Ekonomiks 14:48 08.06.2022

Azərbaycanda “kənd toyuğu təhlükəsi”: Bu toyuqları almayın (XƏBƏRDARLIQ)

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) vətəndaşları toyuq alarkən diqqətli olmağa çağırıb. 

APEPEA-dan Qaynarinfo-ya daxil olan məlumatda deyilir ki, Belarusdan idxal olunan 2-ci növ toyuqlar vətəndaşlara kənd toyuğu adı altında satılır. 

"Həmin toyuqlar ölkəmizə Belarusdan idxal olunaraq pərakəndə ticarət nöqtələrində çox aşağı qiymətə - 1 kiloqramı 3-3,5 manata təklif olunur. Adətən, onların üzərində "Belarus kənd toyuğu” və eyni zamanda 2-ci növ olduğu qeyd edilir. "Kənd toyuğu” ifadəsi Azərbaycanda ən keyfiyətli toyuq ətinin nişanəsi sayılır - bunu ölkədə bilməyən yoxdur. Bu halda sual yaranır: Kənd toyuğu hara, 2-ci növ ət hara? Sualın cavabı çox aydındır: Belarusdan gətirilən bu toyuqlar yumurtadan kəsilmiş ana toyuqlardır. Onların ətinin qida dəyəri çox aşağı olduğuna görə istehsalçı üzərində "2-ci növ” qeydini yazır. İşbazlar isə bu qeydi diqqətdən yayındırmaq üçün iri hərflərlə "Belarus kənd toyuğu” ifadəsini vururlar”, deyə APEPEA-nın məlumatında qeyd edilir. 

Eyni zamanda məlum olub ki, toyuqlar ölkə qanunvericiliyinə zidd olaraq Belarusdan iri qablaşdırmada, dondurulmuş halda gətirilir və Azərbaycanda yenidən qablaşdırılır:

"Azərbaycanda satılan toyuqların istehsalçısı Belarusun "Soliqorsk” fabriki, Minsk Birinci Toyuq Kombinatı, "Skildelskiy” broyler fabrikləridir.  Minsk Birinci Toyuq Kombinatı sırf süfrə yumurtası istehsal edir, ətlik müəssisə deyil. Onların internet saytında təqdim etdikləri məhsulların siyahısına baxmaqla da bunu müəyyən etmək olur (http://1mpf.by/prodayom). Lakin Azərbaycanda satılan toyuq ətinin bir qisminin üzərində istehsalçı şirkət kimi həmin müəssisənin adı qeyd olunur. Bu isə o deməkdir ki, satılan ana toyuqların ətidir. 

Digər tərəfdən, Azərbaycanda satılan Belarus toyuqlarının üzərində saxlama müddəti olaraq 12 ay qeyd edilir. Halbuki, istehsalçı şirkətlər bu müddəti cəmi 4 ay müəyyən ediblər - sübut üçün linkləri təqdim edirik: https://molodeckie.by/index.php/ru/pages/prajs-list, http://www.ghp.by/ru/production/

Bu faktlar onu göstərir ki, bir qrup işbaz istehlakçılara bilərəkdən yalan məlumat verir, eyni zamanda məhsulun saxlama müddətini saxtalaşdırırlar.

Hazırda da bir sıra marketlərdə, bazarlarda Belarus toyuqlarının satışı davam edir. Ona görə də ölkə vətəndaşlarını diqqətli olmağa, qiymət ucuzluğuna aldanaraq aşağı keyfiyyətli məhsulla qidalanmamağa çağırırıq”.