Xəbər lenti

Azərbaycan Ordusunda sirli ölüm taboru
Ölkə16:24 23.03.2014

Azərbaycan Ordusunda sirli ölüm taboru

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Aqil Alışov,

ehtiyatda olan baş leytenant 

“Əyninə hərbçi libası geymiş yüksək rütbə sahibində üç keyfiyyət olmalıdır: hərbçi ləyaqəti, hərbçi vicdanı, hərbçi əxlaqı”. Bu Çinin məhşur sərkərdəsi, “xalqın təhlükəsizlik atası” Sun Tzun fikridi. Öz ordumuzda generalitetin əxlaqını, vicdanını və ləyaqətini şərh etmək fikrim yoxdu. Sadəcə… öz yerində olmayanların hesabına yaranan “Nə etməli?” sualıdır. Bizim ordu “Nə etməli?” sualına cavab tapıbmı?

Bəlkə də, ordu sıralarında zabit kimi xidmət etməsəydim, başlanılan bu kampaniyalar, döyüş bölgəsindən savaşın paytaxta gətirilməsi mənə də adi gələrdi. Amma gördüklərim başqa, oxuduqlarım başqa… Və indi mən oxuduqlarımla gördüklərimin arasında qalıb, bildiklərimin içində qovruluram. Heç bir təmənnaya söykənməyən yazılarımın bir məqsədi var: əsgər və zabitlərimizin yaşam tərzlərindən, gördüklərimlə oxuduqlarımın müqayisəsindən sizləri xəbərdar etmək!

SÖZARASI: Elzas-Lotaringiya 30 il əsarətdə qaldı. Amma Fransada bir restorana, kafeyə, şadlıq evinə və saraya, ticarət mərkəzinə bu ad verilmədi. Fransız xalqı və fransız jurnalistikası ilə siyasəti Prezidentə müxalif olmadı, onu ittiham etmədi. Əksinə, bir ələ vurub… ORDUYA VƏ KİLSƏYƏ DƏSTƏK OLDU! Amma bizdə…

I. BAŞADÜŞÜLMƏYƏN BAŞADÜŞÜLƏNLƏR

Azərbaycan Ordusunun üstünə gedən bir ölüm taboru var. Mətbuatdan hər gün qulaq və göz şahidi olduğumuz qara xəbərlərin qarşısını necə almaq məsələsi ilə bağlı gündəmi zəbt edən məqalələr yetərincə deyil. Şəxsi ambisiyaları bir qırağa qoymağın vaxtı çatıb, cənab generallar, mətbuat kapitanları, ehiyatda olan ehtiyatlı və ehtiyatsız zabitlər! 

Bu gün Azərbaycan əsgərini qorumaq təkcə zabitdən asılı deyil. Axı niyə Müdafiə Nazirliyindən başqa güc strukturları mətbuatın hədəfində yoxdur? Heç araşdırma aparmısınızmı ki, zabitlərə döyüş növbəsini çəkmək və döyüş tapşırığını yerinə yetirmək üçün hansı kateqoriyalı əsgərlər təhvil verilir? Bu gün başadüşülməyən təkcə bu deyil! 

Əsgər ölümlərinin günahkarı zabitlərin timsalında təkcə Müdafiə Nazirliyidirmi?

Əsgər ölümlərinin səbəbini araşdıranlar, Allahınız olsun! 18 il valideyn və müəllimlərin ailə və pedaqoji tərbiyəsindən çıxmış əsgərin ehtiyatsızlığı ucbatından baş verən hadisələri qloballaşdırmaq, bundan şou düzəltmək hansısa zülmlə karyera qurmuş bir zabitin rütbəsinin sökülməsinə gətirib çıxardır. Əgər 18 il bu uşağı lazımınca maarifləndirilib həmin zabitə təhvil vermiriksə, 18 aya zabit buna necə tərbiyə verə bilər? 

Bu gün niyə bütün təşkilatlar dövlət və qeyri-hökümət təşkilatları, bütün aidiyyatı olanlar - ailədən tutmuş bütün maarifləndirmə institutlarına qədər hamı niyə hərbi-vətənpərvərlik ruhunda təbliğat aparmırlar ki, əsgər səngərdə döyüş növbəsində əziyyət çəkməsin. İndi 18 ildə verilən təhsil və tərbiyə ilə 18 ayda öyrədilənləri hesablayın, həm də hansı əziyyət və əsəb gərginliyi hesabına... 

Hesablayın, amma təəccüblənməyin! Cəmiyyətin boynuna düşənləri şəxsən MÜDAFİƏ NAZİRİNİN boynuna yıxıb bundan şou düzəltmək heç kimə başucalığı gətirməyəcək!

II. AZƏRBAYCAN ORDUSUNDA ÜÇÜNCÜ QÜVVƏ 

Azərbaycan Ordusunda sirli ölüm taboru var – “üçüncü qüvvə” missiyasında!

Bu taborun tərkibində milli və qeyri-milli qüvvələr var.

Bu taborun tərkibində İNTİHAR bölüyü var!

Bu taborun tərkibində millətə, dövlətə nifrət bölüyü var!

Bu taborun tərkibində Azərbaycanın yaxşı zabitlərini gözdən salmaq, onları aşağılamaq üçün snayperlər var!

Bu tabor ölüm taborudur!

Bu tabor düşmən taborudur!

Bu taborun adı “sirli ölüm taboru”dur.

Gəlin hamımız bu tabora qarşı birləşək!

Az qala hər gün intihar edən əsgərlərin ölümünə günahkarlar da bunlardır.

Birləşək, cənab zabitlər, media mənsubları, Təhsil Nazirliyi, Hərbi Prokurorluq, Hərbi Çağırış Üzrə Səfərbərlik xidməti!

Azərbaycan Ordusunu düşmən ordusunun qorxulu yuxusuna çevirək.

“Buna hazırsınızmı?” demirəm, “bunun üçün hazırlaşaq və birləşək” deyirəm! 

SÖZƏ SÖYKƏK: DÖYÜŞ tapşırığını təkcə səngərdə olan əsgər və zabitlər yerinə yetirmir. Mülki vətəndaş olaraq hamımızın BORCU vətənə xidmət etmək və öz sahəmizə, ixtisasımıza uyğun DÖYÜŞ TAPŞIRIĞINI yerinə yetirməkdir. Vətən, torpaq, millət, qeyrət naminə!

SOS: DÜŞMƏN TƏKCƏ QULAQ ASMIR, HƏM DƏ İZLƏYİR...

Aktual.az