Bu günlərdə mətbuatda Hesablama Palatasının 2016-cı il üzrə illlik hesabatında maliyyə pozuntusuna yol verən rayonlar sırasında şimal bölgəsinin kiçik sənaye rayonu kimi tanınan Siyəzənin də adı vardı.
Hesabatda Siyəzəndə investisiya üzrə 6 halda nöqsanlara yol verildiyi, amma, heç bir ödətdirmənin mümkün olmadığı bildirilirdi, daha doğrusu, ödəmə aparmayan 2 rayonun - Oğuzdan sonra birinin də Siyəzən olduğu açıqlanmışdı. Hökumətin ayırdığı investisiyanın hansı səbəbdən düzgün sərf edilməməsinı öyrənmək üçün "İstipress" Siyəzənin icra başçısı Asif Hüseynovun köməkçisi Akif Xıdırovla əlaqə saxlayıb.
Köməkçi məlumat verib ki, qeyd olunan maliyyə nöqsanları indiki başçının deyil, 2011-2014-cü illər arasında aşkar edilən hallardır. Qeyd olunan nöqsanlar, demək olar, aradan qaldırılıb. Təkcə yeni çəkilən Məşrif-Siyəzən yolunun müəyyən qolunda müəyyən nöqsanlar qalıb və hazırda həmin ərazidə podratçı tikinti təşkilatı tərəfindən işlər davam etdirilir.
Qeyd edək ki, bu yol məşhur Qalaaltı pansionatına gedən yoldur.
Hesablama Palatasının 2011-2014-cü illər ərzində apardığı yoxlamalar zamanı Siyəzənin icra başçısı olmuş Arif Qasımov indi Bakının Nizami rayonuna rəhbərlik etdiyindən "İstipress" həmin qurumun nümayəndəsinin mövqeyini öyrənib. Nizami rayon İcra Hakimiyyətinin tikinti şöbəsinin müdiri Tariyel Tahirov də təxminən eyni cavabı verib. Bildirib ki, Siyəzən İcra Hakimiyyətinin 2011-2014-cü illərə görə heç bir ödəməsi yoxdur. Sadəcə olaraq, hava şəraitinə görə müəyyən sürüşmələr və texniki nasazlıq aşkar edilən Məşrif-Siyəzən yolunun bəzi qollarında iş aparılır. Başqa heç bir ödənməyən investisiya sahəsi yoxdur.
Qaynar.Az