Ekonomiks 18:03 12.12.2022

Azərbaycanda holdinq rəhbərinə hökm oxundu - 10,5 il həbs (SƏBƏB)

Litva vətəndaşına qarşı külli miqdarda mənimsəmədə təqsirləndirilən "Kat Holdinq" MMC-nin rəhbəri Elçin Ələkbərovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Elçin Ələkbərov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, "Kat Holdinq" MMC-in təsisçisi və faktiki rəhbəri Ələkbərov Elçin Bəşir oğlunun Cinayət Məcəlləsinin 178.4, 179.4, 32.4, 312.1, 313 və 308.2-ci maddələri və həmin Cəmiyyətin direktoru İbadov Mail Məcid oğluna CM-nin 179.4 və 308.2-ci maddələri ilə ittiham verilib.

Elçin Ələkbərov barəsində Litva Respublikası vətəndaşı Povilas Pociusa məxsus 3.520.763 manat (2.070.745 ABŞ dolları) məbləğində pul vəsaitlərinin ələ keçirilərək dələduzluq edilməsinə, habelə təqsirləndirilən şəxslər tərəfindən «Kat Holdinq» MMC-yə məxsus olmaqla onlara etibar edilmiş ümumilikdə 34 şəxs tərəfindən mənzil satışına görə ödənilmiş cəmi 1.900.128,68 manat məbləğində pul vəsaitinin 1.569.404,68 manatının mənimsənilməsinə və digər cinayət əməllərinə görə ittihamlar irəli sürülüb.