Xəbər lenti

Azərbaycanda manata inam hansı yollarla əldə edilib? - Ekspert
Ekonomiks10:11 13.01.2022

Azərbaycanda manata inam hansı yollarla əldə edilib? - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Son 5 ildə Azərbaycanda manata inam, etibar artıb. Bu faktdır. Amma bu heç də depozit həcminin artmasına mütənasib deyil. Çünki bu inam daha çox inzibati yollarla əldə edilib”.
Bunu Qaynarinfo-ya açıqlamasında maliyyə-bank eksperti Əkrəm Həsənov ölkə daxilində Azərbaycan manatına inamla bağlı vəziyyətin nə yerdə olduğuna aydınlıq gətirərkən deyib:
"Əmanət vətəndaş və ya şirkətin faiz qazanmaq üçün banka qoyduğu puldur. Depozit isə ümumiyyətlə, bank hesablarında olan bütün vəsaitlərdir. Bura şirkətlərin cari hesabında öz fəaliyyətlərini həyata keçirmək üçün qoyulan vəsaitlər də daxildir. Artıq ölkədə 4 ildir ki, nağdsız hesablaşmalar haqqında qanun işləyir. Bu qanunla şirkətlər dövriyyədən asılı olaraq, ay ərzində 15-30 min manatdan çox vəsaiti nağdlaşdıra bilmir. Bu vəsaitlər də bir qayda olaraq xarici valyutada deyil, manatdadır. Yəni şirkət və sahibkarların əksər vəsaiti manatladır. Amma bu proses təbii ki, daha çox inzibati yollarla həll olunub”.
Həmsöhbətimizə görə, vətəndaşların manat əmanətlərinin həcminin çoxalması isə dollar əmanətləri üzrə faiz dərəcəsinin enməsilə bağlıdır:
"Vətəndaşlara gəldikdə, onlar da son illər manatla qoyduqları əmanətləri çoxaldıb. O səbəbdən ki, banklarda dollar əmanətləri üzrə faiz dərəcəsi kəskin şəkildə enib. Banklar dollar əmanətini 1-2 faizlə qəbul edir. Vətəndaşlar da buna görə vəsaitlərini manata yatırmaqla daha çox qazanırlar. 2017-ci ilin fevralından bəri manatın sabit qalması da manata inam prosesinə öz təsirini göstərib”.
Bununla yanaşı, ekspert uzunmüddətli əmanətlərin həcminin az olduğunu da qeyd edir: 
"Bu gün əksəriyyət manatla əmanətini 2-5 il üçün qoymur. Əksəriyyət bir il üçün qoyur. Ona görə ki, insanların canında sabahkı günlə bağlı qorxu var”.
Rüfət Sultan