Xəbər lenti

Azərbaycan millisinin futbolçusu Müllerə bənzədildi
İdman13:20 06.07.2016

Azərbaycan millisinin futbolçusu Müllerə bənzədildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Baş məşqçinin burda ciddi dəyişikliklər etdiyini gördüm. Onunla “Proyssen”də birlikdə çalışmaq imkanım olub. Pavel Doçevin oyun fəlsəfəsi tam ürəyimcədir”. 

Qaynarinfo.az xəbər verir ki, bunu 2-ci Bundesliqa klubu “Ertsqebirqe”yə yeni transfer edilən Azərbaycan yığmasının hücumçusu Dmitri Nəzərov deyib.

Hazırda yeni komandası ilə birlikdə təlim-məşq toplanışında olan təcrübəli futbolçu Almaniyanın "Fray Presse" nəşrinin əməkdaşı Sebastian Zibertsə açıqlamasında “Ertsqebirqe”yə kömək etmək iqtidarında olduğunu söyləyib. 3 mövsüm "Karlsrue"də 77 oyuna 10 qol vuran futbolçu bu barədə bunları deyib: “Düşünürəm ki, gənc komandamıza öz təcrübəmin köməyi dəyəcək. Mən mərkəzdə oynamağa üstünlük verirəm. Lakin məşqçi mənim güclü tərəflərimi daha dəqiq bilir. O məni ən düzgün mövqedə oynadacaq".

“Ertsqebirqe” klubu ötən mövsüm 3-cü Liqada II yeri tutaraq 2-ci Bundesliqada oynamaq imkanı əldə edib. Nəzərov isə komandasının bu çempionatda möhkəmlənəcəyini düşünür: “Burda rəqabət çox güclüdür. Bu çempionata “Hannover” və “Ştutqart” kimi daha 2 komanda əlavə olundu. Hansı ki, onlar uzun müddət çox yaxşı formada olublar. Buna baxmayaraq, “Ertsqebirqe” də çox keyfiyyətli komandadır. Bu klub 2-ci Bundesliqada debüt etməsinə baxmayaraq, yerini möhkəmlətməyi bacaracaq. Bunun üçün bir kollektiv kimi fəaliyyət göstərməliyik. 2-ci Bundesliqada hətta sonuncu pillələrdə gedən komanda da özünü yaxşı tərəfdən göstərməyi bacarır”.

“Ertsqebirqe” klubunun bolqar baş məşqçisi Pavel Doçev də 26 yaşlı futbolçu haqda fikirlərini bildirib. O, Nəzərovu Almaniya yığmasının aparıcı oyunçularından olan Tomas Müllerlə müqayisə edib: “Dima ilə daim əlaqədə idim. Onun 2-ci Bundesliqa təmsilçisi “Fortuna” ilə danışıqlar apardığını bilirdim. Bir gün onunla telefon danışığı çox gözəl alındı və keçid baş tutdu. Hadisələr çox sürətlə cərəyan etdi. Dima oyun üslubuna görə mənə Tomas Mülleri xatırladır. Onun zərbələri və hərəkətləri bir qədər qəribə və qeyri-adi görünür. Nəzərov hər zaman meydanda fərq yaratmağı bacarır”.

Qeyd edək ki, 2014-cü ildən Azərbaycan yığmasının formasını geyinən Dmitri Nəzərov bu yaxınlarda yeni klubu ilə 2 illik müqavilə imzalayıb. O, uzun müddətə zədələnmiş hücumçu Maks Veqnerin yerinə alınıb.

Qaynarinfo.az