2023-cü il 1 yanvar tarixindən qüvvəyə minəcək "Qida təhlükəsizliyi haqqında” yeni Qanuna əsasən, ölkə ərazisində yem üçün istifadəsi nəzərdə tutulan genetik modifikasiya olunmuş orqanizmlərin, habelə yalnız genetik modifikasiya olunmuş orqanizmlərdən ibarət olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən əldə edilmiş məhsul olan yem məhsullarının ilkin istehsalı qadağan ediləcək.
Qeyd edək ki, yem qismində istifadə olunan GMO bitkilər soya, qarğıdalı, pambıq və kanola bitkiləridir. Son məlumatlara görə, dünyanın 29 ölkəsində ümumilikdə 190 milyon hektar ərazidə GMO məhsulları becərilir və bu məhsulların 70-90 faizi məhz yem kimi heyvandarlıqda istifadə edilir.
Qaynarinfo-ya açıqlamasında "Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov qərarı alqışlasa da, onun idxal məhsullarına şamil edilməməsini yarımçıq addım kimi dəyərləndirdi:
"GMO tərkibli yem məhsullarının Azərbaycanda ilkin istehsalına icazə verilməməsi yaxşı haldır. Çünki ilkin istehsalın ölkəmizdə olması fonunda GMO əkinçiliyi də geniş yayılacaq. Azərbaycanda yem məqsədilə GMO tərkibli malların idxalına icazə verilib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sübut etmək istəyir ki, GMO tərkibli yem məhsulları heyvan və quş ətindən istifadə zamanı insanlara mənfi təsir etmir. Lakin AQTA bundan bir il öncə qəbul etdiyi sənəddə isə onun insana mənfi təsir etdiyini bildirib. Digər tərəfdən, ilkin istehsala qadağa qoyub, idxala icazə verilməsi GMO-nun ölkəmizə gətirilməsi yolunda ilkin addımdır. İlkin istehsala qadağa qoyulduğu kimi, idxalına da icazə verilməməlidir. Təklif etmişik ki, GMO ilə yemləndirilən heyvan əti və südünün satışı zamanı bu barədə onun etiketində məlumat verilsin. Amma bunu da qanuna daxil etməyiblər”.
Ekspert müşahidələrinə əsasən deyir ki, qanun qadağan etsə də GMO əkinçiliyi mövcuddur:
”Əksəri də Türkiyədən gəlir. "Monsarto” şirkətinin GMO əkinçiliyini dəstəkləmək üçün lazım olan herbisitə malikdir. Həmin herbisit alaq otlarını məhv edir, GMO-ya davamlı bitkilərə isə toxunmur. Bir halda ki, sözügedən şirkətin herbisiti satılırsa, deməli GMO əkinçiliyi var. Azərbaycandakı laboratoriyalar da effektiv işləmir. 4 il öncə Braziliyadan gətirdiyim üç GMO məhsulunu anonim qablara doldurub iki laboratoriyaya verdim. Ölkəyə giriş qapısında olan laboratoriyada bu məhsullarda guya, GMO-nun olmadığını bildirdilər. Yerli yem istehsalında GMO tərkibli komponentlərdən istifadə olunmaması yemçiliyə heç bir zərər gətirməyəcək, əksinə bu addım yerli istehsalın artımına rəvac verəcək. Amma təəssüf ki, belə bir qanun GMO tərkibli yemlərin ölkəyə gətirilməsinə də şamil edilməyib”.
Birlik sədrinin fikrincə, əsas məsələ istehsalçının seçim etməsi üçün GMO ilə yemləndirilən heyvanlardan əmələ gələn məhsulun markalanması məsələsidir.
Rüfət Sultan