
Qarabağ qədim zamanlarda əsasən türklər və Qafqaz qəbilələrindən təşkil olunmuş qədim Azərbaycan dövləti olan - Qafqaz Albaniyasının tərkib hissəsi olub. Yuxarı Qarabağın Xankəndi, Ağdərə, Xocavənd, Şuşa, Düzən Qarabağın Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Beyləqan, həmçinin Laçın və Kəlbəcərdə arxeoloji tədqiqatlar zamanı aşkar edilmiş maddi mədəniyyət nümunələri, numizmatik dəlillər Qarabağın qədim maddi mədəniyyətini, etno-mədəni vəziyyətini, əhalinin sosial-iqtisadi səviyyəsini, məişət şəraitini, ümumiyyətlə, Azərbaycanın bu bölgəsinin iqtisadi, ictimai və mədəni tarixini hərtərəfli əks etdirir.
Albaniyada erkən orta əsrdə (IV əsrdə) xristianlıq dini qəbul edildikdən sonra Azərbaycanın tarixi torpaqları olan Qarabağ ərazisində IV-VII əsrlər tikinti mədəniyyətini səciyyələndirən xristian arxitekturası tipində, memarlıq üslubunda tikililər - alban xristian dini abidələri yaradılıb.
Qafqaz Albaniyasının memarlıq abidələrini tədqiq etmiş alimlər bu abidələrin bir çox xarakterik xüsusiyyətlərinə və memarlıq planlaşdırma üslublarına görə erməni dini memarlıq abidələrindən fərqləndiyini bildirib. Həmin abidələri bütün tarixi sübutlara görə, xalqımızın milli mədəni irsinə aiddir.
Türk tayfalarının alban dövlətinin idarə olunmasında, onun mədəniyyətinin və memarlığının inkişafında danılmaz rolu olmuşdur. Ona görə də bir çox tarixçilər alban memarlığından danışarkən "Alban-türk memarlığı" ifadəsini işlədirlər ki, bu da o dövrlə tam qanunauyğunluq təşkil edir. Albaniya ərazisində yaşayan bu tayfaların bir qismi xristianlığı qəbul edərək xristianlaşmış, bir hissəsi isə sonradan İslamı qəbul etmişdi.
Lakin Qafqazda köklü tarixləri olmayan ermənilər burada süni şəkildə öz tarixlərinin izlərini yaratmaq məqsədi ilə Alban abidələrini mənimsəmək, milli mənsubiyyətini dəyişmək yolunu tutublar. Ən çox mənimsənilməyə məruz qalan abidələr isə xristianlıq dövrü abidələridir. Bu da ondan irəli gəlir ki, bu tipli abidələr üzərindəki xristian dininin rəmz və simvolları, eləcə də daş və divar rəsmləri içərisindəki buna bənzər rəsm nümunələrini əsas götürərək bunları erməniləşdirməyə çalışırlar. Bu da öz növbəsində tarixin saxtalaşdrılmasına gətirib çıxarır.
Azərbaycanın xristianlıq dövrü abidələrinin ermənilər tərəfindən mənimsənilməsi faktlarını gürcü tarixçisi A. Çavçavadze "Ermənilər və qan ağlayan daşlar" əsərində dolğun şəkildə əks etdirmişdi. O yazırdı:
"...Ermənilər aborigen albanları süni şəkildə qriqoryanlaşdıraraq vaxtilə sığındıqları Azərbaycan torpaqlarını "Hay ölkəsi"– Şərqi Ermənistan adlandırırlar". Lakin tədqiqatçılar göstərir ki, hətta xristianlıq dövrü abidələri belə nə erməni dininə (qriqoryanlıq), nə də erməni mədəniyyətinə və mənşəyinə uyğun gəlir. Belə ki, Azərbaycan ərazilərindəki Alban-xristian abidələrinin tarixi-arxeoloji və memarlıq baxımından tədqiqi xristianlığın bir çox xüsusiyyətlərini aydınlaşdırmağa kömək edir. Xristianlıq dövrü alban abidələrinin ermənilər tərəfindən mənimsənilməsinin bir səbəbi də, Rusiyanın köməyi vasitəsi ilə 1836-cı ildə Alban Apostol kilsəsinin ləğv edilərək Erməni Qriqoryan kilsəsinə tabe edilməsidir. Rusiya çarlarının Qafqazdakı siyasəti, ermənilərə verdikləri önəm nəticəsində Alban kilsələrinin mərkəzi əsassız olaraq ermənilərin qriqoryan kilsəsinə verildi. Bununla da Alban dini rəhbərliyi Eçmiədzinə köçürüldü.
