Xəbər lenti

Azərbaycan Premyer Liqasında oyunları idarə edəcək hakimlərin məvacibləri açıqlandı
İdman09:54 30.08.2021

Azərbaycan Premyer Liqasında oyunları idarə edəcək hakimlərin məvacibləri açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Premyer Liqasının oyunlarını idarə edən referilərə "Peşəkar hakim" statusu veriləcək.
Qaynarinfo AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qurumun İcraiyyə Komitəsinin 2021-ci il avqustun 19-da keçirilmiş iclasında 2021-ci il sentyabrın 1-dən etibarən Azərbaycan Premyer Liqasının oyunlarını idarə edən hakimlər üçün "Peşəkar hakim” statusu sisteminin tətbiq olunması barədə qərar qəbul olunub. Belə ki, sözügedən status Premyer Liqa oyunlarını idarə edən 10 referi (baş hakim) və 15 referi köməkçisinə veriləcək. Peşəkar statusu ilə bağlı həmin hakimlərin hər biri ilə müvafiq müqavilə imzalanacaq.
Peşəkar hakim statusuna malik olan referilərə oyunlara təyinat alıb-almamasından asılı olmayaraq, aylıq 1000 AZN (gross), referi köməkçilərinə isə 700 AZN (gross) məvacib ödəniləcək.
Peşəkar statusa malik hakimlər əvvəlki qaydada hər oyun üçün müvafiq qonorar da alacaqlar.
Peşəkar statusa malik hakim digər işdə də çalışa bilər, lakin həmin şəxs üçün prioritet hakimlik olmalı, seçim qarşısında qalarsa, üstünlüyü peşəkar hakim statusu ilə əlaqədar bağladığı müqaviləyə verməlidir.
Ciddi səhvə yol verəcəyi təqdirdə, müvafiq hakim peşəkar statusundan müəyyən müddətə məhrum oluna bilər.
Peşəkar statusu ləğv olunan hakim aylıq ödənişdən məhrum olunur və oyunlara təyinat alacağı təqdirdə, həmin hakimə yalnız qonorar ödəniləcək.
Hakimlərin peşəkar statusdan məhrum olunması ilə bağlı qərar Hakimlər Komitəsi tərəfindən qəbul olunur. Zərurət olacağı təqdirdə AFFA prezidenti və/və ya İcraiyyə Komitəsi hakimlərin peşəkar statusdan məhrum olunması səlahiyyətinə malikdir.
Hakimlərə peşəkar statusun verilməsi, statusdan məhrum və bərpa olunması ilə bağlı məsələlərə Hakimlər Komitəsi tərəfindən mütəmadi qaydada baxılacaq, bununla bağlı ictimaiyyətə şəffaf şəkildə məlumat veriləcək.
Səbuhi Həsənov