Ekonomiks 10:58 28.07.2022

Azərbaycanın ən böyük pambıqçılıq şirkəti məhkəməyə verildi (SƏBƏB)

Azərbaycanın ən böyük pambıqçılıq şirkəti hesab olunan "MKT İstehsalat Kommersiya" MMC barəsində məhkəmə iddiası qaldırılıb. 

Qaynarinfo-nun məlumatına görə, şirkət qanunvericiliyin tələblərini pozmaqda təqsirli bilinir.

Belə ki, MMC müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədib. 

Buna görə də barəsində İnzibati Xətalar Məcəlləsinin 544.1 maddəsi ilə protokol tərtib olunaraq İmişli rayon məhkəməsinə göndərilib. 

İşə hakim Ülvi Qəmbərovun sədrliyi ilə baxılacaq. İddia təsdiqini taparsa, şirkət rəhbərliyi üç min manatdan dörd min manatadək məbləğdə  cərimə olunacaq.

Qeyd edək ki, "MKT İstehsalat Kommersiya" MMC-nin İdarə Heyətinin sədri Rövşən Həsənovdur. MMC-nin respublikamızın 13 rayonunda 11 pambığın ilkin emalı zavodu, 15 pambıq qəbulu məntəqəsi, 6 innovasiya təsərrüfatı filialı, 1 tekstil fabriki və 1 yağ emalı zavodu fəaliyyət göstərir.

Əhməd


Rövşən Həsənov