyatın rəisinə göndərilməsi barədə kiçik qeydlər vardır.

ƏMT-nın ikinci rəisi olmuş Nağı bəy Şeyxzamanlının sonralar İstambulda çap olunmuş «Azərbaycan istiqlal mücadiləsi xatirələri» kitabında Əksinqilabla Mübarizə Təşkilatının bir əməliyyatından danışılır. Sən demə, bir rus tez-tez iranlı baqqalın dükanına gəlir, araq içir və məktublar yazırmış. Bir dəfə bunu ƏMT-nın əməkdaşı müşahidə edir. Və rus ƏMT tərəfindən həbs edilir. Bağlaması isə götürülür. Məlum olur ki, bu bağlamada olanlar casus materialları imiş. Denikin casusu yüzbaşı Starkov Azərbaycan Baş Qərargahına məxsus qiymətli sənədlər toplaya bilmişdir. Starkov izahatında göstərirdi ki, bu sənədi Hərbi nazir general-leytenant Mehmandarovun nəvəsinin mürəbbiyəsi vasitəsi ilə ələ keçirmişdir. ƏMT əməkdaşları əməliyyat-təhqiqat işləri aparmış və öyrənmişlər ki, sənəd başqa yolla ələ keçirilmişdir. Həmin məsələdən Səməd bəy Mehmandarov bərk əsəbiləşir. Nağı bəy qoca generalı sakitləşdirir, bildirir ki, Starkov izi itirmək üçün bu məsələni uydurmuşdur. Və o, ifşa edilir. Azərbaycan əks-kəşfiyyatçılarının sayıqlığı nəticəsində Starkov layiqli cəzasını alır.

Nağı bəyin bir xatirəsi də xüsusi ilə yaddaqalandır. O, qeyd edir ki, general Denikinin ordusundan üç polkovnik rütbəli zabit Bakıya gəlmişdilər. Onları ƏMT-ya gətirirlər. həmin şəxslər Azərbaycan hökuməti ilə görüşüb Xəzər dənizində olan sursat dolu 27 hərbi gəminin taleyini həll etmək istəyirdilər. Onları Nazirlər Şurasının sədri Nəsib bəy Usubbəyovla görüşdürdüm. Danışıqlar nəticəsində razılıq əldə edildi. Ruslar gəmiləri və sursatları təhvil verəcək, əvəzində isə onlara Avropa dövlətlərinin birinin pulları veriləcəkdi. Nağı bəy və həmin üç polkovnik gəmilərin yerləşdiyi Ənzəli limanına gəlirlər. Hər şey həll edildikdən sonra Nağı bəyin özü ilə gətirdiyi 27 Azərbaycan bayrağı həmin gəmilərdən asılır. Bununla da gəmilərin batırılmaq təhlükəsi aradan qalxdı.

Nağı bəyin bu xatirəsini elə belə xatırlamadım. Demək istəyirəm ki, Azərbaycan dövləti, onun təhlükəsizlik xidməti bütün imkanlardan istifadə edib gənc dövlətin mənafeyi naminə çalışırdılar. Və bu işlərdə az da olsa onun xüsusi xidmət və təhlükəsizlik orqanlarının da payı vardı. Birdə aydın olur ki, bu tipli prinsipial məsələlərin həllində Nağı bəyin rəhbərlik etdiyi ƏMT da öz işini vicdanla yerinə yetirirdi.

