
Məlum olduğumuz kimi, Azərbaycan millisi mayın 23-dən Avstriyada təlim-məşq toplanışındadır. Artıq yığmamız mayın 26-da Andorra, 29-da isə Makedoniya milliləri ilə hazırlıq görüşləri keçirilib. Lakin heç bir oyun Azərbaycan teleməkanında göstərilmədi.
Qaynarinfo.az xəbər verir ki, iyunun 3-də Kanada millisi ilə oyun da eyni aqibəti yaşayacaq. Futbol tamaşaçıları ən yaxşı halda Avstriyanın "Laola1" internet portalı vasitəsi ilə oyunu izləmək məcburiyyətində qalacaq.
Bəs oyunların göstərilməməsinə səbəb nədir? Maliyyə baxımından o qədər də zəif olmayan "CBC Sport" niyə oyunları canlı yayımlamadı? Bu suallara cavab tapmaq üçün sözügedən telekanalın baş redaktoru Şəmsəddin Abbasovla əlaqə saxladıq.
O, yayımın baş tutmamasına səbəb kimi qarşı tərəfin yüksək məbləğ istəməsini əsas gətirdi: "Biz oyunları yayımlamaq istəyirdik. Bunun üçün Avstriya şirkəti ilə danışıqlar da apardıq. Danışıqlarda 3 yoxlama oyunumuz nəzərdə tutulmuşdu. Lakin qarşı tərəf yoxlama oyunlarına xas olmayan astronomik məbləği bizdən istədi. Belədə razılaşa bilmədik".
Qaynarinfo.az