Xəbər lenti

Azərbaycanda jurnalistlər niyə müdafiəsiz durumda qalıb?
Ölkə06:45 11.08.2015

Azərbaycanda jurnalistlər niyə müdafiəsiz durumda qalıb?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Elçin Şıxlı: «Ümumiyyətlə, ölkədə cəzasızlıq mühiti yaranıb»

Arif Əliyev: «Dövlət strukturları öz vətəndaşı qarşısında borcunu yerinə yetirmir»

Jurnalist Rasim Əliyevin “facebook”da futbolçunu tənqid edən statusuna görə döyülərək dünyasını dəyişməsi müxtəlif səpkili müzakirələrə yol açıb. Lakin ümumi nəticə birdir ki, bu hadisə hökumətin ölkədə yaratdığı ab-havanın, mediaya və jurnalistlərə qarşı münasibətin nəticəsidir.

Baş verənləri təhlil etdikdə belə bir nəticəyə gəlirsən ki, əsl jurnalistlər hazırda ölkədə ən müdafiəsiz təbəqələrdən biridir. Təkcə Rasim Əliyevə qarşı baş verənlər deyil, ondan öncə də gerçəyi deyən və yazan media nümayəndələrinin başına açılan oyunlar, onların həbsxanada çürüdülməsi, təqib və təzyiqlərə məruz qalması bunu deməyə əsas verir. Elmar Hüseynovun güllələnərək qətlə yetirilməsi, Rafiq Tağının bıçaqlanaraq öldürülməsi və onların qatillərinin bu günə qədər tapılıb cəzalandırılmaması, hazırda Xədicə Ismayıl, Seymur Həzi kimi jurnalistlərin qondarma ittihamlarla həbsxanada saxlanılması bütövlükdə hökumətin mediaya münasibətinin göstəricisidir. Iş o həddə çatıb ki, məqsədli şəkildə məhkəmə zallarını doldurmaq üçün muzdla Xədicə Ismayılın, Leyla Yunusun məhkəməsinə gətirilənlər də jurnalistlərin üstünə əl-qol açır.

Azərbaycanda jurnalistikanın tanınmış simalarından biri, “Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı deyir ki, yaranmış vəziyyətin günahkarını başqa yerdə axtarmaq lazım deyil: “Bu, iqtidarın ictimai rəyə təsiretmə mexanizmlərindən biridir. Jurnalistləri döydülər, öldürdülər, amma buna görə heç kimi cəzalandırmadılar. Bu bir faktdır. Məsələnin digər tərəfi də var. Hamısına şamil olunmasa da, idmançıların bəzisi elə hesab edir ki, ölkədə özlərindən başqa dövlət üçün işləyən, çalışan, onun bayrağını yüksəldən adam yoxdur. Bu işi görən yalnız onlardır. Belə bir ”idmanamaniya" yaranıb. Rasim Əliyevi döydürən şəxs adi bir futbolçudur. Məgər onun hərəkətinə irad tutmaq, söz demək olmaz? Dövlət başçısına irad tutmamağı, tənqid və təhqir etməməyi başa düşdük. Belə çıxır ki, futbolçu haqqında da söz demək olmaz. Ümumiyyətlə, cəmiyyətdə cəzasızlıq mühiti yaranıb. Kimsə öz müstəqil fikrini deyirsə, hamı kimi birağızdan danışmırsa, ona artıq müxalifətçi adını qoyurlar. Düz söz demək müxalifətçi yox, vicdanlı bir vətəndaş olmaq deməkdir. Nəticədə böyük qayğı göstərilən idmançılara söz deməyin bədəlinin belə olacağı bildirilir. Ancaq cəzasızlıq mühitində belə işlər baş verir".

Elçin Şıxlı çap və elektron mətbu orqanlardan savayı, televiziya kanallarının Rasim Əliyevlə bağlı heç bir məlumat və veriliş yaymadığını da diqqətə çatdırır: “Sanki dünyasını dəyişən adam onların həmkarı deyil. Bu halın özü də təəssüf doğurur. Rasim Əliyevin başına gələnlər bir daha göstərdi ki, Azərbaycanda media çox acınacaqlı bir vəziyyətdədir”.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev də deyir ki, jurnalistika özü özlüyündə təhlükəli peşə sayılır. Azərbaycan kimi qeyri-demokratik ənənələrə malik, ictimai səviyyə və dövlətin öz funksiyalarını yerinə yetirməsi zəif olan ölkələrdə isə jurnalistika peşəsi daha təhlükəlidir:

“Məni narahat edən və məsələnin ən ağrılı tərəfi rəsmi orqanların, bir vətəndaş kimi jurnalistlərin hüquqlarını qorumalı olan strukturların reaksiyasıdır ki, onu yetərli hesab etmirəm. Bu reaksiyanın çox aşağı səviyyəli olmasını jurnalistikanın növbəti baş verəcək zərbələrdən sığortalanmaması kimi qiymətləndirirəm. Prezident bu məsələyə münasibət bildirərək nəzarətdə olacağını söyləsə də, buna qədər hüquq-mühafizə orqanları lazımi anda hərəkətə keçmədi. Jurnalisti ağır vəziyyətdən vaxtında çıxarmaq lazım idi. Dövlət strukturlarının öz vətəndaşı qarşısında borcunu yerinə yetirməməsi təəssüf doğurur”.

Arif Əliyev cəmiyyətin dözüm dərəcəsinin, tənqidi anlamının çox aşağı səviyyədə olduğunu vurğulayaraq, dövlət strukturlarının da bu məsələdə aparıcı rol oynadığını deyir. Onun sözlərinə görə, bu amillərin hamısının toplusu jurnalistikada öz sözünü deyənlərin həyatından yan keçmir.

Qaynar.info