Onu da deyək ki, bolşevizmin fəaliyyətinin get-gedə gücləndiyi 1920-ci illərin əvvəllərindən etibarən artıq hiss olurdu. AXC hüquq-mühafizə və xüsusi xidmət orqanları bütün səylərini bolşevizmlə mübarizəyə həsr etsələr də vəziyyət günü-gündən çətinləşirdi. Azərbaycan qəzetinin 7 mart 1920-ci il tarixli 47 saylı nömrəsində bildirilir ki, martın 6-da AXC Nazirlər Şurası əks-kəşfiyyatın ləğv edilməsi barədə qərar qəbul etmişdir. Nazirlər Şurasının bu iclasında Daxili işlər nazirinin çıxışı dinlənilmiş və həmin çıxışın əsasında əks-kəşfiyyat idarəsi ləğv edilmişdir. Əksinqilabla Mübarizə Təşkilatının ləğv edilməsi ilə əlaqədar olaraq təşkilatın rəisi Nağı bəy Şeyxzamanov əməkdaşların bir çoxuna arayışlar vermişdir. Görünür, ƏMT-dən arayış onların digər yerlərdə işə qəbul edilmələri üçün lazım idi. ƏMT rəisi N.Şeyxzamanov əməkdaşların bir qisminə müsbət arayış-xasiyyətnamə vermişdir. Həmin əməkdaşlar arasında artıq tanıdığımız şəxslərin bir qisminin soyadı vardır: Tatyana Yemelyanovna Şepelyova, Hadı Qurbanoğlu, Əli Razi Şamçızadə, Bayram Məmmədov, Qasım İsmayılov, Baba Rzabəyov, Məmməd Hacıyev, Qənbər bəy Tahirov, Kazım Rzayev, Xeyrulla Əzimzadə, Məmmədibrahim Rzayev, Həsən Həsənov, Ağa Əliyev, Mirzəbaba Sadıqov, Həsən Əliverdiyev, Həbib Nuriyev, Ələskər Rzabəyov, Abbasqulu Yusifoğlu, İskəndər Hüseynzadə, Məryəm xanım Məmmədova, Aleksandr Şengeliya, İrza Məşədi Hüseynqulu oğlu, Hüseyn Mansurski. Arayış əsasən belə verilirdi. Məsələn, Verilir T.Y.Şepelyovaya ona görə ki, o, ƏMT-də 1919-cu ilin dekabrından 6 mart 1920-ci ilədək agent vəzifəsində xidmət etmişdir. Üzərinə qoyulmuş vəzifəsinin öhdəsindən vicdanla və ləyaqətlə gəlmişdir. İşdən təşkilatın ləğv edilməsi ilə əlaqədar azad edilmişdir. ƏMT-nın rəisi Şeyxzamanov.

Fikrimcə, bu arayış-xasiyyətnamələr ƏMT-da işləmiş əməkdaşların peşəkarlıqlarını, vətənə məhəbbət hisslərini öyrənmək baxımından maraqlıdır.

Ölkənin işğalına çox az  vaxt qaldığı bir zamanda ƏMT ləğv olundu. Bildiyiniz kimi, kəşfiyyat işi polkovnik İrza bəy Hacıbəylinskinin rəhbərlik etdiyi Azərbaycan Ordusunun Baş Qərargahının general-kvartirmeyster idarəsinin kəşfiyyat-əməliyyat bölməsi tərəfindən yerinə yetirilirdi. Bəs 6 mart 1920-ci ildən sonra Azərbaycanda əks-kəşfiyyat fəaliyyətini təmin edən qurum olmuşdur, ya yox? Sənədlər göstərir ki, olmuşdur. Milli Təhlükəsizlik Nazirliyinin arxivində saxlanılan bir sıra istintaq işləri sübut edir ki, Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalına 52 gün qalmış, yəni mart ayının 6-dan sonra ölkədə əks-kəşfiyyat təminatını Bakı General qubernatorluğunun tərkibində yaradılmış İnformasiya şöbəsi təmin etmişdir. 

MTN-in arxivində saxlanılan «Türk qərargahı» adlı istintaq işi ilə tanış olan zaman «Bakı general qubernatoru Tlexasın və əks-kəşfiyyatın rəisi Şahsuvarovun agenti idi» ifadəsinin işığında MTN və DİN-nin arxivlərində axtarışlar aparıldı. Şahsuvarov soyadlı bütün şəxslərin istintaq işlərini vərəqlədim. Nəhayət, Şahsuvarov Ələkbər xanın «keçmiş inform büronun rəisi Şahsuvarovun işi» adlı, 27 saylı istintaq işini tapdım. İstintaq materiallarından aydın olur ki, İnformasiya şöbəsi Əksinqilabla Mübarizə Təşkilatı buraxıldıqdan sonra faktiki olaraq əks-kəşfiyyat fəaliyyəti ilə məşğul olmuşdur. Dindirmə protokollarından aydın olur ki, İnformasiya şöbəsi Daxili işlər nazirinə və Nazirlər Şurasının sədrinə tabe idi. ƏMT-nın texniki funksiyaları, o cümlədən, təhqiqat, müşahidə, axtarış və həbs Bakı general-qubernatorun göstərişi ilə İnformasiya şöbəsinə verildi. İnformasiya şöbəsində çalışmış az sayda əməkdaşların bəzilərini müəyyən edə bilmişik. Şöbəyə rəhbərlik Ələkbər xan Şahsuvarova tapşırılmışdı. O, Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitimişdi. Həsən bəy Fətəlibəyov İnformasiya şöbəsi rəisinin köməkçisi vəzifəsində cəmisi yeddi gün işləmişdi. Polkovnik Cəmil bəy İnformasiya şöbəsinin xüsusi tapşırıqlar üzrə məmuru vəzifəsini daşımaqla yanaşı rəisin köməkçisi idi. Cəmil bəy Türk Ordusunun polkovniki rütbəsini daşıyırdı. Vyaçeslav Sergeyev baş agent vəzifəsini tuturdu. İnformasiya şöbəsində 10 apreldən işləyirdi. Baş agent Vəliyevin təəssüf ki, adı göstərilməyib. Hətta onunla birlikdə işləmiş Sergeyev də onun ancaq soyadını yazır. İzahatdan yalnız onu aydınlaşdırmaq mümkün oldu ki, Vəliyev əvvəllər polis orqanlarında çalışmışdı. Onu şəhərdə tanımayan yox idi. Axırıncı iş yeri axtarış polisində olmuşdu. Öz işinə ürəklə yanaşırdı. Azərbaycan Fövqəladə Komissiyasının hazırladığı «Keçmiş Bakı polisi» haqqında işin «Bakı axtarış polisinin dərəcəli məmurlarının siyahı»sında Vəliyevin adını dəqiqləşdirmək mümkün oldu. Ağaəli Vəliyev Bakı axtarış polisində mühafizəçi, agent işləmişdi.

