Xəbər lenti

Azərbaycanda 2021-ci ildə devalvasiya ola bilərmi? (ŞƏRH)
Ekonomiks13:42 22.12.2020

Azərbaycanda 2021-ci ildə devalvasiya ola bilərmi? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Büdcə layihəsi açıqlandıqdan sonra mənim devalvasiya ehtimalım 80%-dən 50-60%-ə düşdü".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib. O bildirib ki, ümumi büdcə layihəsi gözlədiyindən daha ehtiyyatlı və mühafizəkar bir sənəddir:
"Təbii ki, onun dəyişmə ehtimalı çoxdur. Büdcənin özünün çox qısa müddətdə və əsaslandırılma aparılmadan hazırlandığı da müəyyən qədər hiss edilməkdədir. Amma bu istiqamətdə ciddi çətinlik də yoxdur. Çünki hökümət düşünür ki, əgər bir problem çıxarsa, növbəti ilin birinci yarısında yenidən büdcəyə baxa bilər. Hətta bununla bağlı sənədin özündə də qeydlər var. Bizdə qanunvericilik də buna imkan verir, Maliyyə Nazirliyi büdcəyə yenidən baxmadan belə müəyyən xərc istiqamətlərinə həmin xərci yönəldə bilir. Layihədən gözləntilərimin Neft Fondunda ayırmaların daha da artırılacağı istiqamətində idi, olmadı. Əvvəlki layihədə olduğu kimi 12 milyard manat həcmində saxlanıldı. Büdcə kəsirinin 5-7 milyard ətrafında ola biləcəyini ehtimal edirdim. Qarabağ üçün ayrılan xərclərin təxminən 4,6 milyard manat ətrafında olacağını düşünürdüm. Amma bütun bunlar olmadı, büdcə kəsirləri indiki halda 3,1 milyard proqnozlaşdırılır. Bu şərtlər daxilində mənim devalvasiya gözləntim 80%-dən 50-60%-ə düşdü. Sənəd açıqlanana kimi daha çox devalvasiya gözləyirdim. Bizdə proqnoz vermək çox çətindir. Çünki faktiki olaraq indiki şərtlər daxilində diktə məzənnəsidir. Məzənnə kabinetlərdə qəbul olunur. Bu siyasətdir".
İqtisadçı ekspert Samir Əliyev isə devalvasiyanın olub-olmamasını bəri başdan deməkdə çətinlik çəkdiyini söyləyib: 
"Mənə müxtəlif zənglər olur, mesajlar yazılır və devalvasiya ilə bağlı narahatçılıqlar bildirilir. İnsanları başa düşürəm. Ancaq təəssüf ki, devalvasiyanın olmasında maraqlı olanlar var və dövriyyəyə devalvasiya söhbətinin atılması da təsadüfi deyil. Devalvasiyanın olub-olmayacağını demək çox çətindir. Çünki bir çox məsələlər hələ də aydın deyil. Yəni, hökumətin gələn il nə etmək istədiyini hələ tam görmək olmur. Fiskal hədəflər açıqlandı, qaldı monetar hədəflər. Gələn il neftin özünü necə aparacağı da məlum deyil. Ona görə hökumətin nə düşündüyünü demək indiki zamanda çox çətindir. Devalvasiya ilə bağlı müəyyən qənaətlərim olsa da, tam əminliyim yoxdur və ona görə mediadakı dostların təkidinə rəğmən bu barədə fikir bildirmirəm".
Bahar Rüstəmli