
Xəbər verdiyimiz kimi, martın 30-da UEFA CFCB-nin İstintaq Palatasının qəbul etdiyi 10 dekabr 2015-ci il tarixli AC-05-2015 nömrəli qərarını qüvvədə saxlayaraq, Bakının “İnter” Peşəkar İdman Klubunu növbəti 3 avrokubok mövsümündən (2016/2017, 2017/2018, 2018/2019) birində (ölkədaxili futbol mövsümünün yekun nəticələrinə görə avrokubok oyunlarına vəsiqə qazanacağı halda) iştirak hüququndan məhrum etmişdi.
Qaynarinfo.az xəbər verir ki, İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək hüququndan yararlanan “İnter” PİK-in mənafeyini qoruyan hüquq şirkəti işlə bağlı zəruri sənədləri toplayaraq, 2 gün əvvəl CAS-a müraciət edib.
Artıq CAS-dan işlə bağlı rəsmi cavab alınmışdır. Məktubda bildirilir ki, “İnter” PİK-in işlə bağlı zəruri sənədlər toplusu qəbul edilmiş və nəzərdən keçirilmişdir. Bundan başqa, məktubda qarşı tərəfin (UEFA) işlə bağlı 20 gün ərzində rəsmi mövqe bildirməsinin zəruri olduğu qeyd olunmuşdur. İşlə bağlı məhkəmənin keçirilməsi tarixi UEFA-nın məsələyə rəsmi mövqe bildirməsindən sonra müəyyən ediləcək.
Qeyd edək ki, məsələ ilə bağlı əlavə xəbər olduğu zaman "İnter"in saytı rəsmi məlumat verəcək.
Qaynarinfo.az