Agentlər Xeybər Əli Zərbəli oğlu və Məmmədhüseyn Əliyevin də soyadlarını «Bakı axtarış polisinin dərəcəli məmurlarının siyahısı»nda dəqiqləşdirmək mümkün oldu. Həmin siyahıda Həsən bəy Fətəlibəyovun da adı keçir. Yerinə düşmüşkən bir məsələni də qeyd edim ki, həmin siyahıda Taisiya Şepelyovanın da adı keçir. O, axtarış polisində agent vəzifəsində çalışırdı. Taisiya Şepelyova sonralar Əksinqilabla Mübarizə Təşkilatının agenti vəzifəsini qəbul olunmuşdu. 22 yaşlı agent Nikolay Çikovani 1920-ci ilin yanvarından Gürcüstanın xüsusi zərbə batalyonunda xidmət etmişdi. 25 mart 1920-ci ildən İnformasiya şöbəsində xidmətə başlamışdı. Şöbənin ən gənc əməkdaşlarından biri idi.
İstintaq materiallarından o da məlum olur ki, İnformasiya şöbəsinin rəisi Ələkbər xan Şahsuvarov fəaliyyətinin ilk günlərindən artıq yaxınlaşmaqda olan bolşevik təhlükəsinə qarşı yorulmadan mübarizə aparmışdır. Az və çətin vaxtda o, bir sıra siyasi xarakterli əməliyyat işləri aparmışdır. O cümlədən, istehlakçıların anbarında bolşeviklərin saxladıqları partladıcı madddələrin yerinin müəyyən edilməsi ilə əlaqədar çox ciddi, məqsədyönlü iş aparılmış və uğurlu nəticə əldə edilmişdi.

İnformasiya şöbəsinin ən çox yadda qalan işi isə 19 aprel 1920-ci ildə, Azərbaycanın işğalına doqquz gün qalmış Balaxanıda 22 nəfər gənc bolşevikin həbsi ilə bağlı məsələ idi. Belə ki, sənədlərdən də göründüyü kimi, Ələkbər xan Şahsuvarovun böyük ustalığı sayəsində həmin dəstə ifşa edilmiş, dəstənin üzvləri isə həbs edilmişdilər. Elə həmin gün Ələkbər xan Şahsuvarov Daxili işlər nazirinin müavininə raport yazmışdır. Əməliyyat zamanı 22 nəfər tutulmuş, iclasın protokolu, «Molodoy kommunist» qəzeti, çağırış və digər sənədlər ələ keçirilmişdir.

