"Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri yeni mərhələyə qədəm qoyur. İnanırıq ki, bu əməkdaşlıqdan hər iki tərəf faydalana biləcək”.
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bu gün Bakıda keçirilən Azərbaycan Avropa İttifaqı Biznes Forumu ilə bağlı fikirlərini bölüşərkən deyib. Onun sözlərinə görə, Azərbaycanın xarici ticarət dövriyyəsinin 45 faizindən çoxu Avropa İttifaqının payına düşür:
"Bu ilin ilk rübündə Azərbaycan ixracatının 48.8 faizi İttifaqa üzv olan İtaliyaya göndərilib. İttifaqın Cənubi Qafqaz ilə ticarət dövriyyəsinin 2/3-ü isə Azərbaycanın payına düşür. Tərəflər arasında münasibətlərin daha da dərinləşməsi İttifaq ilə Azərbaycan arasında son illər müzakirə edilən və tamamlanmaqda olan Tərəfdaşlıq Sazişinin daha qısa müddətdə imzalanmasına səbəb ola bilər”.
Deputat hesab edir ki, 500 milyon istehlakçısı olan və dünyanın alıcılıq qabiliyyətinin yüksək olduğu bazarlarından hesab edilən Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycan üçün qeyri-neft ixracının artırılması və iqtisadiyyatın şaxələnməsi baxımından da vacibdir:
"İxrac istiqamətlərinin şaxələnməsi valyuta daxil olmalarında risklərin minimumlaşdırılması aspektindən də aktualdır. Azərbaycanın Avropanın və eləcə də regionun enerji təhlükəsizliyinin formalaşmasında rolu artmaqdadır. 2020-ci ilin dekabrından sonra Azərbaycan Avropaya 11 milyard kub metrdən çox mavi qaz nəql edib. Ötən il 43.9 milyard kub metr qaz hasilat edən ölkəmizdə istehsalın bu il daha da artacağı gözlənilir”.
Vüqar Bayramov bildirib ki, bu ilin ilk rübündə Azərbaycanda 11,8 milyard kub metr təbii qaz hasil edilib:
"Qazın 3,5 milyard kub metri AÇG-dən, 6,4 milyard kub metri "Şahdəniz”dən, 1,9 milyard kub metri SOCAR üzrə hasil olunub. Həmin dövrdə xaricə qaz satışı 5,9 milyard kub metr təşkil edib. Türkiyəyə 2,2 milyard kub metr, Avropaya 2,6 milyard kub metr, Gürcüstana isə 1,1 milyard kub metr qaz ixrac edilib. Türkiyəyə TANAP-la bu müddətdə 4 milyard kub metrdən çox qaz nəql olunub. Bu o deməkdir ki, bu ilin birinci rübündə Azərbaycan mavi qaz hasilatı 12.0, ixracatı isə 15.3 faiz çoxalıb. Avropaya qaz ixracatı isı 2.4 dəfə artıb”.
Bahar Rüstəmli