Xəbər lenti

Azərbaycanı təmsil edən 2 avarçəkən finala çıxdı
İdman17:18 17.08.2016

Azərbaycanı təmsil edən 2 avarçəkən finala çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Rio Olimpiadasında daha 2 avarçəkənimiz start xəttinə çıxıb. 

Qaynarinfo.Az saytının məlumatına görə, yığmamızın liderləri olan Aleksandr Demyanenko və İnna Osipenko-Radomskaya finala yüksəliblər.

Belə ki, öncə Demyanenko 1 nəfərlik kanoe qayığı (C-1) ilə 200 metr məsafədə təsnifat mərhələsində yarışıb. IV seçmə qrupda mübarizə aparan Demyanenkonun rəqibləri bolqarıstanlı Angel Kodinov, italiyalı Karlo Taççini, litvalı Henrikas Justautas, iranlı Adel Mojallalimoğadam və avstraliyalı Ferents Şekşardi olub. Təmsilçimiz 200 m məsafəni 39,749 saniyəyə qət etməklə, nəinki yürüşün, bütün mərhələnin ən yaxşısı kimi yarımfinala yüksəlib.

Demyanenko yarımfinal mərhələsində 3-cü seçmə qrupda mübarizə aparıb. 5-ci zolaqda çıxış edən dünya və Avropa çempionumuzun rəqibləri Ştefan Kiray (Almaniya), Zaza Nadiradze (Gürcüstan), Elder Silva (Portuqaliya), Conatan Haydu (Macarıstan), Yuri Çeban (Ukrayna), Mark Olderşou (Kanada) olub. Təmsilçimiz 40,298 saniyə ilə yürüşdə yalnız gürcüdən geri qalıb. Ümumi sıralamada isə 5-ci yerlə finalda iştirak hüququ qazanıb.

Həlledici yürüş sabah saat 16:23-də olacaq. Onun rəqibləri Zaza Nadiradze (Gürcüstan), İsak Keyroş Dos Santos (Braziliya), Alfonso Benavides Lopes de Ayala (İspaniya), Li Qianq (Çin), Martin Funksa (Çexiya), Andrey Kraytor (Rusiya) və Tomas Simart (Fransa) olacaq. Kraytor idmansevərlərimiz üçün tanış simadır. Azərbaycan yığmasının sabiq üzvü olan kanoeçi Olimpiadaya son anda buraxılıb.

İlk cəhdində 1 nəfərlik kayak qayığı ilə (K-1) 200 metr məsafəyə yürüşdə bürünc medal qazanmış İnna Osipenko-Radomskaya isə bu dəfə gücünü 500 metr məsafədə sınayıb. IV seçmə qrupda çıxış edən xanım idmançımızın bu mərhələdəki rəqibləri slovakiyalı Martina Kohlova, serbiyalı Dalma Ruziçiç Benedek, polşalı Evelina Voynarovska, avstriyalı İvonne Şurinq, avstraliyalı Naomi Flud və rusiyalı Yelena Anyuşina olub.

Milliləşdirilmiş legionerimiz finiş xəttinə 1 dəqiqə 51,750 saniyəyə çatmaqla, 4-cü yürüşün deyil, təsnifat mərhələsinin birincisi olub. O ən yaxın izləyicisini 0,443 saniyə qabaqlayıb.

İnna yarımfinal mərhələsində 3-cü seçmə qrupda çıxış edib. 5-ci zolaqda çıxış edən təmsilçimizin rəqibləri Spela Ponomarenko Yaniç (Sloveniya), Rayçel Kautorn (Böyük Britaniya), Bricet Ellen Hartli (CAR), Emili Furnel (Kanada), Tereza Portela (Portuqaliya), Fransiska Veber (Almaniya) olub. Finişə 1 dəqiqə 57,627 saniyəyə çatan kayakçımız yalnız Veberdən geri qalıb. Yürüşün 2-cisi kimi finala vəsiqə qazanan Osipenko-Radomskaya mərhələdə 9-cu nəticə göstərib. Lakin daha yaxşı nəticəyə malik idmançıların öz qruplarında aşağı pillələrdə qərarlaşması təmsilçimizi həlledici mərhələyə daşıyıb.

Final mərhələsinin yürüşü isə sabah saat 17:11-də başlanacaq. O, medallar uğrunda Marina Litvinçuk (Belarus), Liza Karrinqton (Yeni Zelandiya), Danuta Kozak (Macarıstan), Emma Yorqensen (Danimarka), Fransiska Veber (Almaniya), Yu Ju (Çin) və Martina Kohlova (Slovakiya) ilə mübarizə aparacaq.

Qaynarinfo.Az