Ələkbər xanın uğurlu əməliyyatı demək olar ki, əksəriyyət tərəfindən qiymətləndirilmişdir. Ələkbər xan sözün həqiqi mənasında bolşeviklərə qarşı qətiyyətlə çıxışlar edirdi. Aprel ayı Azərbaycan üçün elə bir ay idi ki, əslində nəinki ziyalılar, hətta az qala bütün Azərbaycanın əksər hissəsi Vətənin başı üzərində dolaşan qara buludları görürdülər. Və təbii ki, Ələkbər xan kimi milli ziyalılar da bunu görməyə bilməzdilər. Ancaq belə bir zamanda İnformasiya, əslində əks-kəşfiyyat şöbəsinə təkcə rəhbərliyi öz üzərinə ancaq əsl vətəndaş olan insanlar götürə bilərdilər. Və belə bir təhlükənin düz evin kandarında olduğu vaxtda yenə də ürəyi Vətən eşqi ilə döyünən insanlar müxtəlif səpgili əməliyyatlar keçirə bilərdilər. İstintaq sənədlərinə görə, Şahsuvarov bolşevik təşkilatlarının və onların üzvlərinin ifşa edilməsində yaradıcı fəaliyyət göstərirdi. Məsələn, məşhur bolşevik yoldaş Çurayev tutulanda Şahsuvarov tərəfindən Çurayevin tanınması və tanıyanın, hətta şöbənin əməkdaşlarından gizli qalması üçün böyük bir kombinasiya qurmuşdu. Çurayevi tanıyan şəxsləri Şahsuvarov gizli otaqlara yerləşdirmişdi, Çurayevi isə yaxşı işıqlandırılmış koridor ilə aparmışdı, koridorun əks tərəfində yerləşən pəncərənin arxasında isə Çurayevi tanıyan şəxs dayanmışdı. Şahsuvarov Çurayevə daha yaxşı və diqqətlə baxıb tanımaq üçün onu əməlli-başlı söhbətə tutmuşdu. Çurayev belə tutulmuşdu.
Bəs, yoldaş Çurayev kim idi? Hərbi İnqilab Komitəsinin sədrinin 28 aprel 1920-ci il əmri: «Şəhərdə müxtəlif təxribat daşıyan şayiələr gəzir ki, özbaşına həbslər aparılır, qara elementlər soyğunçuluq etmək və dövlət əmlakını mənimsəmək istəyirlər. Əksinqilabi qüvvələrlə, ölü soymaq, alverçilik və s. digər işlərlə mübarizə aparmaq üçün başda yoldaş Çurayev olmaqla Fövqəladə Komissiya yaradılsın. Bütün əhaliyə elan edilir ki, bütün şayiələr, alverçilik və digər işlərə görə Hərbi İnqilabi şəraitin qanunlarına əsasən ciddi mübarizə aparılacaq, ölü soyanlar isə güllələnəcəkdir».
28 aprel işğalından sonra bir müddət Fövqəladə Komissiyaya rəhbərlik etmiş bolşevik Çurayevin Bakıda nələr etdiyi tarixdən məlumdur.

Ələkbər xan Şahsuvarov da digər təhlükəsizlik və xüsusi xidmət orqanlarının əməkdaşları kimi gənc ölkənin müdafiəsində əlindən gələni əsirgəmədi. İnformasiya şöbəsi fəaliyyətini yalnız bolşevik Rusiyasının Azərbaycanı işğal etdiyi gün fəaliyyətini   dayandırmağa məcbur oldu.     

28 aprel 1920-ci il işğalından sonra dövlət və hökumət  adamları, hərbçilər, mədəniyyət xadimləri və digərləri kimi xüsusi xidmət və təhlükəsizlik  orqanlarında çalışmış  onlarla insanlar da qırmızı terrorun təzyiqlərinə məruz qaldılar. Onların bəzilərinin taleyi barədə arxiv materiallarına əsasən qısaca məlumat vermək olar. Az müddət ərzində böyük işlər görmüş, Vətənin təhlükəsizliyinin təmin edilməsində, ƏMT-nın qurulmasında müstəsna əməyi və ilk rəisi olan Məmmədbağır bəy Şeyxzamanov işğalın ilk günlərində həbs edilərək güllələndi. Bakı general-qubernatorluğunun İnformasiya şöbəsinin rəisi Ələkbər xan Şahsuvarovu elə işğal günü, 28 apreldə bolşeviklər həbs etdilər. O, 13 may 1920-ci ildə 11-ci Qızıl Ordunun xüsusi şöbəsinin əməkdaşları tərəfindən güllələnmişdir. Azərbaycan Ordusu qərargahının general-kvartirmeyster idarəsinin kəşfiyyat bölməsinin rəisi polkovnik İrza bəy Hacıbəylinski də bolşevik gülləsinin qurbanı oldu. Azərbaycanın ilk kəşfiyyatçısı Məmməd bəy Hüseyn bəy oğlu Əliyev həbsxanalara atılmış, yalnız bir il doqquz aydan sonra həbsdən azad olunmuşdur. ƏMT Sabunçu-Balaxanı rayon bölməsinin rəisi Məmmədtağı Dadaşov, agentlər Əli Razi Şamçızadə, Mirzəbaba Sadıqov, Məmmədibrahim Rzayev, Hüseynqulu Hüseynov və Müslüm Yusifxanov barəsində də MTN arxivində materiallar saxlanılır.  Azərbaycan DSİ-nin məhkəmə kollegiyası Məmmədtağı Dadaşovu  10 il müddətinə azadlıqdan məhrum etdi. Əli Razi Şamçızadə güllələndi. M.Sadıqov və M.Rzayevə 10 il, H.Hüseynova 3 il müddətinə həbs cəzası kəsildi. Müslüm Yusifxanov 8 il azadlıqdan məhrum edildi və iki aydan sonra Müslüm bəy həbsxanada dünyasını dəyişdi.

