Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqi üçün hüquqi baza yaradılıb. Prezident İlham Əliyevin təsdiqlədiyi qanun dəyişiklikləri ilə avtomobil, dəmir yolu, metro, dəniz və hava nəqliyyatında avtomatlaşdırılmış idarəetmənin hüquqi tənzimlənməsi təmin olunacaq. Yeni qaydalar avtonom nəqliyyat vasitələri, operatorlar və məsafədən idarəetmə mərkəzləri ilə bağlı tələbləri də müəyyənləşdirir.
Bəs bu dəyişikliklər sürücüsüz avtomobillərin yaxın gələcəkdə Azərbaycan yollarına çıxacağı anlamına gəlirmi?
Mövzu ilə bağlı Qaynarinfo-ya danışan nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, avtonom nəqliyyat sistemlərinin tətbiqi kompleks tədbirlərin həyata keçirilməsini tələb edir:
"Nəqliyyat vasitələri, yol infrastrukturu və dayanıqlı internet bir-biri ilə uzlaşdırılmalı, yalnız bütün bu şərtlər təmin olunduğu halda sistem tam şəkildə işləyə bilər".
Yasin Mustafayev qeyd edib ki, Çində və digər inkişaf etmiş ölkələrdə də bu sistem yeni tətbiq olunmağa başlayıb:
"Lakin Azərbaycanda isə yaxın on il ərzində avtonom nəqliyyat sistemlərinin tam şəkildə tətbiqi real görünmür. Belə bir sistemin tətbiqi mümkündür, lakin bunun üçün ciddi və ardıcıl tədbirlər planı həyata keçirilməlidir. İlk növbədə uyğun infrastruktur yaradılmalı, yol nişanları, üfüqi nişanlanma və hərəkət zolaqları beynəlxalq standartlara cavab verməlidir".
Yasin Mustafayevin sözlərinə görə, bununla yanaşı, avtonom rejimdə işləyə bilən nəqliyyat vasitələri də olmalıdır:
"Həmin nəqliyyat vasitələri süni intellekt, sensorlar və digər texnoloji qurğularla təchiz edilməlidir ki, insan müdaxiləsi olmadan təhlükəsiz hərəkət edə bilsin. Dayanıqlı internet də bu sistemin əsas şərtlərindən biridir. İnternet bağlantısının kəsilməsi sistemin fəaliyyətinin dayanmasına, hətta tamamilə çökməsinə səbəb ola bilər. Bu baxımdan, avtonom nəqliyyat vasitələrinin, yəni sürücüsüz avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək üçün nəqliyyat vasitələri, yol infrastrukturu və rəqəmsal rabitə sistemi eyni vaxtda hazır vəziyyətə gətirilməlidir".
Günay İlqarqızı
Şərhlər