
2 gün əvvəl Lionel Messinin vurduğu qeyri-adi penaltisindən Azərbaycan çempionatında da istifadə olunub.
Qaynar.info xəbər verir ki, bu, 1995-ci ildə "Neftçi" ilə Bərdənin "Pambıqçı" komandaları arasında keçirilmiş görüşdə baş verib.
Həmin oyunda "Neftçi"nin futbolçusu Yunis Hüseynov penaltini yerinə yetirərkən Azərbaycan çempionatları tarixində ilk legioner sayılan gürcü Otar Korqalidzeyə topu ötürüb. O da bunu qola çevirib.
21 il baş vermiş hadisə ilə bağlı Yunis Hüseynovun fikirlərini öyrənmək qərarına gəldik. Hazırda "Xəzər Lənkəran" klubunda idman direktoru vəzifəsində işləyən Hüseynov bunları dedi: "O vaxt belə bir hadisənin olduğu yadıma gəlir. Ancaq bunu niyə belə etdiyimi xatırlaya bilmirəm. Ola bilər ki, hesab böyük olub. Ona görə belə etmişəm. Korqalidzeyə ötürdüm, o da qol vurdu".
Qeyd edək ki, Lionel Messidən əvvəl bu üsuldan 1957-ci ildə belçikalı Rik Koppens və 1982-ci ildə hollandiyalı Yohan Kroyf yararlanıb. Lakin Messinin penaltisindən fərqli, bu 2 şəxs qolları özləri vurub.
Qaynar.info