ƏMT-ya Məmmədbağır bəydən sonra rəhbərlik etmiş Nağı bəy Türkiyəyə mühacirət etməyə məcbur oldu. O, Azərbaycandan kənarda yaşasa da bir an olsa belə Vətənini, orada baş verən prosesləri diqqətdən kənarda qoymamışdır. Onun İstambulda «Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağızadə» (1957), «Dərdləşmə» (1963) və «Azərbaycan istiqlal mücadiləsi xatirələri» (1964) adlı kitabları Azərbaycan istiqlal tariximizin öyrənilməsi baxımından qiymətli əsərlərdir.

Əksinqilabla Mübarizə Təşkilatının rəis müavini vəzifəsini tutan Mahmud Balabəy oğlu Səfikürdski 28 apreldən sonra bir müddət Azərbaycan Fövqəladə Komissiyasında işlədi. Sonra «ƏMT-dakı fəaliyyəti zamanı “bolşevikləri incitdiyinə görə» işdən çıxarıldı, həbs olundu, sonra azad edildi və Azərbaycanı tərk etmək məcburiyyətində qaldı. O, İstambulda ailə həyatı qurmuş, 1972-ci ildə orada vəfat etmişdir.

Bir məsələni də qeyd edək ki, bolşevik cəza maşını gecə-gündüz axtardıqları, yaxud təqib etdikləri vətəndaşları həbs etməklə kifayətlənmir, onların ailə üzvlərini, qohum-əqrəbalarını də məhv edirdilər. Onlarla tanınmış əsilli-nəsilli insanlar təkcə məlum soyadı daşıdıqlarına görə sürgünə göndərilirdilər. Bəzən isə heç bir qohumluq əlaqəsi olmayan sadəcə oxşar soyadı daşıdığına görə ayrı-ayrı insanları gedər-gəlməzə yola salırdılar.

Göründüyü kimi, cildini dəyişmiş imperiya və tez-tez adını dəyişən xüsusi cəza maşınları Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarını, onun rəhbərlərini, müxtəlif təşkilatlarda işləyən mütəxəssislərini, təhlükəsizlik və xüsusi xidmət orqanlarının əməkdaşlarını, tanınmış milli ruhlu ziyalılarını, ayrı-ayrı vətəndaşlarını axtarır, hətta uzun illər keçsə belə, onların siyahılarını unutmurdular. 1920-50-cı illər arasında bolşevik cəza maşını faktiki olaraq işini görüb qurtardı. Belə ki, bu illər ərzində yüzlərlə Azərbaycan vətəndaşı güllələndi, sürgünə göndərildi, yaxud həbsxanalara salındı.
Biz müstəqil Azərbaycan kəşfiyyat və əks-kəşfiyyat orqanları tarixində böyük iz qoymuş kornet Ağalarovu, esaul Yusupovu, Azərbaycanın xaricdə ilk kəşfiyyatçıları Məmməd bəy Əliyevi, düşmən əhatəsindən birbaşa zəruri məlumatlar ötürən Şahzadə Məmmədi, ƏMT-ya ləyaqətlə rəhbərlik etmiş Məmmədbağır bəy və Nağı bəy Şeyxzamanov qardaşlarını, ƏMT-nın ən vətənpərvər və layiqli əməkdaşlarından olan Məmmədtağı Dadaşovu, Əli Razi Şamçızadəni, bolşevik işğalına cəmisi iki ay qalmış hərbi kəşfiyyata rəhbərliyi öz üzərinə götürmüş İrza bəy Hacıbəylinskini, Bakı general-qubernatorluğunun İnformasiya şöbəsinin rəisi Ələkbər xan Şahsuvarovu və digərlərini Vətəninin azad ol-masını hər şeydən üstün tutan və bu yolda canını qurban verrmiş şəxsiyyətləri unutmamalıyıq. Bunu Vətənin müstəqilliyi uğrunda canlarını fadə etmiş yüzlərlə həmvətənlərimizin ruhu tələb edir.

son

Qaynar.info