Xəbər lenti

Azərbaycan klubunun 5 əcnəbi futbolçusu millilərində nə etdi?
İdman04:12 30.03.2016

Azərbaycan klubunun 5 əcnəbi futbolçusu millilərində nə etdi?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropada dünən mart ayının son yoldaşlıq matçları keçirilib. Bu matçlardan 4-də Azərbaycanda çıxış edən əcnəbi futbolçuların komandaları iş başında olublar.

Qaynar.info xəbər verir ki, Estoniya öz meydanında Serbiya yığması ilə qarşılaşıb və 81-ci dəqiqədə "Mançester Siti"nin futbolçusu Aleksandar Kolarovun vurduğu qol qonaqlara qələbə qazandırıb. "Qəbələ"nin hücumçusu Sergey Zenyov yenə start heyətində meydana çıxsa da, qol vura bilməyib. Ancaq Norveçlə matçdan fərqli, o bu dəfə mərkəz hücumçusu kimi yox, sağ cinah yarımmüdafiəçisi kimi çıxış edib. Zenyov 88-ci dəqiqədə Maksim Qusevlə əvəzlənib.

Gürcüstan millisi martın 26-da yığmamızın Antalyada 0:1 hesabı ilə uduzduğu Qazaxıstanla qarşılaşıb. Tiflisdəki matçda tərəflər hərəyə 1 qol vurub. Gürcüstanın yeganə qoluna 38-ci dəqiqədə "Qarabağ"ın sabiq hücumçusu Nikoloz Qelaşvili vurub. O, millisində 2-ci dəfə fərqlənib. Bakı "İnter"inin mərkəz yarımmüdafiəçisi Nika Kvekveskiri isə 78-ci dəqiqədə İspaniyanın "Ximnastik" klubunun futbolçusu Georgi Aburcaniyanı əvəzləyərək meydana daxil olub.

Avropa çempionatının sürpriz iştirakçılarından olan Albaniya səfərdə Lüksemburqdan üstün olub - 2:0. "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli bu dəfə ehtiyatda qalıb. İtaliyalı baş məşqçi Canni de Biazi daha çox ehtiyat qüvvəyə şans verib.

Qitə birinciliyinin digər iştirakçısı İsveçrə isə gözlənilmədən öz meydanında Bosniya və Herseqovina millisinə uduzub - 0:2. "Qarabağ"ın qapıçısı İbrahim Şexiç ötən matçdan fərqli, bu dəfə ehtiyatda qalıb.

"Zirə"nin hücumçusu, Azərbaycan Premyer Liqasının 10 qolla hazırkı bombardiri Nelson Bonilya isə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Salvador millisi ilə Hondurasın qonağı olub. Bonilya evdə sonuncu qolu vurmaqla komandasına 1 xal qazandırsa da, bu dəfə 90 dəqiqə ərzində rəqib qapısına yol tapa bilməyib. Salvador millisi isə Hondurasa 0:2 uduzmaqla qrup sonuncusu olub.

Qaynar.info