Xəbər lenti

Azərbaycan qadınlarının həsrət qaldığı 8 mart güzəştləri
Ölkə14:13 08.03.2016

Azərbaycan qadınlarının həsrət qaldığı 8 mart güzəştləri

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə dünyanın  ayrı-ayrı ölkələrində  xanımları  müxtəlif  formada təbrik edirlər.  Qadınlar Günü münasibətilə hər il  Türkmənistanda xanımlara  dövlət tərəfindən qeyri-adi hədiyyələr verilir. Bu il Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ölkədəki qadınlara pul hədiyyəsinin verilməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, bu gün hər qadına 40 türkmən manatı (təqribən 11 dollar) verilib. Hədiyyələr məktəbli şagird və azyaşlı qızlara da aiddir.
Qadınlar bayramı Rusiyada da böyük təmtəraqla qeyd edilir. Restoranlar və əyləncə mərkəzləri martın 8-də onlara üz tutan xanımlardan ödəniş  almır.
Çində 8 mart qadınlar bayramı daha maraqlı qeyd olunur. Bayram günü yalnız qadınlar üçün qeyri-iş günü sayılır. Kişilər isə həmin gün həmişə olduğu kimi işə gedirlər.
İtaliyada xanımlar öz bayramlarını xüsusi təntənə ilə keçirirlər. 8 mart günü müxtəlif əyləncə məkanlarına giriş italiyalı xanımlar üçün  pulsuz olur.
Türkiyədə də bu gün qadınlar üçün ən sevimli günlərdən biridir. 8 mart günündə gəzintiyə çıxan bütün qadınlar ictimai nəqliyyatdan pulsuz istifadə edirlər.
Avropanın bir çox ölkələrində beynəlxalq qadınlar günü münasibəti ilə əksər mağazalar xanımlara ya aldıqları məhsulun üzərində tamamilə təmənnasız ikinci bir hədiyyə də verir, ya da ona alacağı məhsulda xüsusi endirimlər edirlər. Əsas məsələ odur ki, onların etdikləri endirimlər həqiqi endirimlərdir. Avropada aviaşirkətlərdən biri 8 mart günündə  səyahət edən xanımları  müxtəlif formada təbrik edir.
 Azərbaycanda  da bu  tarix qeyri-iş günü sayılır. Amma bir çox müəssisələrdə qadınlar deyil, kişilər istirahət edirlər. Bu gün münasibəti ilə   bir çox mağazalar, banklar, şirkətlər   xanımlar üçün müəyyən güzəştli  kampaniyalar elan etsələr də,  təəssüflər olsun ki, onların elan etdiyi endirim  kampaniyaları bir çox hallarda həqiqi olmur. 
Məsələn,   parfüm və kosmetika satışı ilə məşğul olan  mağazalarda  üzərində yüksək faizli endirimlər olduğu yazılsa da,  məhsulların əksər hissəsində endirimdən əsər-əlamət belə olmur. Bundan başqa, çox vaxt üzərində endirim yazılan məhsullar heç də keyfiyyətli çıxmır.
Paytaxtda fəaliyyət göstərən kosmetika satışı ilə məşğul olan  mağazalardan  birinə hədiyyə üçün üz tutan Günel Məmmədova deyir ki,  bayramla əlaqədar qadınlara hədiyyə vermək əvəzinə yalançı endirimlərlə  insanları aldadır: “Mən   anama  hədiyyə almaq  üçün paytaxtın bir çox “adlı-sanlı” mağazalarına daxil oldum. Bəzilərinin üzərində 50-70% endirim yazılıb, bəzilərində isə "2 məhsulu al birinin qiymətini ödə" kampaniyası.  Amma bunlar saxta güzəştlərdir. Çünki iki həftə bundan əvvəl həmin mağazalardan birindən aldığım 13 manatlıq ənliyin qiyməti bu gün 37 manat, 45 manatlıq ətir 90 manat, 33 manatlıq tonal krem isə 50 manata satılır. Qiymətləri iki dəfə qaldırıblar.  Guya, birini alsam, birini pulsuz verirlər, halbuki, qiyməti iki dəfə qaldırıb, digərinin də pulunu məndən çıxırlar da”, - deyə şikayətçi bildirdi.
Bankdan kart götürmək istəyən Nəcibə Allahverdiyeva da narazıdır. O deyir ki, banklardan birinə müraciət edib pulsuz kart kampaniyasından yararlanmaq istəyib. Amma   qarşılaşdığı mənzərə ürəkaçan olmayıb. Elanda kartdakı pulun nağdlaşdırılmasının mümkün olduğu yazılsa da əslində belə olmadığı ortaya çıxıb.    “Müştəri  kartdan yalnız nağdsız ödənişlərdən istifadə edə bilər. Burada güzəşt yalnız kartın iş yerindən arayışla deyil, şəxsiyyət vəsiqəsi ilə verilməsidir”.
Bu onu göstərir ki, xarici ölkələrdən fərqli olaraq Azərbaycanda  8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə tətbiq olunan endirimlər, güzəştlər sadəcə reklam xarakteri daşıyır. Əsas məqsəd müştəriləri məmnun etmək deyil, onları saxta endirimlərlə cəlb etməkdir.  Amma nəzərə almaq lazımdır ki, bu saxta endirimlərə aldanıb mağazaya daxil olan alıcı növbəti dəfə həmin məkana bir daha üz tutmaq istəməyəcək. Nəticədə həmin şirkət öz müştərilərini itirmiş olacaq.(anspress)
Qaynar.info