"Gərginliyin davam etməsi üçün artıq heç bir səbəb qalmayıb".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında baş tutan görüşü şərh edərkən deyib.
Deputat bildirib ki, zaman-zaman dövlətlər arasında müəyyən gərginliklər baş verir. Belə bir gərginlik Rusiya ilə Azərbaycan arasında da yaşandı:
"Bu gərginlik 10 ay davam etdi. Ancaq Düşənbədə keçirilən görüşdə həmin gərginliyə səbəb olan məsələlər tamamən aradan qaldırıldı. Çünki Rusiya Prezidenti qeyd etdi ki, təyyarəmizi vuranlar cəzalandırılacaq, dəyən ziyana görə də kompensasiya ödəniləcək".
Ancaq bununla yanaşı, deputat qeyd edir ki, gərginliyin dərhal bitməsində maraqlı olmayan qüvvələr də var:
"Simonyanlar, zatulinlər, solovyovlar var. Eyni zamanda, onlarla eyni düşüncədə olan, pərdə arxasında qalan gizli zatulinlər, solovyovlar da var ki, onlar da erməni lobbisinin təsiri altında gərginliyin davam etdirilməsinə çalışacaqlar".
Hikmə Babaoğlunun fikrincə, əsas siyasi iradə öz qətiyyətli mövqeyini bidlirdikdən sonra gərginlikdə maraqlı olan qüvvələrin fəaliyyəti də artıq iflasa uğrayacaq:
"Nəticədə Azərbaycan-Rusiya münasibətləri yenidən öz ənənəvi məcrasına qayıdacaq. Çünki gərginliyin aradan qaldırılması hər iki dövlət və xalqların marağındadır"
Qeyd edək ki, Tacikistanda keçirilən MDB dövlət başçılarının toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya lideri Vladimir Putin arasında görüş keçirilib və bir sıra məsələlər müzakirə edilib.
Rüfət Sultan
Şərhlər