XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Azərbaycanda daşınmaz əmlaka yatırılan pul neçə ilə geri qayıdır? – Ekspertdən açıqlama
Ekonomiks12:50 12.08.2026

Azərbaycanda daşınmaz əmlaka yatırılan pul neçə ilə geri qayıdır? – Ekspertdən açıqlama

Daşınmaz əmlaka pul yatıran şəxslər üçün əsas suallardan biri yatırılan vəsaitin nə qədər müddətə geri qayıtmasıdır. Xüsusilə mənzili investisiya məqsədilə alanlar üçün satış qiyməti ilə yanaşı, əmlakın aylıq kirayə gəliri və gələcəkdə qiymətinin nə qədər artacağı da mühüm amildir.

Bəs Azərbaycanda mənzilə yatırılan vəsait orta hesabla neçə ilə geri qayıdır? Bakı ilə regionlar arasında bu göstəricidə ciddi fərq varmı? Əmlak alarkən hansı məqamlara diqqət etmək lazımdır?

Əmlak eksperti Elnur Fərzəliyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, əmlakın kirayə gəliri onun satış qiymətinin orta hesabla 0,5 faizinə uyğun gəlir:

“Belə deyək, daşınmaz əmlakların kirayə qiymətləri onların satış qiymətlərinin 0,5 faizi hesablanır. Yəni bir əmlakın satış qiyməti 100 min manat təşkil edirsə, onun kirayə qiyməti ortalama 0,5 faiz, yəni 500 manat təşkil edir. Yaşayış obyektlərində də kirayə qiymətləri təxminən 0,3-0,5 faiz təşkil edir. Yəni bir əmlakın satış qiyməti 500 min manat olduqda, onun kirayə qiyməti 2 500 manat olur. Bu isə onu deməyə əsas verir ki, sırf kirayələrdə olan əmlakın geri dönüşü 20 il zaman almış olur".

Ekspert qeyd edib ki, daşınmaz əmlak bazarında qiymət artımları investisiyanın geri dönüş müddətinə də ciddi təsir göstərir:

"Daşınmaz əmlak bazarında hər il baş verən qiymət artımları vətəndaşların əmlaklarının dəyərini daha çox artırır. Həmin əmlakların bazar dəyəri artdıqca, avtomatik kirayə qiymətləri də artır. Yəni bəzi hallarda əmlak bazarında baş verən qiymət artımları səbəbindən vətəndaşların həmin əmlaka qoyduğu sərmayənin geri dönüşü hətta 3-5 il belə çəkə bilər. Elə olur ki, əmlak bazarında orta illik qiymət artımları 15-20 faiz təşkil edir ki, bu da 5 ilə təxminən həmin əmlakın 100 faiz qiymət artımına gətirib çıxarır. Yəni 100 minə alınan əmlak artıq 200 min manat olur və onun satış qiyməti artdıqca, kirayə qiymətlərində də avtomatik artımlar müşahidə olunur".

Ekspert hesab edir ki, daşınmaz əmlak Azərbaycanda vətəndaşların kapitalını qorumaq və gəlir əldə etmək üçün əsas vasitələrdən biridir:

“O baxımdan Azərbaycanda az sahələrdən deyildir daşınmaz əmlak sahəsi ki, bura yatırılan bütün yatırımlar vətəndaşı kapitalı bütün risklərdən qorunmuş olur və qısa müddətdə vətəndaş həmin əmlakdan artıq, belə deyək də, stabil pul qazanmış olur. İstər kirayələrdən, istər satışından”.

Elnur Fərzəliyev vurğulayıb ki, əmlak alarkən onun gələcəkdə kapitallaşma imkanları mütləq nəzərə alınmalıdır:

“Lakin hər hansı bir əmlak alarkən mütləq şəkildə kapitallaşması daha doğru olan əmlakları almaq lazımdır. Bəzi ərazilərdə vətəndaşlar torpaq sahələri alırlar ki, həmin torpaq sahələri də əksər kənd təsərrüfatı və ya digər torpaq sahələri olur. Gələcəkdə həmin torpaq sahələrinin həm satışında, həm icarəsində ciddi problemlər yaşanırVətəndaş iki mqəsədlə daşınmaz əmlak alır. Biri özü sırf yaşaması üçün, digəri isə investisiya məqsədi ilə alınır.

Əgər vətəndaş bir əmlakı investisiya, yatırım niyyətilə alırsa, mütləq şəkildə haradan aldığına, həmin əmlakın həmin ərazidə qiymət artımına daha çox nəzər yetirməlidir və həmin ərazidə kirayə qiymətlərinə nəzər yetirməlidir ki, gələcəkdə həmin əmlakı aldığı gündən kirayə verə bilsin və gələcəkdə həmin əmlakın satış qiymətlərinin artması gözlənilir. Çünki tələbat daha çox, satışla bağlı tələbatın çox olduğu bir yerə daha çox yatırım yerləşdirmək lazımdır”.

Elnur Fərzəliyev bildirib ki, əmlakın qiymət artımı investorun qazancını əhəmiyyətli dərəcədə artıra bilər:

“Bəzən əmlak bazarında hər il qiymət artımları baş verir ki, vətəndaşın, məsəl üçün, 150 minə aldığı bir əmlak 5 ildən sonra əmlak bazarında 250-300 min manata təklif olunur. Yəni vətəndaş həmin əmlakı satarsa, ora qoyduğu pul qədər də əlavə pul götürmüş olur”.

Günay İlqarqızı