Qaynarinfo bu gün həmin abidələrdən daha birini - Müqəddəs Yelisey məbədini təqdim edir:
Müqəddəs Yelisey kompleksi — Murovdağın ətəyində, Tərtər rayonunun Suqovuşan və Təpəkənd kəndləri arasında yerləşən tarix-memarlıq kompleksidir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli abidə kimi qeydiyyata alınıb.
Müqəddəs Yelisey Məbəd kompleksi dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, uca bir dağın zirvəsində tikilib və qala divarları ilə əhatə olunmuş monastr kompleksinin əsası V əsrdə qoyulub.
Kompleksə daxil olan ilk tikililərin inşası Qafqaz Albaniyasının Arşakilər sülaləsindən olan hökmdarı III Mömin Vaçaqanın adı ilə bağlıdır. Moisey Kalankatlının "Alban ölkəsinin tarixi” əsərində bu monastır haqqında deyilir:
"...Müqəddəs Yeliseyin görkəminin meydana gəlməsi cəsəd qalıqlarının aparılmasını və lazım olan yerdə dəfn olunmasını zəruri etdi, müqəddəs ierey Stefan onun başını Urekan kəndində torpağa tapşırdı. Oradan quru cəsəd qalıqlarını müqəddəs Ners-Mihra qardaşlığına köçürdülər və bu yer indi Cirviştek adlanır".
Həmin məlumatdan aydın olur ki, məbəd Ners-Mihr qardaşlığında mnsub olmuş, sonradan Qafqaz Albaniyasında xristianlığı təbliğ edərkən həlak olmuş müqəddəs həvari Yeliseyin qalıqlarının bir hissəsinin Tərtər rayonunun Talış kəndindəki Ürəkvəng monastırından buraya köçürülməsindən sonra monastır Müqəddəs Yelisey monastırı adlanrırılmışdır.
Monastır kompleksinin əsas kilsə binası 1264-cü ildə köhnə kilsənin daşlarının istifadə edilməsi ilə yenidən inşa olunmuşdur. Kilsənin divarındakı inşaat kitabəsində deyilir: "Mən, arxidyakon Serob, bu müqəddəs yerdə köhnə təməl üzərində müqəddəs həvarinin şərəfinə kilsə inşa etdim. İl 704 (1264)”.
Monastır kompleksi mürəkkəb relyefə malik dağlıq ərazidə yerləşir. Monastırın yerləşdiyi təpənin ətrafı sıldırım qayalar və sıx meşəliklə əhatə olunmuşdur ki, bu da abidəyə yaxınlaşmanı mürəkkəbləşdirir. Təpənin kompleks yerləşən cənub tərəfi vertikal qayalıq şəklində formalaşıb, digər üç tərəfdən isə təpə möhkəm qala divarları ilə əhatə olunub.
Əsrlər boyunca monastırın başkilsəsi müxtəlif inşaat və yenidənqurma işlərinə məruz qalmışdır. 1264-cü ildə yenidən inşa edilmiş Məmmədova 106 kilsə planda tərəfləri 4x8 metrə bərabər olan düzbucaqlı formasına malikdir. kilsənin altar yerləşən şərq tərəfi yer səviyyəsindən 60 sm yuxarı qaldırılmış və daxildən yarımdairəvi formaya malikdir. Hazırda onun kobud daşdan toxunulmuş divarlarının hörgüsündə arxaik memarlıq detallarına malik daha qədim kvadrat formalı daşları da görmək mümkündür. 10x5.8 metr ölmülərə malik olan əsas kilsə binasının iki giriş qapısı vardır: qapılar cənub və qərb tərəfdə yerləşirlər.
