Xəbər lenti

Azərbaycandakı İran şirkəti ilə bağlı ŞOK İDDİA
Ekonomiks 14:19 15.07.2014

Azərbaycandakı İran şirkəti ilə bağlı ŞOK İDDİA

"Azərbaycanda fəaliyyət göstərən və iranlı iş adamlarına məxsus "Azərpak" MMC vətəndaşları aldadır. Müxtəlif yollarla onları istismar etməyə çalışır". 

Bu barədə Qaynar.info-ya vətəndaş Ruslan Qurbanlı bildirib. 

Vətəndaş iddia edir ki, şirkət qanunsuz olaraq onu məhkəməyə verib və məhkəmə də ona 5 min manat cərimə kəsib: "2011-ci ildə "Azərpak" MMC adlı şirkətdə işə girdim. Burada işlədiyim müddətdə 5 min manatlıq mal götürdüm. Bunu əlyazma sənədlə mənə verdilər. Mən də malı götürəndə sənədə qol çəkib aldım. Bu sənəd də izahata bənzər bir şeydir, özləri belə müəyyənləşdiriblər. İşdən çıxanda da təhvil-təslim aktıyla malın pulunu ödəyib verdim. Həmin şirkəti iranlılar işlədir. Mən işdən çıxanda bir aylıq əməhaqqımı, yol pulunu və bütün "rasxod"ları kəsdilər. Mən buna etiraz elədim və şikayət edəcəyimi dedim. 

Onlar da həmin saxta sənədi dəyişib məni məhkəməyə verdilər ki, bəs malın pulunu qaytarmamısan. Ailə vəziyyətimlə bağlı məhkəmədə iştirak edə bilmədim. Mənim iştirak etmədiyim halda məhkəmə qərar çıxarıb məni 5 min manat cərimə elədi. Bundan sonra firmaya gedib əlimdəki sənədləri göstərib dedim ki, pulu qaytarmışam axı. Onlar da "bizim genaral qohumumuz var, sən düz olan belə, bizə bata bilməzsən" deyib məni təhdid elədilər. Mən də bundan sonra Apelyasiya Məhkəməsinə müraciət etməyi düşünürəm. Hesab edirəm ki, məhkəmə bu haqsızlığa son qoyacaq. Çünki bu şirkətdə belə haqsızlıqla təkcə mən üzləşməmişəm". 

Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, rəsmi olaraq şirkətin direktoru Murtuza Müqəddəm adlı şəxs olsa da, o, bir neçə ay öncə işdən qovulub. Onu digər bir iranlı əvəz edib. Ancaq formal olaraq Murtuza Müqəddəmin adı şirkətin rəhbəri kimi qeyd olunsa da, onun yerinə təyin olunmuş şəxsin adı heç yerdə çəkilmir. 

"Azərpak" MMC-nin isə əsasən də toz halında yuyucu vasitələrin istehsalı ilə məşğul olduğu, həmçinin fəaliyyətdə olduğu sektorların da ticarət mərkəzləri və dükanlar, yuyucu vasitələr və məişət malları olduğu bəlli oldu. Lakin şirkət haqqında internetdə və sosial şəbəkələrdə heç bir əlavə məlumat yoxdur. Həmçinin şirkətin loqosuna və rəsmi səhifəsinə də rast gəlinmir. 

Mövzu ilə bağlı şirkət rəsmilərinin də mövqeyini dərc etməyə hazırıq. 

Qaynar.info 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->