Xəbər lenti

Azərbaycanın dünya birliyinə inteqrasiyası: Strateji əməkdaşlıq və davamlı inkişaf xətti
Siyasət 14:11 01.05.2026

Azərbaycanın dünya birliyinə inteqrasiyası: Strateji əməkdaşlıq və davamlı inkişaf xətti

(Yazı "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə hazırlanıb)
 
Azərbaycan Respublikasının xarici siyasəti dünya birliyinə inteqrasiya, regional sabitliyin qorunması və beynəlxalq təşkilatlarla - Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, NATO və digər qurumlarla əməkdaşlığın inkişafına əsaslanır. Bu yanaşma Azərbaycanın suverenliyinin möhkəmlənməsinə, iqtisadi və siyasi maraqlarının qorunmasına, həmçinin regional və qlobal layihələrdə aparıcı rolunun təmin olunmasına xidmət edir. 

Azərbaycanın dünya birliyinə inteqrasiyası və beynəlxalq əməkdaşlıq siyasəti bir neçə əsas istiqamət üzrə inkişaf etdirilir. Regional və qlobal əməkdaşlıq çərçivəsində ölkə Xəzər hövzəsi və qonşu dövlətlərlə əlaqələri gücləndirərək, regional sabitliyin və iqtisadi inkişafın təmin olunmasında mühüm tərəfdaş kimi çıxış edir. 

Beynəlxalq təşkilatlarla münasibətlər müstəvisində isə Azərbaycan qeyd olunan qurumlarla fəal əməkdaşlıq edir, qlobal siyasi və iqtisadi proseslərdə iştirakını genişləndirir. Bu inteqrasiyanın əsas məqsədi regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, eyni zamanda dövlətin iqtisadi və siyasi maraqlarının beynəlxalq miqyasda reallaşdırılmasıdır. Azərbaycanın beynəlxalq münasibətlər sistemində diqqət çəkən mühüm istiqamətlərdən biri də humanitar və mədəni diplomatiyadır. 

Bakı Humanitar Forumu və Dünya Mədəniyyətlərarası Dialoq Forumu kimi təşəbbüslər ölkənin multikultural dəyərlərə verdiyi önəmi nümayiş etdirir. 

Milli Məclisin deputatı Aydın Mirzəzadə Qaynarinfo-ya açıqlamasında bildirib ki, Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanın beynəlxalq birliyə inteqrasiyası istiqamətində mühüm addımlar atılıb, region ölkələri və digər dövlətlərlə ikitərəfli münasibətlər əhəmiyyətli dərəcədə inkişaf etdirilib:
 


"Bunun üçün ölkə daxilində demokratik, beynəlxalq hüquq normalarına əsaslanan Konstitusiyanın qəbul edilməsi, hüquq sisteminin formalaşdırılması, azad sahibkarlığın inkişaf etdirilməsi və digər dövlətlərlə əməkdaşlıqda qarşılıqlı maraqların müəyyən olunması əsas prioritetlər kimi götürüldü. Bu siyasət zamanla öz  müsbət nəticələrini verdi".

Deputat qeyd edib ki, bu gün Azərbaycan beynəlxalq nüfuza malik dövlətlərdən biri kimi tanınır:

"Ölkəmiz artıq beynəlxalq tədbirlərin keçirildiyi mühüm məkana çevrilib. Biz bu gün beynəlxalq təşkilatlarda söz sahibi olan ölkələrdən biriyik. Prezidentin həyata keçirdiyi siyasət nəticəsində ərazi bütövlüyümüzün təmin olunması, maliyyə sabitliyinin möhkəmlənməsi və qarşıda duran vəzifələrin ardıcıl şəkildə icrası bunu bir daha sübut edir".

Aydın Mirzəzadə əlavə edib ki, son dövrlərdə Azərbaycana xarici dövlət və beynəlxalq təşkilat rəsmilərinin səfərlərinin intensivləşməsi ölkəmizlə əməkdaşlığa artan marağın göstəricisidir:

"Bu prioritetlər Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır və gələcəkdə də ölkəmizin dünya birliyinə inteqrasiyası, region ölkələri və beynəlxalq təşkilatlarla əməkdaşlığının genişləndirilməsi istiqamətində ardıcıl fəaliyyət davam etdiriləcək".

Bahar Rüstəmli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

--> -->