
Bu gün Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında Azərbaycan yığması çıxışını başa vurub.
Qaynarinfo.Az xəbər verir ki, ilk dəfə iştirak etdiyi dünya çempionatında 1/4 finaladək irəliləyən yığmamız bu mərhələdə Portuqaliya millisi ilə qarşılaşıb. Qapıçı Rövşən Hüseynli, braziliyalı legionerlərimiz Vassura və Fineonun cəzalı durumda olması komandamızın məğlubiyyətində rol oynayıb - 2:3.
Yığmamızdan qolları braziliyalılar - Tiaqo Bolinya (12-ci dəqiqə, 1-ci saniyə) və Eduardo (34,27) vurub. Portuqaliyadan fərqlənən futzalçılar isə Co (7,27), Juan Matuş (17,48) və Rikardinyu (27,42) olub.
Oyundan sonra yığmamızın braziliyalı baş məşqçisi bunları deyib: “Oyun barədə onu deyə bilərəm ki, əvvəlcədən planlaşdırdığımız kimi oynadıq. Həm müdafiədə, həm də hücumda. Rəqibimiz qapımız qarşısında təhlükəli epizodlar yaratsa da, biz də bu baxımdan borclu qalmadıq. Doğrudur, vurduğumuzdan çox qol buraxdıq. Amma bu da təbii qarşılana bilər. Xüsusilə, son 4-5 dəqiqədə çox üstün oynasaq da, istədiyimiz hesabı əldə edə bilmədik. Bu nəticədən sonra başımızı aşağı salmamalıyıq. Artıq gələcək barədə düşünməliyik. Hesab edirəm ki, ümumilikdə, komanda dünya çempionatında pis çıxış etmədi. İndi növbəti planlarımızın nədən ibarət olmasına diqqət yetirməliyik”.
Qeyd edək ki, 1/4 finalın digər görüşlərində İran Paraqvayı 4:3 (əlavə vaxt qolu ilə), Rusiya İspaniyanı 6:2, Argentina isə Misiri 5:0 məğlubiyyətə uğradıb. Sonda Azərbaycan - Portuqaliya oyununun videoicmalını təqdim edirik:
Qaynarinfo.Az