Vəziyyəti ağır olan sürücü və sahə müvəkkili rayon xəstəxanasına yerləşdirilib
Kürdəmir rayonunun Sığırlı kəndində dəhşətli cinayət hadisəsi baş verib. Rayondakı mənbələrdən teleqraf.com-a verilən xəbərə görə, Sığırlı kənd sakini sahə müvəkkilini və özünü yandırıb. Buna onların arasında mübahisə yaranması səbəb olub.
Mənbənin xəbərinə görə, Sığırlı kənd sakini sürücüdür. Sahə müvəkkili onun avtomobilini yoxlayıb. Avtomobildə benzin qabları olub və sahə müvəkkilı onun daşıdığı yanacaqla maraqlanıb. Bu zaman onların arasında mübahisə yaranıb.
Əsəblərinə hakim ola bilməyən sürücü avtomobildəki benzini özünün və sahə müvəkkilinin üstünə tökərək od vurub. Hadisə nəticəsində hər iki şəxs III dərəcəli yanıq xəsarəti alıb. Vəziyyəti ağır olan sürücü və sahə müvəkkili rayon xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsi ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı.
Qaynar.info