Xəbər lenti

“Azərbaycanda ailə modeli çox bərbad vəziyyətdədir” - Sosioloqdan həyəcan siqnalı...
Ölkə14:58 21.02.2023

“Azərbaycanda ailə modeli çox bərbad vəziyyətdədir” - Sosioloqdan həyəcan siqnalı...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünyada və Azərbaycanda müasir ailə modellarının hazırkı durumu, ölkəmizlə beynəlxalq aləm arasındakı müsbət və mənfi fərqlər zaman-zaman vətəndaş institutunun, medianın diqqət mərkəzində olub.
Özü-özlüyündə çox vacib tendensiya olan ailə modeli cəmiyyətin də əsas simasını müəyyən edən faktordur.
Bəs bu gün bizdə, ailə modelinin durumu nə dərəcədə qənaətbəxşdir?
Sosioloq-alim Əhməd Qəşəmoğlu Moderator.az-a açıqlamasında bu sahədə bir çox boşluqların olduğunu bildirib:
"Bu gün  təəssüf ki, dünyanın heç yerində ailə modeli ürəkaçan deyil. Bu da dünyadakı fəlsəfi fikrin, sosiologiya sahəsində yaranan nəzəriyyələrin natamamlığından irəli gəlir. Nə fəlsəfi, nə də sosioloji baxımdan bu məsələlər arzu olunan formada araşdırılıb, ortaya qoyulmayıb.  Yaxşı ailə modelinin nə olduğunu izah eləmək üçün əvvəl ailənin nə olduğunu  başa düşmək lazımdır.
Ailə özü gözəl bir ölkənin kiçildilmiş modelidir. Burada ailənin əzəli, əbədi funksiyaları formalaşmalıdır. İnsan həmişə əks cinsdən qəlbən, ruhən yaxın olacağı, fikrini bölüşə biləcəyi  bir insana ehtiyac duyub. Bu min il əvvəl də belə idi, bu gün də belədir. Ailədə, insanın  nəsil artımı,  istirahəti, müalicə oluna bilməsi üçün münbit mühüt yaradılmalıdır. Çünki ailə şəxsiyyətin normal inkişafı, həyatla təması üçün ilk institutdur. Bununla bağlı "Ömrün uğurlu bünövrəsi” adlı kitabımda ətraflı yazılarım var”.
Bu gün Avropadakı ailə modelləri də çox yarımçıqdır. Macəra axtarmaq həvəsi, biri-birinə  sədaqətin arxa plana keçməsi, maddi tələbatların ön plana keçməsi və s. bütün bunlar təəssüf ki, dünyanın hər yerində günü-gündən boşanmaların sayını artırır. İlk növbədə, Avropadan, Fransa və Belçikadan başlayaraq dünyaya yayıldı. Bu gün dünyada ailə modeli ağlar gündədir. İnsanlıq bunu başlı-başına qoya bilməz. Ailəsiz tərəqqi edən cəmiyət olmayacaq.  Bu sözdə deyil, sistem nəzəriyyəsilə yanaşmadır. Bir sistemin yaxşı olması üçün onu təşkil edən bütün strukturlar sağlam olmalıdır. Bu gün artıq bıçaq sümüyə dayanıb. Dünya sağlam ailə modeli üçün axtarışda olmalıdır”.
"Azərbaycanda da hazırda ailə modeli çox bərbad vəziyyətdədir”
Ə.Qəşəmoğlu açıqlamasında ölkəmizdəki boşanma sayının artması məsələsinə də toxunub:
Azərbaycanda da hazırda ailə modeli çox bərbad vəziyyətdədir. Belə olmasa, hər 100 nikaha 30-dan artıq boşanma düşməz. 20 ildir mən haray çəksəm də, təəssüf ki,  əhəmiyyət verən yoxdur. Təcili şəkildə bu məsələlərə diqqət yetirməliyik.  Əslində, xeyli ciddi işlər görmək olar, təki  bunu istəyən olsun. 
Zaman dəyişdikcə cəmiyyət də dəyişir, mürəkkəbləşir.  Məsələ belədir ki, bu gün heç nəyə  50 il qabaqkı normalarla  yanaşmaq olmaz. Biz bu dəyişən, mürəkkəbləşən zamanda nə etməliyik ki, dediyimiz həmin gözəl ailə modeli olsun. Təəssüf ki, heç bir ölkədə  hələ suala cavab tapmayıblar.
Çox istərdim ki, Azərbaycan burada ön planda olsun. Biz bütün yaxşı şeyləri avropalılardan gözləməli deyilik.  Azərbaycanın özünün tarixi adət-ənənləri var. Mənəvi sosial məsələlərlə bağlı bizim potensialınmız  onlardan xeyli çoxdur. Elə bir ailə modeli qura bilərik ki, dünyanın hər tərəfindən bu modeldən bəhrələnə bilsinlər”.