
"Azərbaycanda yerli məhsul adı altında istehsal olunan malların böyük əksəriyyəti sadəcə texniki olaraq burda qablaşdırıldığı üçün onların da maya dəyəri qalxdı".
Bu sözləri Qaynarinfo.Az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli 2016-cı ildə qeyri-neft məhsullarının ixracının 2015-ci ilə nisbətən dəfələrlə azalmasının səbəbləri haqqında danışarkən deyib.
Natiq Cəfərlinin sözlərinə görə, manatın devalvasiyasından sonra hökümətin ilk tezislərindən biri ondan ibarət idi ki, qeyri- neft sektorunda stimullaşdırma olacaq və ixracatı artıracaq:"Hər hansı bir ölkənin valyutası dəyərdən düşürsə bu ixracatı stimullaşdıran amil olur".
Ekspert misal olaraq bildirib ki, Azərbaycan bu qədər çay məhsulları istehsal etmir: "Bizdə obrazlı desək bu qədər çay bitmir. Xaricdən alınan çayın qablaşdırılması həyata keçrilir. Səhv etmirəmsə 90 faiz çay məhsulları xaricdən gətirilir. Bu da maya dəyərini kifayət qədər sürətlə artmasına gətirib çıxarır. Çünki devalvasiyadan sonra xarici valyuta ilə alınan məhsulların Azərbaycana gətirib qablaşdırılması sərfəli olmadı".
Natiq Cəfərli ikinci səbəb kimi rəqabətli mühitdə Azərbaycan mallarının xaricə çıxarılmasında problemlər olduğunu göstərib:"Xaricə çıxdıqda sənin yüzlərlə rəqibin olur. Həm şirkət olaraq, həm ölkə olaraq qiymətdə və keyfiyyətdə onları üstələməyə çalışmalısan ki, bizim məhsullar satılsın. Burda da ciddi problem var. Əvvələr manat möhkəm olduqda xaricdən gətrilən məhsulların burda qablaşdırılaraq ixrac olunması həm sərf edirdi, həm də Azərbaycana çox ciddi üstünlük qazandırırdı. Devalvasiyadan sonra xaricdən, gətirilib burda qablaşdırılan məhsulların qiymətində və keyfiyyətində olan fərq rəqabətli mühitdə çox satılmasına problemlər yaradır. Bu da onu göstərir ki devalvasiyaların qeyri-neft sektorunun inkişafına ciddi təsiri olmadı və əks təsirə çevrildi. İxracatımız azalmağa başladı".
Qafqaz Rafiqoğlu
Qaynarinfo.Az