
Ölkədəki avtoparkların 38%-ni VAZ markalı avtomobillər təşkil edir.
2013-cü ildə Azərbaycanda Dövlət Yol Polisinin qeydiyyata aldığı avtomobillərin sayı 90 212 ədəd artaraq 1 048 806 ədədə çatıb.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatına görə, Azərbaycanın avtomobil parkında olan avtomobillərin 399 046 ədədi və ya 38%-i VAZ markalı avtomobillərdir.
Əvvəlki illərdə Azərbaycan yollarında bu markadan olan modellərin sayı əsasən VAZ 2107 modelinin hesabına kəskin artırdırsa, artıq 2013-cü ildə artım səngiyib. İndi Azərbaycanda VAZ-ın ən çox satılan modeli 2121-dir (NİVA). Ötən il ölkəmizdə 3956 NİVA avtomobili qeydiyyata alınıb.
Azərbaycanda ötən il ən çox qeydiyyata alınmış avtomobil markaları Mercedes-Benz, Opel, Hyundai, Toyota, Kia olub. Avtomobil parkımızın 17%-i Mercedes-lərdən, 5%-i Hyundai-lərdən, 4%-i Toyota-lardan, 3,7%-i isə Opel-lərdən və. s. ibarətdir.
Azərbaycan bazarında satış liderləri olan Hyundai və Kia-nın sayı ötən il, 2012-ci ilin artım sayı ilə müqayisədə cəmi müvafiq olaraq 273 və 745 ədəd artarkən, Nissan-ın sayı 1672 ədəd, Renault-un sayı 578 ədəd artıb. Azərbaycanda Mitsubishi, Chevrolet, Toyota, Opel alanların sayı isə azalıb.
Azərbaycanda hər 1000 nəfərə 133 avtomobil, o cümlədən 112 minik avtomobili düşür. O cümlədən ölkəmizdə hər 100 ailədən 50-nin avtomobili var. Halbuki, 2000-ci ildə bu göstərici cəmi 19 idi.
Qaynar.info