Monastırın başkilsəsi olan Müqəddəs Yelisey kilsəsi planlaşdırma həlli, zalla eyni enə malik olan altar apsidası, dəstək tağlarının olmaması və iki giriş qapısı ilə erkən orta əsrlərə aid Qafqaz Albaniyası bazilikalarını, xüsusilə Gavurqala və Mingəçevir kilsələrini xatırladır. G. Məmmədovanın fikrincə, memarlıq xüsusiyyətləri nəzərə alındıqda, Müqəddəs Yelisey kilsəsinin erkən orta əsrlərə aid daha qədim kilsənin təməlləri üzərində inşa edildiyi və onun memarlıq xüsusiyyətlərini təkrarladığına şübhə qalmır.
Gavit kilsənin memarlığına uyğun inşa edilmişdir. Planda kvadrat formaya malik zaldan ibarət olan tikilinin tağtavanı iki pilon vasitəsiylə saxlanılır. Gavitin timpanında yerləşdirilmiş kitabədən məlum olur ki, tikili 1284-cü ildə inşa edilmişdir. Kilsənin içində və ətrafında onlarla qədim məzar vardır.
Sovməələr
Kilsənin hər iki tərəfində ondan eyni məsafə aralığında sovməələr yerləşir: cənub tərəfdə onların sayı üç, şimal tərəfdə isə dörd ədəddir. Sovmələrin hamısının inşasında yerli yonulmuş daşlardan istifadə edilmişdir. Sovmələrdə bir neçə dəfə bərpa işlərinin həyata keçirilməsi açıq müşahidə edilir. Əslində onlar sərdabə və ya türbə kimi istifadə edilmişlər. Sərdabələrdən birində Qafqaz Albaniyasının hökmdarı III Mömin Vaçaqanın, ikincisində Craberd knyazı Atamın, digərində isə yepiskop Məliksətin məzarları vardır.
Sovməələrdən ən böyüyü kilsənin cənub tərəfində yerləşir. Düzbucaqlı formaya malik olan tikilinin daxili həcmi pilyastrlar vasitəsiylə iki hissəyə ayrılmışdır. Planda kvadrat formasına malik olan (3.65x3.70 m) birinci hissə yarımdairəvi tağtavanla örtülmüşdür. İkinci hissə yer səviyyəsindən 40 sm yuxarı qaldırılmış və bərabər ölçüyə malik tağtavan örtülü və yarımdairəvi formalı iki apsidaya malikdir. Apsidaların hər biri şərq divarında yerləşən bir ədəd kiçik pəncərə ilə işıqlandırılır. Cənub və şimal divarlarında isə iki nişə malikdirlər.
Şimal tərəfdə, kilsədən ən uzaqda yerləşən sovməə də anoloji memarlıq həllinə malikdir. Ölçülərinə görə birinci sovməədən kiçik olan (2x72x4.60 m) bu tikilinin apsidalarında nişlər də yoxdur. Ümumilikdə sovmələrin hamısının inşasında kobud yonulmuş daşlardan inşa edilmişdir. Onlar iki hissəli binəyə malikdir.
Kompleksin iki apsidalı sovməələri nə Qafqaz Albaniyasının memarlığında, nə də qonşu ölkələrin memarlığında anologiyaya malik deyil. G. Məmmədova hesab edir ki, bunu sövməələrin iki məzar üzərində inşa edilməsini və dəfn edilənlərin hər biri üçün bir altarın nəzərdə tutulmasını ehtimal edir.
Monastır kompleksinin ətrafında da çoxlu sayda tarixi abidələr, o cümlədən müxtəlif dövrlərə aid xaçdaşlar, XIII və sonrakı əsrlərə aid məzarlar vardır.