"Formula 1" və "Formula 2" üzrə Azərbaycan Qran-prisində ikinci günə yekun vurulub.
Qaynarinfo-nun məlumatına görə, "Formula 2"də "ART Grand Prix" komandasından Frederik Vesti sprint yarışında bütün rəqiblərini qabaqlayıb.
"Formula 1"də "Red Bull"dan Serxio Peres üçüncü sərbəst yürüşdə ən yaxşı nəticəni göstərib. "Ferrari"dən Şarl Lekler isə sıralama turunun qalibi olub.
Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-də başa çatacaq.
19.56
Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turu başa çatıb.
Qaynarinfo-nun məlumatına görə, "Ferrari"dən Şarl Lekler birinci olub.
"Red Bull"un pilotu Serxio Peres ikinci, onun komanda yoldaşı Maks Ferstappen üçüncü yeri tutub.
7 qat dünya çempionu Lüis Hemilton 7-ci yerlə kifayətlənib.
15.55
Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisinin sprint yarışında qalib bəlli olub.
Qaynarinfo xəbər verir ki, "ART Grand Prix" komandasından Frederik Vesti 21 dövrənin yekununda bütün rəqiblərini qabaqlayıb. "Prema Racing"dən Jan Daruvala ikinci, "Carlin"dən Liam Louson üçüncü yeri tutub.
Qaliblər mükafatlandırılıb.
15.00
Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş başlayıb.
Qaynarinfo xəbər verir ki, yarışın təxminən bir saat davam edəcəyi gözlənilir.
Ötən gün test yürüşlərində "Red Bull"dan Serxio Peres və "Ferrari"dən Şarl Lekler ən yaxşı nəticəni göstəriblər.
Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-da başa çatacaq.
09.16
Bu gün "Formula 1" və "Formula 2" üzrə Azərbaycan Qran-prisində ikinci günə start veriləcək.
Qaynarinfo-nun məlumatına görə, "Formula-2"də sprint yarışında ən sürətli pilotlar müəyyənləşəcək.
"Formula-1"də üçüncü sərbəst yürüş və sıralama turu olacaq.
Azərbaycan Qran-prisi
11 iyun
"Formula 2"
13:30 - 14:20. Sprint yarışı
"Formula 1"
15:00 - 16:00. III sərbəst yürüş
"Formula 1"
18:00 - 19:00. Sıralama turu
İlk yarış günündə "Formula 1"də iki sərbəst yürüş, "Formula 2"də sərbəst yürüş və sıralama turu gerçəkləşib. "Formula 1"də "Red Bull"dan Serxio Peres və "Ferrari"dən Şarl Lekler test yürüşlərində ən yaxşı nəticəni göstəriblər. "Formula 2"də isə "Hitech Grand Prix" komandasından Yuri Vips hər iki yarışda birinci olub.
Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-da başa çatacaq. Həmin gün ilk olaraq "Formula-2"də yekun yarış baş tutacaq. Ardınca pilotların paradı, açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 15:00-da "Formula 1"də əsas yarış başlayacaq və yekunda qalib müəyyənləşəcək.